DSMF-də 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

DSMF-də 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən xəbərə görə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Səlim Müslümov çıxış edərək vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi, müstəqillik uğrunda aparılan mübarizənin zirvəsi idi: "21 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mücadiləsini qıra bilməyib".

Həmin dövrdə baş verən tarixi prosesləri xatırladan S.Müslümov bildirib ki, Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin bu əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu: "Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi".

DSMF sədri deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, eyni zamanda faciənin günahkarlarının adları açıq şəkildə göstərilib.

Daha sonra anım mərasimində 20 yanvar hadisələrində əlil olmuş vətəndaşlar öz xatirələrini bölüşüblər.

Tədbirdə xalq artisti Laləzar Mustafayevanın ifasında bədii kompozisiya səsləndirilib.

Sonda bir qrup şəhid ailəsinə və əlillərə yardımlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə