Partiyalar və onların sədrləri Azərbaycanda xarici ölkələrdən fərqli olaraq bir-biri ilə daha qırılmaz tellərlə bağlıdır. Hal-hazırda partiyaların əksəriyyətinə onları yaradanlar başçılıq edir. O da məlumdur ki, 1993-cü ildən bu yana müxalifət bütün seçkilərdə uduzub. Ekspertlər isə bunu onunla izah edirlər ki, həmin partiyalarda yeni nəfəs, yeni strategiya yoxdur, artıq işə yaramayan strategiyalar ilə isə seçicinin rəğbətini qazanmaq çətindir. Proseslər onu göstərir ki, yaxın gələcəkdə də bu partiyalarda nəyinsə dəyişəcəyini gözləmək olmaz.
Sədrliyi partiyaların yaranması ilə başlayanlar
Bu müddət məlum olduğu 1990-cı illərin əvvəllərinə təsadüf edir. Sovet hakimiyyətinin son ilindən başlayaraq Azərbaycanda siyasi partiyaların yaranması ilə 70 ildir ki, ləğv edilən çoxpartiyalılığa start verildi. Fəzail Ağamalı hazırda "ən yaşlı" sədr hesab oluna bilər. 1990-cı ilin sentyabrında Ana Vətən Partiyasının (AVP) Təşəbbüs Qrupu yaradılıb və həmin il noyabrın 24-də partiyanın təsis qurultayı keçirilib. İndiyə kimi AVP-yə F.Ağamalı rəhbərlik edir.
İsa Qəmbər AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü, 1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. 1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilir və İsa Qəmbər Partiyanın Başqanı seçilir. Artıq ikinci dəfə də başqan seçilən İ.Qəmbərə üçüncü dəfə bunu etməyə partiya nizamnaməsi imkan vermir. Buna görə də nizamnamənin dəyişdiriləcəyi ilə bağlı fikirlər səslənir.
Araz Əlizadə də sədrlik müddətinin uzun olması ilə seçilən siyasətçilərdəndir. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) təsis qurultayı 1990-cı ildə keçirilib və Zərdüşt Əlizadə ilə A.Əlizadə partiyanın həmsədri seçiliblər. Sonradan Z.Əlizadə həmsədrlikdən gedib və A.Əlizadə bu günə qədər ASDP-nin həmsədridir.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sədrlik müddətini də uzun hesab etmək olar. Baxmayaraq ki, bu müddət fasilələrlə baş tutub. O, 26 yanvar 1991-ci ildə təsis edilmiş Azərbaycan Demokrat Partiyasının təşəbbüs qrupunun rəhbəri və təsisçilərindən biri olub. 1991-94-ci illərdə ADP təşkilat komitəsinin sədri vəzifəsində çalışıb. 1994-cü ildə ADP-nin birinci qurultayında o partiyanın sədri seçilib. İlyas İsmayılov və Rəsul Quliyev ADP-yə qoşulduqdan sonra o müəyyən dövrlərdə baş katib və birinci müavin vəzifələrini icra edib. 2007-ci ildə o yenidən ADP-nin sədri seçilib və hazırda bu vəzifəni yerinə yetirir.
Sabir Rüstəmxanlı 1992-ci ildə yaradılan Vətəndaş Həmrəyliyi Partiyasına indiyə kimi sədrlik edir. Bu baxımdan indiki millət vəkili Azərbaycanda ən uzunömürlü sədrlərdən biridir.
Ədalət Partiyasının sədri İlyas İsmayılovun sədrlik müddəti də az deyil. 1993-cü ildə yaradılan partiyaya İ.İsmayılov sədrlik edir. 1996-cı ildə Azərbaycan Demokrat Partiyasına (ADP) birləşən partiya ADP-dən ayrılaraq fəaliyyətlərini bərpa edib. 1996-2000-ci illərdə İ.İsmayılov partiyanın həmsədri olub. 2001-ci ildən indiyədək Ədalət Partiyasına İ.İsmayılov sədrlik edir.
Cavan partiyaların cavan sədrləri
2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayı keçirilib. Hafiz Hacıyev həmin vaxt, eləcə də partiyanın 2003-cü ildə keçirilən II Qurultayında sədri seçilib.
İqbal Ağazadə 2002-ci ildən sədr postundadır. Onun sədrlik etdiyi partiyası 1993-cü ildə təsis edilib, elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri Əbülfət Əliyev olub. Ümid Partiyasının fəaliyyətində əsaslı dönüş 2002-ci ilin dekabrında Vətəndaş Birliyi Partiyasının Ümid Partiyasına birləşməsindən sonra başlayıb. 2002-ci il dekabrın 15-də Ümid Partiyasının III Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib.
1998-2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifələrində çalışan Fazil Mustafa sonradan özü partiya yaratmaq qərarına gəlib. Yarandığı 2003-cü ildən Böyük Quruluş Partiyasının sədri olan F.Mustafa indiyədək bu postdadır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 3 aprel 2004-cü yaradılıb. Yaradıldığı vaxtdan Qüdrət Həsənquluyev bu partiyanın sədridir. Digər bir gənc sədr adlandıra biləcəyimiz isə İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslıdır. O, partiyanın yarandığı 2002-ci ildən sədr postundadır. Mirmahmud Mirəlioğlu 2000-ci ildən AXCP-nin "klassiklər" qanadına rəhbərlik edib. Partiya 2006-cı ildən isə rəsmi olaraq Klassik Xalq Cəbhəsi Partiyası adlandırılıb. M. Mirəlioğlu indiyə kimi partiyanın sədridir.
Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasının ilk sədridir. Partiya 2005-ci ilin may ayında təsis olunub. Bu baxımdam Ə.Əliyevi də gənc sədr hesab etmək olar. 2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında Asim Mollazadə partiyanın sədri seçilib və indiyə kimi bu vəzifədə çalışır. Qulamhüseyn Əlibəyli 2008-ci ilin sentyabr ayında yaradılmış Aydınlar Partiyası sədridir. Partiya 2009-cu ilin noyabr ayının 25-də dövlət qeydiyyatına alınıb. Bu isə Azərbaycanda dövlət qeydiyyatına alınan 54-cü partiya edməkdir.
Sədri dəyişən partiyalar
21 noyabr 1992-ci il tarixində Naxçıvan Muxtar Respublikasında təsis qurultayı keçirilən Yeni Azərbaycan Partiyasına (YAP) Heydər Əliyev sədr seçilib və həmin vaxtdan 2003-cü ilə kimi o partiyaya rəhbərlik edib. Heydər Əliyevin 2003-cü ildə vəfat etməsindən 2005-ci ilə kimi partiya sədrsiz fəaliyyət göstərib. 2005-ci ildə isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev YAP-ın sədri seçilib.
Sabiq dövlət katibi Lalə Şövkət 3 iyun 1995-ci ildə yaradılan Azərbaycan Liberal Partiyası sədri seçilib. 7 iyun 2003-cü ildə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verdi və prezident seçkilərinə müstəqil namizəd, Milli Birlik Hərəkatın lideri kimi qatılıb. İndiyə kimi Əvəz Temirxan partiyanın sədr əvəzi kimi çalışır.
Sovet İttifaqı dövründə şəriksiz hakimiyyətdə olan Kommunist Partiyası imperiyanın çöküşü ilə fəaliyyətini dayandırsa da 1993-cü ilin əvvəllərindən yenidən fəaliyyətə başlayıb. Ramiz Əhmədov partiyaya sədr seçilib. O, 2007-ci ildə dünyasını dəyişdikdən sonra partiya sədri postuna Rauf Qurbanov gəlib.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 3-4 iyul 1992-ci ildə təsis edilib. Partiyanın ilk sədri Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra, partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gedib. AMİP-in keçmiş sədri Ayaz Rüstəmov 2007-ci ilin sonunda vəzifəsindən istefa verib. Siyasətə dönmək qərarı verən Yusif Bağırzadə 2010-cu il aprelin 9-da Azərbaycan Milli İstiqlal Partiyasına üzv qəbul olunub. Sabiq deputatın partiyaya qəbulu haqda qərar Siyasi Şuranın iclasında yekdilliklə çıxarılıb. AMİP-in X Qurultayında 197 qurultay nümayəndəsinin qatıldığı səsvermədə 193 səs toplayan alternativsiz namizəd Yusif Bağırzadə AMİP-in yeni sədri olub.
Əvvəl Azərbaycan Xalq Cəbhəsinə, sonra AXCP-yə rəhbərlik edən Əbülfəz Elçibəy bu vəzifəsini 2000-ci ilə kimi davam etdirib. Onun vəfatından sonra bir müddət partiya sədrsiz qalıb. 2001-ci ildə Əli Kərimli AXCP sədri seçilib və bu günə qədər öz işi davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB