"Prezident indiyədək nə vəd edibsə yerinə yetirib və yetirir" ÖZƏL-ŞƏRH
“Əli Kərimli cənab Prezidentin son zamanlar şəhid hərbiçilərin vərəsələrinə birdəfəlik yardımın verilməsi, minimum əməkhaqqının, pensiya, təqaüd, sosial ödənişlərin artması ilə bağlı atdığı addımları "xarüqə" adlandırır. Atılan bu addımların Əli Kərimliyə "xarüqə" təsiri bağışlaması və üstəlik də onun bunu dilə gətirməsinin özü təəccüblüdür, deyilmi? Amma təəccüblənməyə tələsməyin”. Bunu SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Deputatın sözlərinə görə, Əli Kərimli bütün bu "xarüqə"lərin yanvarın 19-da "Məhsul"dakı boşboğazlıqları nəticəsində baş verdiyini deyir: “Yəqin bu gün Azərbaycan Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmanını da Kərimliylə "Məhsul"daşları öz xidmətləri kimi dəyərləndirəcəklər. Olsun.
Əsas bu deyil, əsas odur ki, cənab İlham Əliyevin son bir ayda ardıcıl olaraq verdiyi sərəncam və fərmanlar on, bəlkə də yüz minlərlə vətəndaşımızın dolanışığının müsbət yöndə dəyişməsinə təsir edəcək. Və burada mən bir çoxlarının vurğuladığı kimi nə inqilabilik, nə də Əli Kərimlinin təbirincə desək xarüqəlik görürəm. Çünki Azərbaycan inqilab yox, intibah yolu ilə, yəni Heydər Əliyev yolu ilə gedir və 2000-nin əvvəllərindən üzü bu yana bütün bu artımlar demək olar ki, hər il olur. Bəzən indiki kimi daha nəzərəçarpacaq dərəcədə, bəzən isə az.
Sadəcə, hazırda baş verən artımların, kreditlərlə bağlı problemin həlli yolunun tapılmasının son dərəcə müsbət və fərqli tərəfi ondadır ki, arxasında təkcə iqtisadi faktor deyil, həm də keçirilən islahatlar və idarəçiliyin şəffaflaşdırılması yolunda atılan addımlar durur. Belə bir addımların atılacağının anonsunu isə cənab İlham Əliyev hələ 2018-ci ildə keçirilən Prezident seçkisi zamanı vermişdi. Bilindiyi kimi o, indiyədək nə vəd edibsə, yerinə yetirib və yetirir. Yəni sözü həm də imzası olan çox az liderlərdən biridir.
Əli Kərimlinin atılan bu addımları niyə "xarüqə" adlandırmasını da anlayıram. Onların hakimiyyətdə olduğu dövrdə yaşananları və indi baş verənləri göz önünə gətirsək görərik ki, bu gün atılan hər bir addım o zamankı reallıqların fonunda həqiqətən də əsl xarüqə təsiri bağışlayır. Amma və lakin bütün bunların Əli Kərimliylə "Məhsul"daşlarına artıq günün uzanmağa başlamasının nə qədər dəxili varsa, o qədər dəxili var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB