"Paşinyan hakimiyyətə populist vədlərlə gəldi" ÖZƏL-RƏY

"Paşinyan hakimiyyətə populist vədlərlə gəldi" ÖZƏL-RƏY

“Paşinyan hakimiyyətə populist vədlərlə gəldi. Ermənistanda hakimiyyət çevrilişini şərtləndirən kütləvi etiraz hərakatının başında duran N.Paşinyan sadəcə vədlər vermək imkanına malik idi. Nəzərə almaq lazımdır ki, ötən ilin yazında kütlə N.Paşinyana rəğbət və ya ümid bəslədiyinə gör deyil, S.Sarkisyan hakimiyyətindən narazı olduğuna görə onun ətrafında birləşmişdir. Çünki, Sarkisyanın hakimiyyəti dövründə Ermənistanda siyasi, iqtisadi, sosial, mənəvi-psixoloji vəziyyət olduqca ağır idi”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, bütövlükdə Ermənistanda sistem böhranı yaşanılırdı və ağır sosial-iqtisadi, demoqrafiq böhranın əsasında sistem problemləri dayanırdı: “Ermənistan əhalisi belə vəziyyətdən onu çıxarmağa söz verən istənilən şəxsə inanmağa hazır idi. Bu baxımdan, N.Paşinyan kütlənin dəstəyini ala bildi. Lakin hakimiyyətə gəldiyi ilk günlərdən hakimiyyətinin səmərəsiz olacağı və sələflərindən fərqlənməyəcəyi aydın müşahidə olunurdu. Artıq bir ilə yaxındır ki, onun hakimiyyətdə olduğu dövrdə Ermənistanda hər hansı bir sahədə müsbət irəliləyiş olmadı. Bunun əsas göstəricilərindən biri də Ermənistandakı ağır demoqrafiq vəziyyətdir. 2019-cu ilin yanvar ayının statistik göstəricisinə görə hazırda Ermənistanda 2,9 milyon əhali yaşayır. Bu, ötən illə müqayisədə təxmini olaraq 7,5 min nəfər azdır. Deməli, elə N.Paşinyanın hakimiyyəti dövründə Ermənistanı 7 min nəfərdən artıq insan birdəfəlik tərk edib. Əhalinin Ermənistanı kütləvi şəkildə birdəfəlik tərk etməsi sözsüz ki, əsasən ağır sosial-iqtisadi vəziyyətlə əlaqədardır. Həmçinin, gələcəyə inamsızlıq erməniləri öz həyatlarını ölkə hüdudlarından kənarda qurmağa vadar edir. Əməkqabiliyyətli insanların Ermənistanı davamlı olaraq tərk etməsi ölkədə demoqrafiq qocalmanı şərtləndirir. Bu da gələcək Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoyur. Çünki, dövlətin üç əsas əlamətindən biri məhz əhalidir.

N.Paşinyanın ümumiyyətlə, dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi, xarici siyasi müstəvidə qeyri-müəyyən kursu Ermənistanın bütün mənalarda vəziyyətini daha da ağırlaşdırır. Belə olan halda N.Paşinyandan elektoratın sürətlə üz çevirməsi qaçılmaz olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanda kənardan ciddi dəstəklənən siyasi fiqurlar tam aktiv fəaliyyətə keçmək imkanlarına malikdir. N.Paşinyan ölkədəki vəziyyətdən çıxış yollarını tapa bilmədiyini nümayiş etdirdikcə müxalifətin dairəsini genişləndirəcək. Nəticədə, onun hakimiyyəti üçün real təhlükə yaranacaq. Bu proses artıq müşahidə olunur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə