“Siyasi sabitlik iqtisadi inkişafın əsas təməli sayılır" ÖZƏL-ŞƏRH

“Siyasi sabitlik iqtisadi inkişafın əsas təməli sayılır" ÖZƏL-ŞƏRH

“Ötən il ölkəmiz üçün mühüm uğurlar ilə müşayət olundu. İstər iqtisadi, istərsə də siyasi sferada atılan addımlar, aparılan siyasət Azərbaycanın dünyadakı nüfuzunu, beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirdi. Təbii ki, bu nailiyyətlərin əldə olunmasında ən əsas faktor düzgün istiqamətləndirilmiş dövlət siyasətidir. Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasət kursu Azərbaycanın daxili sabitliyini təmin etdiyi kimi, beynəlxalq müstəvidə də əhəmiyyətli nailiyyətlərə yol açıb”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bu gün ölkəmizdə siyasi və iqtisadi sabitlik hökm sürür: “Siyasi sabitlik iqtisadi inkişafın əsas təməli sayılır və bu mənada ölkəmizin inkişafı göz önündədir. Ölkəmizdə təmin olunmuş siyasi sabitliyin kökündə isə xalq-iqtidar birliyi, xalqımızın ölkə başçısına olan inamı, rəğbəti və sevgisi dayanır. Azərbaycan dövləti öz xalqının milli maraqlarını qoruyur və sosial dövlət olaraq vətəndaşların rifahının yüksəldilməsini əsas prioritet sayır”.

Onun sözlərinə görə, 2018-ci ilin aprelində keçirilən prezident seçkilərində xalqın böyük səs çoxluğu ilə cənab İlham Əliyevi yenidən prezident seçməsi ölkəmizdə aparılan dövlət siyasətinə, Prezident İlham Əliyevin fəaliyyətinə verilən dəyərli qiymətdir. Ötən 15 il ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatıdıran A.Badamov deyib ki, ölkəmiz bu gün nəinki yerləşdyi regionun, eləcə də böyük bir coğrafiyanın aparıcı dövlətidir.

Millət vəkili qeyd edib ki, Azərbaycan regionun lider ölkəsi olaraq özünü təsdiqləyib: “Bu gün ölkəmiz qitələri birləşdirən beynəlxalq əhəmiyyətli tranzit və enerji layihələrinin təşəbbüskarı və icraçısı qismində çıxış edir. Ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri Asiyanı Avropaya birləşdirən ən qısa və rentabelli marşurutlardır. Ölkəmizin iştirakı ilə reallaşan ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi regionun sabitliyini möhkəmləndirməklə gələcək inkişafın perspektivlərini genişləndirib. Uzun illər razılaşdırıla bilinməyən Xəzərin hüquqi statusu haqqında Konvensiyasının 2018-ci ildə imzalanması Xəzərin istifadəsi ilə bağlı uzun illər mübahisə doğuran məsələlərin öz həllini tapması demək idi. Ümumiyyətlə, regionda həyata keçirilən hər bir layihənin təşkilatçısı Azərbaycandır və məhz ölkə başçısının rəhbərliyi altında aparılan düşünülmüş xarici siyasətin göstəricisidir ki, bütün layihələr Azərbaycanın maraqları çərçivəsində uğurla reallaşır. Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycanın mövqeləri günü-gündən möhkəmlənir və regionda əməkdaşlığın və sabitliyin möhkəmlənməsində ölkəmizin rolu əvəzolunmazdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə