Gəncənin maşın bazarında vəziyyət necədir?

Gəncənin maşın bazarında vəziyyət necədir?

Ölkənin qərb bölgəsinin maşın bazarında alıcılıq qabiliyyəti aşağı düşüb. SİA-nın bölgə müxbirinin apardığı araşdırma zamanı məlum olub ki, hazırda maşın almaq istəyənlərin sayı azaldıqca, satmaq istəyənlərin sayı artır. Yaranan vəziyyət isə avtomobillərin qiymətinə də təsir edib. Avtomobil satışı ilə məşğul olan şəxslərin sözlərinə görə alıcılıq qabiliyyətinin aşağı olması avtomobillərin qiymətinin ucuzlaşmasına səbəb olub.

"Avtomobil alan yoxdur. Alıcıların sayı kəskin şəkildə azalıb. Biz də çalışırıq ki, ucuz qiymətə sataq", maşın satışı ilə məşğul olan Səfər Qurbanov deyib. Buna baxmayaraq qərb bölgəsində Rusiya istehsalı olan avtomobillərə maraq az da olsa var. Mütəxəssislər mövcud vəziyyəti bir neçə səbəblə izah edirlər. Ən başlıcası isə xarici markalı avtomobillərin, əsasən Gürcüstandan alınması və respublikada baha qiymətə satılmasıdır. Məlum olduğu kimi əcnəbi dövlətlərdən Azərbaycana gətirilən avtomobillərin qeydiyyata düşməsi üçün külli-miqdarda vəsait lazımdır. Bu isə xarici avtomobillərin satış qiymətinə öz təsirini göstərir. Ümumiyyətlə, bu gün Gəncənin maşın bazarından 1500-2000 manatdan başlayn qiymətlərlə Rusiya avtomobillərini almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə