Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir
Mehriban xanım Əliyevanın tapşırığına əsasən, yaralanmış hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunması proqramı çərçivəsində daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb edilib
Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindəndir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı ailələr, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Dövlət əlil vətəndaşların sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Bu siyasətin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan növbəti addım oldu. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara diqqət və qayğı artmaqdadır. Azərbaycan Prezidenti fəaliyyətilə dəfələrlə sübut edib ki, O, hər bir azərbaycanlının Prezidentidir.
Vətən və torpaq uğrunda canıdan keçən, şəhid olan, yaralanan insanları Azərbaycan dövləti hər zaman diqqədə saxlayır, onların hər birinə böyük həssaslıqla yanaşır. 2016-cı il aprelin 2-dən - 5-dək Ermənistan tərəfinin təxribat törədərək atəşkəsi növbəti dəfə pozması, təmas xəttinə yaxın yaşayış məntəqələrində dinc əhalini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv surətdə atəşə tutulması, ordumuz tərəfindən sarsıdıcı zərbələrlə qarşılandı. Amma bu döyüş də itkisiz olmadı. Əsgər və zabitlərimiz şəhid oldu və yaralandılar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin hər birinə fərdi yanaşma metodu tətbiq olundu və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olundular. Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər dünyanın müasir protez istehsalçıları olan Almaniyanın, İslandiyanın, İngiltərənin, ABŞ-ın qabaqcıl şirkətlərinin yüksək texnologiyalı məhsulları ilətəmin olunublar. Hər bir əsgər və zabitin bir çox fərdixüsusiyyətləri, xüsusilə, aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri nəzərə alınaraq, onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər tətbiq edilib. Bu protezlərin tətbiqi əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasına şərait yaradıb.
Bu günlərdə isə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, yaralanmış hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunması proqramı çərçivəsində daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb edilib. Heydər Əliyev Fonduna müraciət edən 30-dək hərbçinin hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla, yüksək texnologiyalı məhsullar seçilib. Onların sırasında hərbi xidmətlərinə davam edən, paralimpiya idman növləri ilə məşğul olanlar da var.
Heydər Əliyev Fondu tərəfindən bir qrup hərbi qulluqçuya protezlərin təqdim edilməsi dövlətimizin silahlı qüvvələrinin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB