Riqada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Riqada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Yanvarın 17-də Latviya Prezidentinin iqamətgahında – "Riqa" qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Valdis Zatlersə təqdim olundu.

Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Riqa" qəsrinin "Gerblər" salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Sonra hədiyyələr təqdim edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə