“ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdikdən sonra hər zaman müxtəlif mülahizələr irəli sürülür. Lakin heç zaman bu mülahizələr tam şəkildə özünü doğrultmur və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç nə dəyişmir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, bu baxımdan da artıq həmsədrlərin regiona gəlişi ilə bağlı məsələlər ciddi əhəmiyyət kəsb etmir.
Hazırda danışıqlar prosesinin ləngidiyini deyən politoloq söyləyib ki, burada səbəb Ermənistanın Baş naziri Nikol Paşinyanın verdiyi vədlərdən yayınmasıdır: “Bəlkə də bu siyasi ritorika, ictimaiyyətə hesablanan məsələdir. Əgər bu mövqe danışıqlar prosesi çərçivəsində rəsmiləşsə, o zaman bu o deməkdir ki, problemin həlli növbəti dəfə dalana dirənib və münaqişənin yeganə həlli kiçik müharibədir”.
İ. Vəlizadə söyləyib ki, görünür həmsədrlər regiona səfər etməklə məsələni dalandan çıxarmaq istəyirlər: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan XİN başçılarının yaxın müddətdə baş tutacaq növbəti görüşündə nikbinlik olsa, o zaman prosesin bərpasına ümid etmək olar. Hazırda isə nikbinlik haqqında nəsə demək olmaz. Çünki, son aylar problemin həlli istiqamətində nikbin fikirlər yalnız Azərbaycan tərəfindən səslənir. Ermənistan tərəfindən bunu görmək mümkün deyil”.
“Paşinyan elə düşünür ki, danışıqlar prosesi uzatsa, o vaxt udur və bu müddəti Ermənistanda “iqtisadi islahatlar”a sərf edəcək. Amma Ermənistan tərəfi bilməlidir ki, danışıqlar prosesinin uzanması onların xeyrinə olmayacaq, əskin cəbhə xəttində gərginlik müşahidə olunacaq. Onlara göstərmək lazımdır ki, Paşinyan yürütdüyü dəsti xətt uğurlu deyil və heç bir nəticə verməyəcək”, - deyə politoloq dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB