Elşən Musayev: “Əli Kərimli kimi satqın ünsürlər də bir himə bənddir” MÜSAHİBƏ
Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim, müxalifətin Soros kimi qərəzli fondlarla iş birliyində olmasına dair yeni faktlar üzə çıxır. Sizcə, müxalifət nəyə görə Azərbaycan cəmiyyətinə deyil, daha çox xarici qüvvələrlə əməkdaşlıq etməyə can atır?
- Bunun bir səbəbi var: onların ölkə daxilində kontingent və maliyyə baxımından heç bir dəstəkləri yoxdur. Ona görə də üz tutublar xaricdəki qəyyumlarına. O qəyyumlar ki, zaman-zaman Azərbaycan üzərindən qara buludlar əsdirməyə çalışıblar, o qüvvələr ki ölkəmizin uğurlarını heç vaxt həzm edə bilməyiblər, daim bizlərə münasibətdə qısqanc mövqe sərgiləyiblər. Əli Kərimli kimi satqın ünsürlər də bir himə bənddir. Pullarını ver, ardınca da nə tapşırırsan tapşır. Radikalların, qaraguruhun satmayacağı, sata bilməyəcəyi dəyər yoxdur. Öz də çox ucuz qiymətə. “Milli Şura”nın rəhbərləri siyasi mübarizəni, sivil qaydanı deyil daim təxribat xarakterli fəaliyyəti özləri üçün prioritet seçiblər. Ona görə xaricdəki stimulvericilər də eyni mövqedən çıxış edir və bunları həmin istiqamət üzərindən stimullaşdırır. Təbii, maliyyə ilə.
- “Milli Şura”nın planlaşdırdığı mitinqin baş tutmamasına görə, daha çox Əli Kərimli qınaq obyekti olur, onu ittiham hədəfinə çevirirlər. Sizcə, bu hal “Milli Şura”da qarşıdurmaların dərinləşməsinə təkan verə bilərmi?
- “Milli Şura”nın rəhbərliyindəki şəxslərin hamısı eyni ağıldadır. Biri beşinə dəyməz, beşi birinə. Bu təşkilat daxilində qarşıdurma isə lap əvvəldən var. Ta yaranışdan. Yəqin sizlərin də xatirindədir, 2013-cü il prezident seçkilərində yaranan bu təsisat axırda Cəmil Həsənlini özünə qiyabi lider seçdi. Niyə qiyabi? Çünki adam həmişə kölgədə qaldı. Sona qədər bilinmədi ki, bunun rəhbəri Əli Kərimlidir yoxsa Cəmil Həsənli. Bax həmin o haqqında danışdığım ilk məqamlarda Cəmilin bir vəziri kimi İsa Qəmbər, digər vəziri kimi isə Əli Kərimli çıxış edirdi. Yanı başından da çəkilmirdilər. Amma bir seçki yetdi ki, hamsının əsl siması açılsın, üzə çıxsın. Müsavat və AXCP funksionerləri düz bir aydan sonra media və sosial şəbəkə vasitəsilə bir-birinə olmazın şeylər dedilər, bir-birini təhqir etdilər, bir-birinə qarşı səlib yürüşünə çıxdılar, bir-birini satqınlıqda ittiham elədilər və beləcə mahiyyətlərini ortalığa qoydular. Bilirsinizmi bunları niyə xatırladıram? – Ona görə ki, məlum ünsürlər yalnız və yalnız şəxsi maraqlarını, ambisiyalarını güdürlər və hələ ortada olmayan şeyi, gücü, resursu bu şəkildə bölüşürlərsə görün iraq olsun hakimiyyətə gəlsələr, əldə bölüşdürülməsi nəsə olsa hansı hadisələr baş verər. Yəni, dediyim odur ki, qarşıdurma üçün “Milli Şura” daxilində hansısa konkret səbəbə ehtiyac yoxdur. Onlar fəsildən-fəsilə rübdən-rübə özləri bir bəhanə tapıb boğuşurlar.
- Əli Kərimli video paylaşaraq hakimiyyətə gəlməyin onlar üçün mümkünsüz olduğunu və cəbhəçilərin istənilən vaxt partiyadan istefa verməsi üçün qapının açıq olduğunu bildirib. Bu özünə inamsızlıq nədə irəli gəlir?
- Əli Kərimli özü də gözəl başa düşür ki, qatar çoxdan gedib və indi əldə edə biləcəyi tək şey fürsəti fövtə vermədən pul qazanmaqdır. Qapını isə iddialı, özü kimi ambisiyalı cəbhəçilərə göstərir. Səbəb də sadədir: Sabah gəlib pul davası döyməsinlər və buna şərik olmasınlar. Vəssalam. Özünə inamsızlıq isə tarixi proseslərin gedişində yaranıb. Nəzərinizə çatdırım ki, Əli Kərimli qorxusundan bir dəfə də olsun prezident seçkilərinə qatılıb mübarizə aparmayıb. Bu kontekstdə yalnız 2003-cü il seçkiləri istisnadır, onda da Etibar Məmmədovun yedəyi kimi meydana çıxmışdı. Əvvəldən verdiyi yazılı iltizama görər. Qalan həmişə qaçıb, ortalıqdan qeyb olub. Bu adamın tək siyasi metodu klaviatura arxasından iftiralar, yalanlar süzdürməkdir. Bu adətindən də nə zamansa çəkiləcəyinə kimsənin ümidi yoxdur. Çünki xislət, mahiyyət budur.
- “Milli Şura”da olduğu kimi AXCP-də də geniş xarakter alan gərgin vəziyyət nəticə etibarı ilə sıravi cəbhəçilərlə yanaşı rəhbər heyətlərin də buraxılmasına gətirib çıxara bilərmi?
- AXCP-nin buraxılmasına ehtiyac yoxdur. Onlar onsuzda hava şarıdır, çoxdan göyə buraxılıb. Sıralarında zatən 3-5 nəfər var, hamısı da rəhbər heyət. Guya var olsalar nə olacaq, olmasalar nə? Qalıb tarixin arxivində eşələnsinlər. Onsuzda xalq belə ünsürlərin cavabını özü verir, gərəkdiyində onlara öz layiq olduğu yeri göstərir. Nə qədər ki bizim İlham Əliyev kimi ləyaqətli, prinsipial liderimiz var, nə qədər ki meydanda hakimiyyət tərəfindən yürüdülən və Azərbaycanı inkişafa, səadətə aparan siyasət var, bu cür müxalifət həmişə kölgədə qalacaq. Radikalların yeri tarixin zibilliyidir. Onlar çoxdan keçmişdə qalıb. Əli Kərimli haqda indiki və gələcək zamanda danışmaz olmaz. Ancaq keçmiş zamanda. Ancaq və ancaq.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB