"Bütün bunlar dövlətimizin öz vətəndaşlarına qayğısının təzahüridir” ÖZƏL-RƏY
“2019-cu ilin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində az qala hər gün Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni bir Sərəncamın şahidi oluruq. Elə bu gün əhalinin aztəminatlı kateqoriyası hesab edilən qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı yeni bir Sərəncam imzalandı. Sərəncama görə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, bütün bu addımlar Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Əvvəlcədən müəyyənləşdirilmiş və planlı xarakter daşıyan bu islahatların məqsədi vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdırmaqdan ibarətdir. Nəinki MDB məkanında bütövlükdə dünyada çox az saylı dövlət tapıla bilər ki, əhalinin sosial problemlərinin həllinə bu qədər diqqət göstərsin. Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizdə sosial qayğıya ehtiyacı olan xüsusi kütləvi təbəqə formalaşıb və onların sayı təqribən bir milyona bərabərdir. Bu isə dövlət üçün əlavə maliyyə mənbələri tapmaqla onu sosial sferaya yönəltmək zərurəti formalaşdırır. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək üçün imkanlar yaradıb və gələcəkdə də bu istiqamətdə fəaliyyətin davamlı olması perspektivləri müəyyənləşdirib. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına qayğısının təzahüridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB