Bu gun Azərbaycan Prezidentinin Latviyada görüşləri başlayır

Bu gun Azərbaycan Prezidentinin Latviyada görüşləri başlayır
Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və böyük nümayəndə heyəti ilə Latviyada səfərdədir. SİA-nın Latviya mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün saat 10:00-da Riqa Qalasında rəsmi qarşılanma mərasimi keçiriləcək və bu mərasim LTV1 kanalı ilə canlı yayımlanacaq. Sonra prezidentlər və nümayəndələr arasında danışıqların və ikitərəfli müqavilələrin imzalanması gözlənilir. Hər iki prezident Azadlıq heykəlinə əklil qoyacaq. Səfər çərçivəsində İlham Əliyevin Latviya Seyminin sədri Solvita Aboltina və baş nazir Valdis Dombrovskislə görüşü nəzərdə tutulub. İlham Əliyev həmçinin Latviya-Azərbaycan Biznes Forumunda çıxış edəcək. Yüksək vəzifəli qonaqların şərəfinə Latviya prezidenti Kiçik Gildiyada nahar və şam yeməyi təşkil edəcək.

Latviya prezidentinin beynəlxalq əlaqələr üzrə məsləhətçisi Andris Pelşs bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və geniş nümayəndə heyətinin bu ölkəyə səfəri Latviyaya böyük şərəf verib. Onun sözlərinə görə, adi praktikaya nəzər saldıqda görərik ki, dövlət başçılarının planlaşdırılan uzaq səfərləri bir neçə region ölkələrini əhatə edir, ancaq Prezident İlham Əliyevin məhz Latviyaya səfəri bu ölkə üçün böyük önəm daşıyır.

O vurğulayıb ki, Qafqaz ənənələrinə sadiq qalaraq Azərbaycan nümayəndə heyəti 100 nəfərə yaxın insanla təmsil olunur: "Latviyaya 5 azərbaycanlı nazir-xarici işlər, nəqliyyat, iqtisadi inkişaf, vergilər, fövqəladə hallar naziri səfər edib. Səfər çərçivəsində iki razılaşmanın imzalanması nəzərdə tutulur ki, bu da fövqəladə halların qarşısının alınması və ləğv edilməsi sahəsində əməkdaşlıq, vergi sahəsində isə qarşılıqlı inzibati yardım və informasiya mübadiləsini özündə əks etdirir".

Latviya prezidetinin məsləhətçisi vurğulayıb ki, iqtisadiyyatda ikitərəfli əməkdaşlığın ən mühüm sahələri yeyinti sənayesi, maliyyə xidmətləri, informasiya texnologiyalarıdır. Onun sözlərinə görə, Azərbaycan hələ SSRİ vaxtından Latviyada istehsal olunan məhsulları xatırlayır və bu gün də Latviya sahibkarları Azərbaycan bazarına yol tapırlar. A.Pelşs qeyd edib ki, Latviyadan Azərbaycan üçün xüsusi məhsullar ixrac olunur: "Azərbaycan Latviya məhsulları üçün yaxşı bazardır. Artıq Latviya sahibkarları da burada məhsulların keyfiyyətinə və qiymətinə görə necə rəqabət aparıldığını başa düşüblər".

Bütün xəbərlər Facebook səhifəmizdə