"Fərman vətəndaşların maddi rifah halını daha da yüksəltmək məqsədi daşıyır" RƏY - ÖZƏL

"Fərman vətəndaşların maddi rifah halını daha da yüksəltmək məqsədi daşıyır" RƏY - ÖZƏL

“Ölkə başçısı İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk gündən “iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikri 15 il ərzində imzalanan fərman və sərəncamlarda, həyata keçirilən proqram və layihələrdə öz təsdiqini tapıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Bu gün müstəqil Azərbaycanın özünün intibah dövrünü yaşadığını deyən deputat söyləyib ki, ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası isə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır: “Prezident İlham Əliyevin 2019-cu ilin yanvar, fevral aylarında imzaladığı fərman və sərəncamlara nəzər salsaq, Azərbaycanda sosial siyasətin mərkəzində insan amilinin dayandığının bir daha təsdiqinin şahidi olarıq. Əslində 2019-cu ilin uğurlu iqtisadi tərəqqisi, bütün sahələrin uğurlu inkişafına geniş yol açan davamlılıq son 15 ildə aparılan məqsədyönlü siyasətin məntiqi davamı kimi dəyərləndirilməlidir”.

P.Kərimzadə qeyd edib ki, qısa zaman ərzində Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, ardınca bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, problemli kreditlərin həlli ilə bağlı verilən qərarlar vətəndaşlara ünvanlanan növbəti böyük sevindirici addım oldu: “Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə ilə ölkə başçısının imzaladığı məlum Fərman vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıdı”.

Fevralın 25-də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirəni xatırladan deputat vurğulayıb ki, dövlət başçısının “İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır” fikri bu gün tam təsdiqini tapır: “Azərbaycanın iqtisadi inkişafından əldə olunan gəlirlərin ilk növbədə vətəndaşların sosial müdafiəsinə yönəldilməsi, xüsusilə də 2019-cu ilin ilk ayında sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından imzalanan mühüm sənədlər buna bariz nümunədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə