"Məqsəd münaqişəni ərazi bütövlüyümüz çərçivəsində sülh yolu ilə həll etməkdir" MÖVQE-ÖZƏL
“Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çıxışı zamanı bildirdi ki, 2019-cu il sosial islahatlar ili kimi yadda qalır və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlı olacaq. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi gücünün artması vətəndaşlarımıza yönəldilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Milli Məclis tərəfindən hər ilin may ayında yenidən dövlət büdcəsinə baxıldığını deyən deputat söyləyib ki, Ölkə başçısı tərəfindən sosial islahatların davamlı olacağı ilə bağlı mesajlar bu ilin ortalarında büdcədən sosial xərclər üçün ayrılan vəsaitin artırılmasına zəmin yaradır: “Hər il Milli Məclis yaz sessiyasının sonunda yaxın yenidən büdcəyə baxır, müəyyən düzəlişlər edir, müxtəlif təkliflər səsləndirilir. Bu təkliflər arasında əsas yeri maaşların, pensiyaların, təqaüdlərin, məcburi köçkünlərə verilən müavinətlərin artırılması və sosial xərclər tutur. Təbii ki, bunların hamısı yerinə yetirmək üçün əsas şərt ölkəmizin iqtisadi inkişafının daha da güclənməsidir” .
E.Məmmədov söyləyib ki, ölkənin maddi imkanları genişləndikcə, sosial müdafiənin yaxşılaşdırılması istiqamətində addımlar daha da genişlənir: “İqtisadi inkişaf sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan proqramlar, verilən qərarlar, imzalanan sərəncamlar, aparılan iqtisadi sahədə olan islahatlar ölkəmizin daha da inkişafına səbəb olur. İqtisadi inkişafın təmin olunması üçün bu gün ölkəmizdə mövcud olan, artıq uzun illərdir ki davam edən daxili sabitlik, stabillik, iqtidar-xalq birliyi daha da güclü möhkəm, dayanıqlı olmalıdır. Yalnız bunun sayəsində ölkəmiz iqtisadiyyatımızın inkişafına əngəl yaratmaq istəyənlərin səsini kəsmək iqtidarındadır. Bu bizə qarşıya qoyduğumuz məqsədlərə çatmaq, daim inkişafda olmaq imkanı yaradır”.
Deputat qeyd edib ki, inkişaf olandan sonra əldə olunan maliyyə əhalimizin maddi durumunun yaxşılaşdırılmasına yönəldilir: “Hazırda dövlətimiz tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən sosial paketin daha geniş icrasına bir məsələ mane olur ki, bu da Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsini ərazi bütövlüyümüzün təmin olunması, yəni qalibiyyətlə başa vursaq, o zaman bu gün hərbi sahəyə ayrılan vəsaitin bir hissəsi də sosial xərclərə yönəldilər. Bu baxımdan qarşımızda duran əsas məqsəd münaqişəni ərazi bütövlüyümüz çərçivəsində sülh yolu ilə həll etməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB