Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına üzv qəbul olunmasının 10 ili tamam olur

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına üzv qəbul olunmasının 10 ili tamam olur
Milli Məclisdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yığıncağı olub. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, bu il Azərbaycanın AŞPA-da təmsil olunmasının 10 ili tamam olur.

Onun sözlərinə görə, həmin nüfuzlu qurumda əsası ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində böyük nüfuz qazanan parlament təmsilçiliyimiz ötən 10 ildə ölkəmizin maraqlarını layiqincə qoruyub.

Sonra iclasda 4-cü çağırış Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin qarşısında duran vəzifələrdən danışılıb. Ölkəmizi bu beynəlxalq qurumda təmsil edəcək deputatlara AŞPA-nın strukturu, fəaliyyəti, qarşıdakı yanvar sessiyasının gündəliyi barədə ətraflı məlumat verilib.

Yığıncaqda iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AŞPA-dakı nümayəndə heyətimizin yeni tərkibinə qurumdakı fəaliyyətlərində, Azərbaycanın maraqlarına xidmət edən şərəfli və məsul missiyanın həyata keçirilməsində uğurlar arzulayıb. AŞPA-nın iş rejimi ilə bağlı fikirlərini açıqlayıb. Sonra nümayəndə heyətinin üzvləri fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə