Müharibə qapısının açılması Ermənistanın qapısını birdəfəlik bağlayacaq TƏHLİL

Müharibə qapısının açılması Ermənistanın qapısını birdəfəlik bağlayacaq TƏHLİL

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana və Ermənistana səfərlərinin, münaqişənin həllinə yönələn fəaliyyətlərinin fonunda Ermənistan tərəfinin səsləndirdiyi uyğunsuz bəyanatlar diqqəti cəlb etməyə bilməz. Ermənistanın baş nazirinin bəyanatları heç də münaqişənin həlli üçün hesablanmadığı göz qabağındadır. Görnür işğalçı tərəf yenə də pozucu movqe tutmaq fikrindədir.

İrana səfəri zamanı baş nazir Nikol Paşinyan bildirib ki, Azərbaycan Prezidenti ilə görüş üçün gündəlik mövcud deyil. Bununla da işğalçı dövlətin baş naziri yenə də məsələnin həllini uzatmağa ümid edir. Əslində ermənilərin bu münaqişə ilə bağlı niyyətləri çoxdan bəlli idi və indi baş nazirin mövqeyi də bu niyyətin təzahürü kimi diqqəti cəlb edir.

Dağlıq Qarabağ danışıqlarının dəyərli tərəfi statusu iddiasına düşmək heç də iddialılıq deyil, səriştəsizlik, bacarıqsızlıq və idarə etmədə naşılıqdır

Nikol Paşinyanın yenə də əvvəlki iddiasını irəli sürəcəyi ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana və Ermənistana son səfərlərinin ardınca heç bir şəkildə gözlənilən deyildi. Bu beynəlxalq təşkilat tərəflərin münaqişə ilə bağlı razılığa gəlməsi üçün hər iki ölkəyə səfərlər etdiyi halda, işğalçı dövlətin baş nazirinin öz əvvəlki iddiasına, yəni Dağlıq Qarabağ danışıqlarının dəyərli tərəfi statusu iddiasına düşməsi heç də iddialılıq deyil, səriştəsizlik, bacarıqsızlıq və idarə etmədə naşılıqdır.
İşğalçı dövlətin baş naziri qeyd edir ki, Dağlıq Qarabağ danışıqlarının dəyərli tərəfi statusunu alacağı təqdirdə danışıqlardan söhbət gedə bilər. Hətta fikrini əsaslandırmağa çalışaraq onu da deyir ki, “Mən "Qarabağ xalqını” təmsil etmirəm”. Maraqlıdır, əvvəla Paşinyan "Qarabağ xalqı” dedikdə kimləri nəzərdə tutur və ümumiyyətlə, belə bir xalq varmı? Digər tərəfdən, əgər baş nazir dediyi kimi, "Qarabağ xalqını” təmsil etmirsə, onda niyə atılıb düşürdü ortaya? Bu qədər danışıqlara, müxtəlif formatlarda görüşlərə, rəsmi və qeyri-rəsmi danışıqlara niyə gedirdi? Bu görüşlərin onun üçün heç bir mahiyyəti yox idisə, deməli, həmin görüşlərdə iştirak etməsi formal xarakter daşıyıb və baş nazir bilə-bilə bu görüşlərə yalandan qatılıb. Yox əgər formal xarakter daşımayıbsa və görüşlər Paşinyan üçün hansısa mahiyyət daşıyıbsa onda bu son mövqeyi yenə də uyğunsuz hesab olunur. Məsələ burasındadır ki, üçüncü hal yoxdur və hər iki hal baş nazirin qeyd etdiyimiz kimi, səriştəsizliyini, siyasi savadsızlığını, naşılığı və idarəetmə təcrübəsinin, diplomatik keyfiyyətlərinin olmamasını təsdiq edir.

Ermənistan hökuməti, erməni lobbisi, ümumilikdə erməni cəmiyyəti Dağlıq Qarabağ torpaqlarını saxlamaq gücündə deyil

Diqqət çəkən məqamlardan biri də odur ki, Paşinyanın İrana səfərinə paralel olaraq Ermənistanın milli təhlükəsizlik xidmətinin direktoru Artuq Vanesyan Azərbaycanın işğal edilmiş ərazilərinə səfərini reallaşdırıb. A. Vanesyan öz səfəri çərçivəsində bəyan edib ki, "ərazilərin bir qarışının belə qaytarılmasından söhbət belə gedə bilməz”. Baş nazirin İrana səfəri zamanı bəyan etdiyi fikirlərlə paralel olaraq milli təhlükəsizlik xidmətinin direktorunun fikirləri heç də təsadüf hesab oluna bilməz. Sözsüz ki, bu fikirlər, bu bəyanatlar Ermənistan tərəfinin fikirləri, daha doğrusu mövqeyidir.
Təbii ki, ermənilər torpaqların qaytarılmamasına şalışırlar və “Boyük Ermənistan” xülyası bu xalqın başını elə dumanlandırıb ki, başqalarına məxsus olanı ələ keşirmək niyyəti bunlar üçün ən adi hal hesab olunur. Yəni, ermənilərin düşüncəsində işğal, qarət, zəbt kimi anlayış yoxdur və hansı yolla ələ keçirilməsindən asılı olmayaraq müvəqqəti də olsa əllərində nə varsa özününküləşdirməyə, geri qaytarmamağa çalışırlar. Amma artıq baş nazirdən tutmuş hər bir sıravi erməniyə qədər dərk etmək məcburiyyətindədir ki, Ermənistan hökuməti, erməni lobbisi, ümumilikdə erməni cəmiyyəti Dağlıq Qarabağ torpaqlarını saxlamaq gücündə deyil və buna heç cür imkanı yoxdur.

Müharibə qapısının açılması, sonda Ermənistanın məğlubiyyəti, hətta məhvi deməkdir

Heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalı, torpaqlarımız geri qaytarılmalı, erməni işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər onlara məxsus olan ərazilərə geri dönməlidirlər. Bu da Azərbaycanın münaqişə başlayan andan dəyişməyən mövqeyi və haqlı tələbidir. Hansı yolla olur-olsun, istər hərb yolu, istərsə də sülh yolu ilə Azərbaycan öz torpaqlarını geri qaytaracaq və ermənilər özləri də çox yaxşı başa düşürlər ki, ölkəmizin buna qüdrəti çatır. Azərbaycan öz torpaqlarını güclə də olsa, müharibə yolu ilə də olsa geri qaytarmaq əzmindədir. Bunu təkcə erməni cəmiyyəti deyil, bütün dünya ictimaiyyəti də yaxşı bilir və hətta etiraf da edir ki, ölkəmizin hərbi potensialı yetərincədir. Eyni zamanda etiraf olunur ki, Ermənistanın olmayan hərbi potensialı ölkəmizin qüdrəti ilə müqaisə olunmayacaq səviyyədədir, heç müqaisə belə olunmur da.
Belə olan halda, Paşinyanın İrana səfəri çərçivəsində iddia ilə çıxış etməsi, Dağlıq Qarabağa səfər edən Artuq Vanesyanın ərazilərin bir qarışının belə qaytarılmayacağı barədə sərsəm fikirləri faktiki olaraq münaqişə ətrafında yaranmış müsbət atmosferin dağılması anlamına gəlir. Bütün bunlar isə nəticə etibarı ilə müharibə qapısının açılması, sonda Ermənistanın məğlubiyyəti, hətta məhvi deməkdir. Bunu erməni siyasi şərhçilər də etiraf edirlər və bunlardan biri, Aram Amatuni yazır ki, İrəvan danışıqlar yolunu bağlayır və bununla da müharibə qapısını açır.

Ermənistan tərəfinin son bəyanatları sülhə nail olmağa xidmət etmir

Ermənistan tərəfi dərk etməli və unutmamalıdır ki, belə sərsəm bir mövqe bir zaman “aprel döyüşləri” kimi bir nəticəni ortaya qoydu. Ermənilər bundan yetərli bir dərs almalı idilər. Unutmamalı idilər ki, 25 il "Madrid prinsipləri” üzrə danışıqlara gedildiyi halda niyə "aprel döyüşləri” baş verdi. Bu döyüşlər ermənilərə həqiqətləri dərk etmək üçün kifayət idi və işğalçılar bilməli idilər ki, bu döyüşlər bir də təkrarlana, Ermənistanın varlığı, movcudluğu belə sual altında qala bilər. Yəni danışıqlar yolunu bağlayan işğalçı tərəf müharibə qapısını açdığının fərqində olmalıdır və nəticə ilə də barışmaq məcburiyyətindədir. Çünki, birmənalı şəkildə qəbul etmək lazımdır ki, Ermənistan tərəfinin son bəyanatları sülhə nail olmağa xidmət etmir.
Təsadüfi deyil ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın XİN rəhbəri Miroslav Layçak ilə gorüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, “Paris görüşündən sonra həmsədrlər pozitiv bəyanatla çıxış edirlər və xalqların sülhə hazırlanmalı olduqlarını bildirirlər. Amma erməni tərəfi buna inanmağı imkan vermir. Ona görə də ATƏT sədrindən xahiş edrəm ki, İrəvanda olarkən erməni tərəfindən soruşsun ki, biz xalqkarı sülhə, yoxsa başqa istiqamətdə hazırlamalıyıq?”.
Sözsüz ki, Ermənistan sülh, danışıqlar yolunu seçmədiyi halda müharibə ilə üz-üzə qalmalı, məğlubiyyətlə barışmalı olacaq. Daha doğrusu, sülhdən imtina müharibə deməkdir ki, bu da Ermənistana yükünü qaldıra bilməyəcək qədər ağır başa gələcək. İşğalçı dövləti tamamilə məhvə sürükləyəcək. Bir sözlə, müharibə qapısının açılması Ermənistanın qapısını birdəfəlik bağlayacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə