Gültəkin Hacıbəyli ilə Əli Kərimlinin sözləri çəp gəldi MÜXALİFƏT

Gültəkin Hacıbəyli ilə Əli Kərimlinin sözləri çəp gəldi MÜXALİFƏT

Onun “Milli Şura”nı tək edəcəyi ilə bağlı xəbərlər var

Əsasən, sosial şəbəkələr sayəsində gündəmdə qalmağa çalışan “Milli Şura” üzvləri arasında fikir ayrılıqları davam etməkdədir. Bu dəfə adıçəkilən qurumun koordinasiya şurasının rəhbəri Gültəkin Hacıbəyli ilə həmin qurumun sükanına sahib olan AXCP sədri Əli Kərimlinin sözləri çəp gəlib. Məsələ isə, bloqer Mehman Hüseynovla bağlıdır. Daha dəqiq desək, G.Hacıbəyli Qənimət Zahidin “Azərbaycan saatı” adlı verlişinə qatılaraq deyib ki, “ölkədə hərəkətlilik” məhz Mehman Hüseynova görə yaranıb və s. Yəni, “Milli Şura”nın funksioneri demək istəyib ki, müxalifətin “fəallaşması” məsələsi bloqerin adı ilə əlaqəlidir. Ancaq Ə.Kərimli sosial şəbəkədə və ətrafı ilə söhbətlərində bunun Mehmanla heç bir əlaqəsinin olmadığını deməyə başlayıb.

Bu, əslində “Milli Şura” üçün ilk hal deyil

Halbuki, M.Hüseynovun sifarişli və saxta “aclıq aksiyası” fonunda keçirdiyi mitinqinin əsas mahiyyətinin Mehmanla bağlı olduğunu deyən AXCP sədri indi həmin fikirlərini tamamilə dəyişib və iddia edir ki, 19 yanvar mitinqinə gedən insanlar heç də M.Hüseynova görə deyil, Ə.Kərimliyə görə bu aksiyaya qatılıb. Halbuki, həmin mitinqdə digər müxalif partiyaların da təmsilçiləri tribunada yer alaraq çıxışlar ediblər. Bu isə ilk növbədə sübut edir ki, Ə.Kərimli həm də fürsətçildir. Ona sərf edən nədirsə, həmin məsələni yalnız öz xeyrinə həll etməyə, özünüreklama doğru yönəldir. Ona görə də G.Hacıbəyli ilə özünün iddiaları üst-üstə düşmür, üstəlik ciddi fikir haçalığı yaranır ki, bu da əslində “Milli Şura” üçün ilk hal deyil. Hazırkı zamana qədər bu qurumda dəfələrlə ziddiyyətlər yaşanıb, hətta nəticədə oradan ayrılanlar da olub. Rəsul Quliyev, Sülhəddin Əkbər, Mirmahmud Mirəlioğlu, İsa Qəmbər və s. müxalifətin tanınmış şəxsləri partiyalarıqarışıq oranı dabanlarına tüpürərək tərk ediblər. Gedənlər isə elə-belə deyil, məhz Ə.Kərimli ilə daban-dabana zidd olduqlarına görə qurumdan çıxıblar.

İndi isə həmin məsələ G.Hacıbəylinin başına gəlməkdədir. Bu gün həmin xəyanətkar xanımın sığınmağa ayrı yeri olmasa da, Ə.Kərimliyə görə “Milli Şura”dan getməsi məsələsi reallaşa bilər. Düzdür, bəlkə də hər hansı müxalifət partiyası, məsələn Müsavat ona öz qucağını aça bilər, amma təbii ki, müəyyən şərtlərlə.

Milli Şura”nın sayılacaq saatları qalır...

G.Hacıbəylinin ölkəni birdəfəlik tərk edərək, siyasətdən tamamilə uzaqlaşması ehtimalı da böyükdür. O cümlədən, siyasətdə qalaraq Avropa ölkələrinin birində “siyasi mühacir” statusu alıb oradan dövlət maraqlarına qarşı çıxması mümkünlüyünü də istisna etmək olmaz. Lakin fakt budur ki, etibarlı, kifayət qədər inanılmış mənbələr Hacıbəylinin “Milli Şura”nın sıralarını qısa zamanda tərk edəcəyini israrla iddia edirlər.

Ancaq kimin “Milli Şura”nın sıralarını tərk edəcəyindən asılı olmayaraq, bu qurumun hələ illər öncə yararsız, ölü təşkilat olması faktdır. Heç bir siyasi üstünlük və uğur qazana bilməyən “Milli Şura”nın sayılacaq saatları qalır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə