Qara qitənin bəxti qara ölkəsi olan Sudan bölünməyin astanasındadır. İngiltərə əsarətindən qurtularaq 1956-cı ildə müstəqilliyini qazanan ölkə həmin vaxtdan iki vətəndaş müharibəsinə şahidlik edib. Hər iki müharibəyə də mərkəzi hökumətdən ayrılmaq istəyən ölkənin cənub hissəsi səbəb olub. Referendumun nəticələri cənubun müstəqilliyini təsdiqləyərsə, Afrikanın neftlə zəngin ən böyük ölkəsi bölünəcək. Görünən budur ki, mərkəzi hökumət də bölunməyə qarşı deyil, təki sülh əldə olsun. Referendum öncəsi Cənubi Sudanı gedən Sudan prezidenti Ömər Əl-Bəşir referendum nəticəsi olaraq ayrılıq qərarı çıxsa belə sevinəcəyini söyləyib: "Sudanın bölünməsinə kədərlənərəm. Amma, eyni zamanda Sudanda sülh əldə etsək xoşbəxt olaram".
Referendumun nəticəsi cənubun müstəqilliyi olarsa, yeni ölkə 9 iyul 2011-ci ildə qədər yaradılacaq. Əslində, Cənubi Sudanı referenduma aparan ilk addım 2005-ci ildə atılmışdı. Şimal və cənub arasında 1983-cü ildə başlayan və 22 il davam edərək 2 milyon adamın həyatı bahasına başa gələn müharibə Keniyanın vasitəçiliyi ilə imzalanan Əhatəli Sülh Razılaşması ilə başa çatmışdı. Bu razılaşma cənuba yarı-müstəqillik qazandırmış, 5 ildən sonra öz müqəddəratını təyin etmə haqqı vermişdi.
Sudanın yaxın 50 illik tarixi cənub-şimal qarşıdurmalarından ibarətdir. Milyonlarla adamın ölümünə gətirib çıxaran, milyonları da evindən-eşiyindən edən anlaşılmazlığın təməli müstəmləkə dövrünə söykənir. Qərbli müstəmləkəçilər təbii ehtiyatlarla zəngin bu böyük ölkədən çıxarkən Afrikadakı digər ölkələrdə etdikləri kimi ciddi sərhəd və etnik problemləri saxlayıb. Bölgənin milli-mədəni xüsusiyyətləri nəzərə alınmadan çəkilən sərhədlər də qarşıdurmaların əsasını təşkil edir. Gərginlik şimaldakı müsəlmanlarla cənubdakı xristianlar arasındakı dini fərqliliklə izah edisə də, əslində məsələ irq və torpaqla bağlıdır.
Cənubun zəngin neft yataqlarınından istifadə etməyə başlaması və bu ehtiyatlara görə, Çin, Hindistan, İsrail, ABŞ kimi beynəlxalq oyunçularla əlaqə yaratması da bölünməyi sürətləndirdi. ABŞ və İsrail cənubdakı Sudan Xalq Qurtuluş Hərəkatını silahlandıran zaman Çin və Hindistan kimi yüksək inkişaf sürəti götürən ölkələr də neftin hasilatı ilə bağlı razılaşmalar imzaladı. 1996-cı ildə keçmiş adı Cənubi Sudan Qurtuluş Ordusuna 20 milyon dollar məbləğində hərbi yardım edən ABŞ bu gün Cənubi Sudanın müstəqilliyinə çalışır. İsrailin də cənubdakı liderlərlə bəzi razılaşmalar əldə etdiyi deyilir. Qərb mətbuatının Sudan ilə əlaqədar informasiyaları düzgün işıqlandırmaması, Darfurdakı siyasi böhran, Beynəlxalq Haaqa Məhkəməsinin Ömər Əl-Bəşir üçün çıxardığı həbs qərarı və Qərbin cənuba silah dəstəyi nəticəsində Xartum hökuməti müstəqilik hərəkatına əngəl ola bilmədi.
Afrika üzrə ekspert, İstanbul Universitetinin müəllimi Əhməd Kavas hesab edir ki, müstəmləkə dövründən qalan problemlər ölkədəki sabitliyə, inkişafı maneə törədib: "Bu ölkələr inkişaf edən dünya ilə heç cür ayaqlaşa bilmədi Vətəndaş müharibələri və hərbi çevrilişlər adi hala çevrildi. Müstəmləkə dövründə misionerlər Cənubi Sudan ilə xüsusi maraqlandılar, bölgəni xristianlaşdırma mərkəzinə çevirdilər. Avropalılar Sudanın parçalanması üçün bu bölgədəki xristian azlıqdan istifadə etdilər. Qərb dünyasında "cənubdakı xristianlar qətl edilir" ifadəsi parçalanmanın təməlini din zəmin üzərinə çəksə də, əslində vəziyyət başqa cürdür. Son 10 ildə baş verən qarşıdurmaların böyük hissəsi torpaq və etnik problemlərə söykənir".
Son 10 ildir ki, Cənubi Sudan "xristian bölgəsi" adlandırılsa da buradakı xristianların sayı 20-30 faiz arasındadır. Müsəlman əhalisi sayı isə 10-18 faizdir. Animist adlandırılan və yerli inanclarla bağlı əhali isə 60-70 faizdir. Cənubi Sudanda 100-dən çox yerli dildən istifadə edilir. Bir sözlə, Cənubi Sudanı "xristian bölgəsi" adlandırmaq mümkün deyil. Müstəqillik hərəkatına isə əksəriyyəti xaricdə təhsil alan siyasi təbəqə rəhbərlik edir. Cənubi Sudandakı xristian azlıq iqtidarı əlində saxlayan Sudan Xalq Qurtuluş Hərəkati ətrafında toplanıb. Sudan Xalq Qurtuluş Ordusu Əhatəli Sülh Razılaşmasından sonra siyasi partiyaya çevrilib.
Afrikanın ən böyük, dünyanın 10-cu böyük ölkəsini bölünməyə aparan əhəmiyyətli faktor neft ehtiyatlarıdır. 2003-cü ildən çıxarılmağa başlanılan neft ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyətlidir. Gündəlik 500 min barrel neft hasil edən Sudan OPEC-in müşahidəçi üzvüdür. Sudan neftdən hər il 10-15 milyard dollar əldə edir. Çin-Malayziya-Hindistanın ortaqlığı ilə çıxarılan Sudan neftinin təxminən 80 faizi Cənubi Sudanda çıxarılır. Neftdən gələn gəlirin ölkə büdcəsinin 98 faizini təşkil etdiyini nəzərə alsaq, parçalanmadan sonra şimalın nələr itirəcəyini başa düşmək çətin deyil. Başqa bir problem isə zəngin neft ehtiyatları olan Abyei bölgəsidir. Əhatəli Sülh Razılaşmasına görə, Abyeinin də taleyi referendumla həll edilməli idi. Lakin bu məsələ təxirə salınıb. Abyei hər iki tərəf üçün strateji əhəmiyyətə malikdir. Zəngin neft ehtiyatlarının itkisi ilə heç bir tərəf barışmaq istəmir. Xartumun dənizə çıxışının olması və sahib olduğu neft boru xətti onun mövqeyini gücləndirir. Cənubi Sudan neftinin dünya bazarına daşınması üçün ən qısa və etibarlı yol Şimali Sudandan keçir. Neftin 70-80 faizi cənubda olsa da, infrastrukturun hamısı şimaldadır. Çin və Hindistan hər iki tərəfi özündən uzaqlaşdırmamağa çalışır, ABŞ, İngiltərə və İsrail isə birmənalı olaraq cənubu dəstəkləyir. İllik 8 milyard dollarlıq neft gəlirinə sahib olan Cənubi Sudan müstəqil olsa belə onun böyük oyunçular arasında əzilməsi qaçılmazdır.
Bölünmə Sudana və bölgəyə sabitlik gətirəcəkmi? Ekspertlər bu suala birmənalı cavab verir: Bölünmə yeni milli və beynəlxalq problemlərə qapı açacaq. Dünyanın 193-cü dövləti yeni sərhəd problemləri yaradacaq. Bölünmənin Afrika qitəsində yeni müstəqillik hərəkatlarına yol açacağından narahatlıq ifadə olunur. Müstəqillikdən sonra Sudan və Şərqi Afrikadakı güc tarazlığının yeni şəkil alacağı gözlənilir. Bölünmə Konqonun gələcəyini və yenidən alovlanan Fildişi Sahilindəki şimal-cənub qarşıdurmasına təsir edəcək.
Ekspertlər problemin həllinin bu qədər çətin olmasında ABŞ-ı günahkar hesab edir. ABŞ-ın Sudandakı proseslərə dini bir eynəklə baxdığı bildirilir. Əhməd Kavas bunun iki təməl səbəbinin olduğunu deyir: "Amerikadakı xristian qruplar Sudan Xalq Qurtuluş Hərəkatı ilə çox yaxın əlaqəyə malikdir və ABŞ ictimaiyyətini çox ciddi şəkildə istiqamətləndirirlər. Bu təşkilatların 1994-cü ildəki Ruanda soyqırımında heç səsi çıxmadığı halda Sudandakı vəziyyətin şişirdilməsində aktiv rol almasının başqa bir şərhi yoxdur. İkinci səbəbi isə odur ki, bu gün ABŞ və Çin arasında Afrika qitəsi üzərindəki soyuq müharibənin ən əhəmiyyətli mərkəzlərindən biri Sudandır".
Görəsən, Cənubi Sudan ABŞ-Çin rəqabətinə, İsrailin Nil oyununa və neft nəhənglərinin döyüşünəmi qurban edilir?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB