Cəmil Həsənlidən Qənimət Zahidə tərs şapalaq! ANALİTİK

Cəmil Həsənlidən Qənimət Zahidə tərs şapalaq! ANALİTİK

Yaxud, mitinq müraciətini kimlər edir?

Artıq bir neçə müddətdir ki, radikal müxalifət düşərgəsi, xüsusilə AXCP sədri Əli Kərimlinin dirijor çubuğu ilə idarə olunan “Milli Şura” mitinq keçirmək üçün Bakı meriyasına müraciət etsə də, vətəndaşlar tərəfindən daxil olunan çoxsaylı haqlı şikayətlərə görə, həmin mitinqlərin keçirilməsinə icazə verilməyib.

Lakin sözügedən məsələni qəsdən və müxtəlif bəhanələr vasitəsi ilə şişirdərək, icazənin verilməməsini özlərinə uyğun şəkildə tirajlayan radikallar bu addımları ilə xarici ölkələrdəki ağaları qarşısında məğlub olmadıqlarını göstərməyə çalışırlar. Daha dəqiq desək, son iki ayda ölkə rəhbərinin, hakimiyyətin apardığı inqilabi islahatlar - şəhid ailələrinə birdəfəlik kompensasiyaların verilməsindən başlayaraq, əhalinin problemli bank kreditlərinə son qoyulmasınadək atılan addımlar dağıdıcıları əməlli-başlı şəkildə təlaşa salıb və sözün əsl mənasında onların anti-dövlətçilik mövqelərini köklü şəkildə çatladıb. Hətta Əli Kərimli bu islahatları “mitinqin nəticəsi” kimi zorla ictimai rəyə sırımağa çalışsa da, xalq onun populust iddialarına nəinki inanmadı, eyni zamanda rədd etdi.

Hətta ən kiçik narazılıqları aradan qaldırdıqca, radikal müxalifətin və “siyasi mühacirlərin” “kitabları bağlanır”

Maraqlı məqam isə budur ki, məhz mitinqlərin keçirilməməsi narahatlığı artıq xarici ölkələrdə “siyasi mühacir” adı altında var-gəl edənləri, sosial şəbəkələrdə “şirpələnglik” edənləri də sarsıdıb. Çünki hakimiyyət bilavasitə xalqın maraqlarından çıxış edərək, nəinki illərdən bəri yığılmış bir sıra problemləri, eləcə də ən kiçik narazılıqları aradan qaldırdıqca, radikal müxalifətin və “siyasi mühacirlərin” necə deyərlər, “kitabları bağlanır”, özü də birdəfəlik. Belə olan halda, qrant qazanının da qapağının da üstünə ağır bir daş qoyulur.

Məhz bu reallığı dərk edənlər – Qərb ölkələrində Azərbaycan dövlətinin maraqlarını satmaqla məşğul olan “siyasi mühacirlər” kürklərinə bit-birə düşmüşlər kimi qaşınırlar, qorxurlar, təlaşlanırlar və ona görə də mitinq çağırışları edirlər.

Avropada “siyasi mühacirlik” etmək nə, on min adamın adından danışmaq nə...

Belə ki, təkcə Məhəmməd Mirzəlinin, Səid Nurinin, Namiq Feyziyevin sosial şəbəkələr vasitəsi ilə son çağırışlarına diqqət yetirsək ortadakı faktı görərik. Misal üçün, onların fikirlərinə ötəri diqqət yetirsək görərik ki, iddialarına görə, guya mitinq olarsa, on minə yaxın (?) adam toplaşacaqmış, hətta qanunvericiliyə zidd şüarlar səslənməyəcəkmiş, o cümlədən, polisin müdaxiləsi olarsa, günah elə polisdə olacaqmış... (?!) Beləliklə, bu müraciəti yayanların adlarını bir daha sadalayaq – Məhəmməd Mirzəli, Səid Nuri, Namiq Feyziyev – hər üçü Avropada yaşayır və qrantyeyənliklə məşğuldurlar, yəni, xaricdədə oturub, Bakıda yürüş keçirmək üçün 10 min nəfərin adından çənə-boğaza döyürlər...

Cəmil Həsənli nəyi düz deyib?

Bu arada, “Milli Şura”nınb sədri Cəmil Həsənli ilginc fikri ilə yadda qalıb. Belə ki, yenə də xaricdə Azərbaycan dövlətinin maraqları əleyhinə fəaliyyət göstərən Qənimət Zahidin dırnaqrarası yayımına qatılan Həsənli onu yayıma dəvət edən Q.Zahidi ittiham edib. O, qeyd edib ki, xaricdən insanları icazəsiz yürüşlərə cəlb etmək doğru addım deyil. Onun sözlərinə görə, aksiyanı təşkil edən şəxs ən ön sırada dayanmalıdır. Yoxsa özü təhlükəsiz yerdə olub, gəncləri polisin qabağına vermək düzgün yanaşma hesab oluna bilməz və s.

Əslində, bu firkin arxasında bir çox məsələlər dayanır. Məsələn, C.Həsənli Q.Zahidə, eləcə də Avropanın küçələrində sülənərək insanları mitinqlərə çağıran “siyasi mühacirlərə” eyham vurub ki, belə mübariz adamlarısınza, gəlin siyasi mübarizənizi Bakıda aparın. Yoxsa ki, Avropada oturub millətin başını zəhlətökən siyasi mülahizələrinizlə aparmayın. Düz sözə nə deyəsən ki? “Milli Şura”nın sədri bu fikri ilə əslində həm Qənimətə, həm də yuxarıda adları çəkilənlərə tərs şapalaq ilişdirib. Çox yəniq ki, bu şapalağın səsi bir azdan daha möhkəm çıxacaq. Hətta AXCP sədri Əli Kərimli arada-sırada ona sərf etməyən “quşlar buraxan” C.Həsənlini bir müddət mediadam kənarda saxlamaq qərarını da verər. Hər halda, olanlar göz önünndədir…

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə