Azərbaycana qeyri-adekvat münasibətdə erməni əli TƏHLİL

Azərbaycana qeyri-adekvat münasibətdə erməni əli TƏHLİL

Əfsuslar olsun ki, Gürcüstanla Azərbaycanın isti münasibətlərinin fonunda bəzən arzuolunmaz hadisələrə rast gəlinir və heç şübhəsiz bunlar iki qonşu dövlətin münasibətlərinə xələl gətirə bilən deyil. Çünki, bu iki qonşu ölkə həm tarixi bağlarla bir-birinə bağlıdır, həmçinin hal-hazırda həm iqtisadi, həm siyasi, həm mədəni, həm də digər istiqamətdə münasibətlərimiz yüksək səviyyədədir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Etiraf etmək lazımdır ki, Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avagyanın abidəsinin ucaldılması narahatlıq doğuran məsələlərdən biridir. Özü də bu abidənin ucaldılmasının məhz 20 Yanvar tarixinə təsadüf etməsi daha böyük narahatlıq doğurmaya bilməz. Dağlıq Qarabağ müharibəsində iştirak etmiş bir erməniyə ucaldılan abidə haqlı olaraq narazılıqlara səbəb də olub və bu narahatlıq hər iki tərəf üçün başa düşüləndir. Çünki, Azərbaycan qonşu Gürcüstanın milli-dövlətçilik maraqlarına hər zaman hörmətlə yanaşıb. Azərbaycan tərəfi heç zaman Abxaziya və Osetiya separatçılarına heykəl ucaltmaq fikrinə də düşməyib.

Qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri ölkələrimizi daha yaxından birləşdirir və hər iki ölkəni strateji baxımdan bir-birinə daha sıx bağlayır

Məsələ burasındadır ki, Axalkalaki rayonunun Buqaşen kəndində bir erməni separatçısına heykəl qoyulacağı heç zaman gözlənilən olmayıb. Əksinə, istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Ölkələrimiz arasında müttəfiqlik münasibətləri mövcuddur. Bu münasibətlər Sovetlər birliyi dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər sayəsində daha da möhkəmlənib.
Ölkələriiz arasında strateji əməkdaşlıq əlaqələri ötən müddətdə bütün sahələri əhatə edib. Hazırda Gürcüstanla Azərbaycan arasında iqtisadi-siyasi əhəmiyyət daşıyan böyük layihələr reallaşıb. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri ölkələrimizi daha da yaxından birləşdirir və hər iki ölkəni strateji baxımdan bir-birinə daha sıx bağlayır.
GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirir. İqtisadi inteqrasiya, nəticədə siyasi yaxınlıq artıq strateji xarakter alıb və günü-gündən də bu yaxınlıq möhkəmlənir desək yanılmarıq. Çünki, sadaladığıməz münasibətlərin fonunda daha optimist proqnozlar vermək heç də çətin deyil və tam şəkildə əsaslıdır.

Terrorçuya heykəl qoyulması separatçılıqdan, terrorçuluqdan əziyyət çəkən Gürcüstanın özünün də maraqlarına ziddir və xəyanətkar addımdır

Azərbaycana qarşı separatçılıq hərəkətlərində xüsusi rolu olan, azərbaycanlılara qarşı vuruşan erməni terrorçusuna Gürcüstan ərazisində abidə qoyulması sözsüz ki, təəssüf doğurur. Əslində, təəssüf doğurmaya da bilməz və Gürcüstan tərəfi də analoji halla qarşılaşsaydı bu eyni şəkildə təəssüf doğurardı. Təsəvvür edək ki, Azərbaycanın hansısa rayonunda, ölkə ərazisinin istənilən yerində Abxaziya və Osetiyada Gürcüstana qarşı vuruşmuş hansısa terrorçuya heykəl qoyulsaydı rəsmi Tbilisi bir tərəfə, buna hərhansı bir gürcü reaksiyasız ötüşərdimi? Yaxud, belə bir abidənin, heykəlin qoyulması, açılışında da rəsmi nümayəndələrin iştirakı Gürcüstan tərəfini qane edə bilərdimi?
Erməni separatçısına heykəl qoyulması tək Azərbaycan ictimaiyyəti deyil, gürcü cəmiyyətinin də haqlı olaraq etirazı ilə qarşılanıb. Bu məsələyə görə birmənalı mövqe ortaya qoyulub və başqa cür olacağı da ağlasığan deyildi. Çünki, separatçıya, terrorçuya abidə qoyulması Gürcüstanın da milli-dövlətçilik maraqlarına uyğun deyil. Üstəlik, bu abidənin açılışı Gürcüstanın da maraqlarına qarşı atılan xəyanətkarlıqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan kimi Gürcüstanın özü də separatçılıqdan, terrorçuluqdan əziyyət çəkən ölkədir və bu baxımdan terrorçuya qoyulan heykəl və onun açılışı ölkəyə qarşı xəyanətkar bir addım atılması deməkdir.

Rəsmi Tbilisi Mixeil Avagyan məsələsinin qızışdırılmasının, bu istiqamətdə ajiotaj yaradılmasının tam şəkildə əleyhinədir

Qeyd olunduğu kimi, Gürcüstanın Azərbaycanla mehriban qonşuluq münasibətləri, iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıqları fonunda, eyni zamanda, gürcülərin özlərinin də terrorçuluqdan əziyyət çəkdikləri halda terrorçuya heykəl qoyulması məsələsi necə ortaya çıxa bilər? Özü də bu açılış mərasiminin 20 yanvar tarixində reallaşdırılması sıradan bir təsadüf ola bilərmi? Yaxud, separatçının, həm də Azərbaycan əleyhinə vuruşan terrorçunun heykəlinin 20 yanvar tarixində açılışı bu məsələdə kimlərin əlinin olduğundan xəbər verməyə bilərmi? Bütün bunlar təsdiq etmirmi ki, bu məsələdə də erməni əli var və daha hansı çirkin oyunlar düşündüklərinə şübhə yeri qalırmı?
Gürcüstanda abidə qoyulması, yerli idarəetmə orqanlarının erməni təmsilçilərinin, erməni deputatların, hətta Ermənistan səfirinin bu açılış mərasimində iştirakı rəsmi səviyyədə qınanıb da. Xüsusən də bu hadisənin azərbaycanlılar üçün həssas bir gündə - 20 yanvar tarixində olması qəti şəkildə pislənib. Azərbaycan-Gürcüstan münasibətlərinin dəyərli olması, qorunub saxlanmasının vacibliyi vurğulanıb və gələcəkdə də bu münasibətlərə xələl gəlməməsi üçün tədbirlərin görülməsi birmənalı olaraq qeyd edilib. Hətta, məsuliyyətsizlik edən məmurlar barəsində tədbirlər də görülüb.
Bəlli olur ki, rəsmi Tbilisi Mixeil Avagyan məsələsinin qızışdırılmasının, bu istiqamətdə ajiotaj yaradılmasının tam şəkildə əleyhinədir. Vətəndaşların da bu məsələdə təsir altına düşməsindən ehtiyat edilir. Gürcüstan hökuməti kimlərinsə bu hadisədən siyasi məqsədlər naminə yararlanmasına, vətəndaş qarşıdurmasına səbəb olmalarına yol vermək niyyətində də deyil.

Ermənilərin hər tərəfdən çarələri kəsilib və Azərbaycanın bölgədə olan digər qonşu dövlətlərlə, xalqlarla münmasibətlərini pozmaq niyyətləri baş qaldırıb

Göründüyü kimi, Gürcüstan tərəfi Azərbaycanla münasibətlərə həssas yanaşır və bu münasibətlərin pozulmasına, ajiotaj yaradılmasına qarşıdır. Belə olan halda, bəlli olur ki, hər iki dövlət arasında münasibətləri pozmağa maraqlı qüvvələr var. Bu qüvvələrin hər zaman müxtəlif yollarla münasibətlərə xələl gətirmək missiyası da göz qabağındadır. Çox güman ki, həmin qüvvələr yenə də hərəkətə keçiblər və iki qonşu ölkə, strateji əməkdalığı günü-gündən möhkəmlənən ölkələrimiz arasında ən azından soyuqluq yaratmaq niyyəti güdürlər.
Gürcüstanın daxilində sayca üçüncü etnik qüvvə olan ermənilərin yaşadığı məlumdur. Xüsusən də gürcü ad-soyadı daşıyan və müxtəlif vəzifələrdə təmsil olunan ermənilər də var. Heç şübhəsiz ki, bu erməni əsillilər iki qonşu ölkə arasındakı mehriban münasibətlərdən, əməkdaşlıqlardan məmnun da deyillər. Təbii ki, Bakı-Tbilisi münasibətlərinə xələl gəlməsi üçün dəridən-qabıqdan çıxırlar.
Ümumiyyətlə, indi bölgədə marginallaşmış, küncə qısılmış, təklənmiş bir vəziyyətdə qalan ermənilər azərbaycanlılara qarşı təxribat törətməyi, antipatiya yaratmağı, bölgədə yaşayan digər xalqlarla azərbaycanlılar arasındakı isti münasibətlərə hərhansı yolla mənfi təsir etməyi yeganə çıxış yolu hesab edirlər. Rusiyada çeçenlərlə azərbaycanlılar arasında baş verən hadisələrdən tutmuş Gürcüstandakı terrorçuya bu heykəl qoyuluşuna qədər hansı daşı qaldırsalar altından erməni məkri, erməni hiyləgərliyi çıxır.
Bəlli olur ki, indi ermənilərin hər tərəfdən çarələri kəsilib və Azərbaycanın bölgədə olan digər qonşu dövlətlər, azərbaycanlıların qonşu xalqlarla münmasibətlərini pozmaq niyyətləri baş qaldırıb. Bu kontekstdə Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin separatçı çağırışları da diqqətdən kənarda deyil.
Təbii ki, ermənilərin bu çirkin niyyətləri bir sıra xarici dairələrin də maraqlarının təmin olunması üçün əlverişli vasitəyə çevrilir. Çünki, Azərbaycanı, onun uğurlarını, regional və beynəlxalq miqyasda nailiyyətlərini, siyasi, iqtisadi və digər sahədə olan əlaqələrini gözü götürməyənlər üçün erməni qulluğu əvəzedilməz hesab olunur. Bir sözlə, Azərbaycana qarşı qeyri-adekvat münasibətdə həmişə olduğu kimi yenə də erməni əli görünür. Məhz bu səbəbdən də ermənilər tərəfindən ortaya atılan məsələlər, məkirli niyyətlər bəzi xarici qüvvələr və dövlətlər tərəfindən də məqsədli şəkildə qızışdırılır. Hətta dəstək də verilir. Ona görə də bəzən qonşu ölkələrin adekvat münasibət sərgiləməməsi kimi bir təzahür ortaya çıxır. Əslində isə, bu Azərbaycanın qonşularının deyil, ermənilərin timsalında düşmənlərinin arzuladığı bir mənzərədir və hadisələrin gedişini nəzərə aldığımız zaman görürük ki, bu arzuları onların gözlərində qalacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə