Dünya mətbuatı XOCALIdan yazır

Bu gün Xocalı soyqırımının 27-ci ildönümü barədə təkcə Azərbaycan mətbuatı yox, o cümlədən dünya mətbuatı geniş məqalələr dərc edir, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə dünya ictimaiyyətinə məlumat verirlər.

ABŞ-ın “News Blaze” nəşrinin dərc etdiyi amerikalı jurnalist və publisist Nurit Qringerin “Azərbaycanda da deyirlər: “Bir daha heç vaxt!”” sərlövhəli məqaləsində Xocalı faciəsindən, bu kütləvi qırğının günahkarlarının cəzasız qalmasından, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) erməni təcavüzünə münasibətdə fəaliyyətsizliyindən bəhs edilir.

Müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə soxulmasından, erməni əsgərlərinin qarşılarına çıxan günahsız insanların hamısını, o cümlədən qadınları, uşaqları, qocaları güllələmələrindən, 613 dinc sakini vəhşicəsinə qətlə yetirmələrindən yazır. Həmin gecə minə yaxın azərbaycanlı erməni təcavüzkarları tərəfindən əsir və girov götürülüb.

Azərbaycan tərəfinin, “Memorial” hüquq müdafiəsi mərkəzinin, “Human Rights Watch” təşkilatının, digər beynəlxalq qurumların və müşahidəçilərin məlumatına görə, soyqırımı aktı MDB-nin 366-cı alayının hərbçilərinin iştirakı ilə etnik erməni silahlı dəstələri tərəfindən törədilib. Qringer qeyd edir ki, lakin erməni tərəfinin təcavüzü Xocalı qətliamı ilə bitməyib. 1993-cü ildən 1994-cü ilədək erməni qoşunları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik olan rayonları işğal edib, bununla da suveren Azərbaycanın ərazilərinin 20 faizini ələ keçiriblər. Münaqişə nəticəsində 800 min azərbaycanlı məhz öz ölkəsində məcburi köçkünə çevrilib.

BMT-nin Təhlükəsizlik Şurası bu işğalı və etnik təmizləməni pisləyərək 4 qətnamə qəbul edib. Qətnamələrdə erməni qoşunlarının işğal etdikləri Azərbaycan rayonlarından çıxarılması tələb edilir. Lakin Ermənistan bu günədək bu qətnamələrə məhəl qoymamağı davam etdirir və BMT Ermənistanı bu qətnamələrin şərtlərini yerinə yetirməyə məcbur etmək üçün heç bir fəaliyyət göstərmir. Müəllif qeyd edir ki, Xocalı soyqırımı haqqında həqiqətin yayılması məqsədilə 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası başladı.

Məqalədə, həmçinin ötən həftə Los-Ancelesdəki İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilən tədbirdən danışılır. Vurğulanır ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin çıxış etdiyi tədbirdə bir sıra ölkələrin baş konsulları, dini liderləri və icma rəhbərləri iştirak ediblər.

Litvanın Mikolas Romeris Universitetində Xocalı soyqırımı haqqında çəkilmiş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib. Bu ölkənin Alkast.lt və Bernardinai.lt xəbər portallarında filmə və Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş geniş məqalələr dərc edilib.

Məqalədə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı cinayət və onun nəticələri haqqında geniş məlumat verilir. Bildirilir ki, litvalı müəlliflərin lentə aldığı “Sonsuz dəhliz” sənədli filmi bu dəhşətli hadisələrə işıq salır. Vurğulanır ki, həmin filmə baxarkən litvalı tamaşaçı erməni qəddarlığına izah tapmaqda çətinlik çəkir.

Məqalədə bildirilir ki, “Sonsuz dəhliz” filmi 1992-ci ilin o dəhşətli günlərində təsadüfən Azərbaycanda olmuş litvalı jurnalist Riçard Lapaytisin şahidi olduğu hadisələr əsasında lentə alınıb.

***

Azərbaycanın Uruqvaydakı müvəqqəti işlər vəkili Emin İbrahimovun "Xocalı qətliamı - ədalət və sülh üçün davamlı çağırış" sərlövhəli məqaləsi Uruqvay Xəbərlər Agentliyi tərəfindən yayılıb. Xəbər verilir ki, məqalədə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azərbaycanlıların və ermənilərin etnik olaraq bir yerdə yaşamasının mümkün olmadığı fikrinə və Serj Sarkisyanın Xocalı qətliamının qəsdən törədildiyi barədə Tomas de Vaala müsahibəsində dediyi məlum sözlərə istinad edilib. Bu iki prezidentin fikirlərinin əslində Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətini yaxşı izah etdiyi bildirilib. Xocalı qətliamının münaqişə kontekstində etnik təmizləmə siyasətinin ən faciəvi səhifəsi olduğuna diqqət çəkilib.

Hazırda Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladığı, 1 milyondan artıq azərbaycanlının öz evindən qaçqın və didərgin düşdüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi yazıda vurğulanıb. Eyni zamanda, Xocalı faciəsinə görə əsas məsuliyyəti daşıyan şəxslərin hələ də cəzasız qaldığı qeyd edilib.

Məqalədə bildirilib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi hər iki xalqın nümayəndələrinin bir yerdə yaşamasının mümkünlüyünə inanır. O cümlədən azərbaycanlıların və ermənilərin yenidən Azərbaycanın Dağlıq Qarabağ regionunda sülh şəraitində yaşaya bilməsinin mümkünlüyü vurğulanıb. Əlavə edilib ki, bu sülhə nail olmaq üçün Ermənistanın işğala son qoyması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və azərbaycanlıların hazırda işğal altında olan evlərinə qayıtması zəruridir. Bu prinsiplərə əsaslanan sülhün həm də Xocalı qurbanlarının xatirəsinə böyük ehtiram olacağı vurğulanıb.

Ukraynanın “Pravdatut” televiziya kanalı Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı barədə hazırlanmış filmi nümayiş etdirib. Filimdə erməni silahlı qüvvələrinin 27 il bundan öncə 366-cı motoatıcı alayla birgə Xocalı şəhərində həyata keçirdikləri misli görünməmiş qətliamlar tarixi faktlarla Ukrayna ictimaiyyətinin diqqətinə çatdırılıb.

Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyevin AZƏRTAC-a verdiyi məlumata görə, televiziya kanalı sənədli filmi fevralın 26-da və 27-də axşam saatlarında yenidən yayımlayacaq. “Bizim əsas məqsədimiz ermənilərin zaman-zaman Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini kütləvi informasiya vasitələri ilə dünya ictimaiyyətinə çatdırmaqdır. Bu baxımdan son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası erməni hiyləgərliyinin və qəddarlığının ifşa olunmasında müstəsna rol oynayıb. Biz də çalışırıq ki, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Qarabağ və Xocalı həqiqətlərini özündə əks etdirən filmləri Ukraynanın kütləvi informasiya vasitələrində nümayiş etdirməklə, üzərimizə düşən tarixi missiyanı yerinə yetirək”, - deyə fəxri konsul bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə