Azərbaycan mədəniyyəti və incəsənəti yeni inkişaf mərhələsini yaşayır

Azərbaycan mədəniyyəti və incəsənəti yeni inkişaf mərhələsini yaşayır

Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan teatr ənənələrinin qorunub-saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 1,8 milyon manat ayrılıb

Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, milli sənətin inkişafı və s. diqqətdə saxlanılır. Müasir həyatımızda mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən növləri ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşləri bu diqqətin daha bir nümunəsidir. Görüşdə mədəniyyət sahəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və görüləcək işlər haqqında danışılıb.
Ulu Öndər Heydər Əliyev ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə teatr binaları təmir və bərpa etdirilib, onların dünya teatr səhnəsinə uyğun olaraq, fəaliyyət göstərmələrinə hər cür şərait yaradılıb. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Akademik Milli Dram Teatrı binaları və s. yüksək səviyyədə təmir-bərpa edilib. Prezidentin Sərəncamı əsasında teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir və həyat şəraitləri yüksəldilir. Dövlət tərəfindən bu sahənin mütəxəssislərinin maddi-sosial rifahlarının yaxşılaşdırılması istiqamətində görülən hər bir iş daxildə olan potensialın üzə çıxmasına təkan verən amillərdir. Yaradıcı simalar, mədəniyyət və incəsənimizin görkəmli nümayəndələrinə fəxri ad və mükafatlar verilib və onlar mənzillərlə təmini olunublar. Azərbaycan milli mədəniyyəti müasir həyatımızda bu diqqət və qayğının nəticəsi olaraq, özünün yeni bir dövrünü yaşayır.
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 4 mart tarixində Sərəncamı imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan teatrının fəaliyyəti, həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə, Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Sərəncama əsasən, Azərbaycan teatr ənənələrinin qorunub-saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılıb.
Bu Sərəncam ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamış Azərbaycan teatr sənətinə dövlətimiz tərəfindən daha bir diqqətdir. Təbii ki, cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın rolu müstəsnadır. Azərbaycan peşəkar teatrı zaman-zaman inkişaf etmiş, bu gün də yeni dövrünü yaşayır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə