"Armenianreport"un təhlilçisi ölkənin acınacaqlı vəziyyətindən yazır
“Respublikaçıların yeni hakimiyyətin yalnız çoxsaylı vədlərini yerinə yetirmədiklərinə görə deyil, həm də Ermənistanda yaşam həddinin daha da azalmasıyla bağlı fikirləri ilə razılaşmaqdan başqa çarə yoxdur”. SİA xəbər verir ki, bunu öz məqaləsində erməni təhlilçi Tevos Arşakyan armenianreport saytında yazır.
“İnqilabdan ötən 10 aydan müddətində ölkənin iqtisadi və maliyyə vəziyyəti yaxşılaşmadı, əksinə mütəmadi pisləşmə baş verdi”
“Ermənistanda inqilabla əlaqəli hakimiyyət dəyişikliyi praktiki olaraq nəticəsiz qalıb”, deyə qeyd edən erməni təhlilçi əlavə edir ki, ölkə hazırda danışıqlardan, vədlərdən, nazir portfellərinin və deputat kürsülərinin paylaşılmasından sonra, respublikanın qarşıda dayanmış çoxsaylı sosial-iqtisadi problemlərinin həlli mərhələsində olmalıdır: “Paşinyan hökumətinin əsas işinin iqtisadiyyatda canlanma yaratmalı, əhalinin güzəranının yaxşılaşdırılması üçün hərəkətə keçməli olduğunu tam əminliklə demək lazımdır. Lakin təəssüf ki, inqilabdan ötən 10 aydan müddətində ölkənin iqtisadi və maliyyə vəziyyəti yaxşılaşmadı, əksinə mütəmadi pisləşmə baş verdi”.
“Eyforiya dalğası keçib-gedib və hətta xarici ölkələrdə yaşayan müstəqil insanlar belə, Ermənistandakı iqtisadi vəziyyətin yaxşılaşmağa doğru deyil, gündən-günə daha da pisləşməsini müəyyən ediblər”
Tevos Arşakyan Ermənistanın “Jamanak” qəzetinə də istinad edərək yazır ki, xarici ölkələrdə fəaliyyət göstərən çoxsaylı erməni diasporaları Ermənistanda şəxsi biznes qurmaları üçün erməni banklarına köçürdükləri pullarını yenidən həmin banklardan geri çəkirlər: “Bu informasiya bizim sözlərimizə əlavə sübutdur ki, eyforiya dalğası keçib-gedib və hətta xarici ölkələrdə yaşayan müstəqil insanlar belə, Ermənistandakı iqtisadi vəziyyətin yaxşılaşmağa doğru deyil, gündən-günə daha da pisləşməsini müəyyən ediblər. Belə olan halda heç kim öz maliyyə vəsaitlərinə təhlükə yaranmasını istəməz. Buna diaspora nazirliyinin bağlanmasını formal olaraq göstərmək mümkündür, ancaq narazılıq səbəbləri daha dərindir, ilk növbədə bu, iqtisadi fəaliyyətdə azadlığın olmamasıdır. Axı həm Paşinyan hökuməti, həm də biz, sıravi sakinlər ümid edirdik ki, inqilabdan sonra Spyuk sərmayələri Ermənistana axacaq və bu da ölkəni son 20 ildə və hazırda da çabaladığı bataqlıqdan çıxaracaq. Amma təəssüf ki, bu baş vermədi. Varlı insanlar isə, məlum olduğu kimi, yalnız qazanmağı bacarmırlar, onlar həm də mümkün riskləri də hesablamağı bilirlər”.
“İş yerlərini ixtisara salırlar...Maaşların artırılması yerinə, onları da kəsirlər”
Erməni müəllif, digər məsələlərə də kəskin problemlər nöqteyi-nəzərindən yanaşaraq yazır ki, ölkədə miqrasiya axının qarşısının alınması üçün yeni iş yerləri açılmır: “Özünüz mühakimə edin. Yeni iş yerlərinin açılması və bu vasitə ilə ölkədəki miqrasiya axınının qarşısının alınması üçün səy göstərmək yerinə, optimallaşdırma görüntüsü altında iş yerlərini ixtisara salırlar. Maaşların artırılması yerinə, onları da kəsirlər. Siqaret çəkənlərlə mübarizə aparırlar, ancaq bu yolla yerli tütün istehsalçılarını məhv edirlər. Hansı ki, onların məhsullarının 80%-i ixraca gedir”.
Tevos Arşakyan Ermənistanın siyasi həyatında “pozitiv” dəyişikliklərin olduğunu yazsa da, qeyd edir ki, bunu nə iqtisadi siyasətdə, nə də maliyyə siyasətində görmək mümkün deyil: “Rəsmi rəqəmlər gətirək – Maliyyə nazirliyinin hesablayıb ki, Ermənistanda ümumi dövlət borcu 2018-ci ilin yanvar ayının sonlarında 6 951 milyon dolları təşkil edirdi ki, bu da, 2018-ci ilin dekabr ayına görə, 0,41%, yaxud 28,1 milyon dollar çoxdur. Son bir ildə Ermənistanda intihara cəhdlərin sayı 20% artıb. Hansı ki, mövcud hadisələrin kökündə həyatın təmin olunmaması, sosial-iqtisadi problemlər dayanır”.
“Rusiyaya məhsul ixracı 45 faizdən 19 faizə düşüb”
“İxrac sürətlə aşağı düşür. Rəsmi məlumatlara görə, ölkəmizin mövqeyi praktiki olaraq bütün əsas ixrac bazarlarında zəifləyib”, deyə qeyd edilən yazıda bildirilir: “Ötən ilin 9-cu ayının sonlarına doğru MDB ölkələrinə məhsul təchizatı iki dəfədən artıq – 47 fazidən 21 faizə qədər azalıb. Analoji mənzərə Avrasiya İqtisadi İttifaqı ölkələri ilə də yaşanmaqdadır. Digər ölkələrlə yanaşı, Rusiyaya məhsul ixracı 45 faizdən 19 faizə düşüb”.
Beləliklə, Paşinyan hökumətinin bütün sahələrdəki uğursuzluqları barədə yazan erməni təhlilçi sonda qeyd edir ki, ortada olan faktlara görə, Paşinyan hökumətinin lovğalanmaq haqqı itib: “Zaman hazırda ona doğru işləyir və o da bunu anlamağa məhkumdur. Bu cür hallar demək olar ki, bir çox inqilab liderlərində yaşanılır. Kreslolardan kimləri isə çölə ataraq, hakimiyyəti ələ götürmək azdır, əsas ələ keçirdiyin hakimiyyəti saxlamaqdır”.
Erməni müəllif Paşinyanın hakimiyyətə yiyələnməsində məhz xalq tərəfindən dəstəkləndiyini yazaraq onu da xatırladır ki, hələlik onda müəyyən dəstək qalmaqdadır, lakin bu dəstək də yavaş-yavaş əriyir. “Lakin yorulmuş və etiraf edək ki, ac xalqın səbri gec-tez tükənir. Nikol yaxşı başlamışdı, bəs başladığı kimi də sona çatdıracaqmı? Bunu zaman göstərəcək”, deyə erməni təhlilçi məqaləsində inamsızlığını ortaya qoyur.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB