Ərdoğan Almaniya baş nazirinin üzr istəməsini tələb edib

Ərdoğan Almaniya baş nazirinin üzr istəməsini tələb edib

Almaniyanın baş naziri Angela Merkelin Kıbrısla bağlı açıqlamalarına Türkiyədən sərt reaksiyalar davam edir.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Merkelin "Kıbrıs məsələsinə rum tərəfi üzərinə düşəni etdi, türk tərəfi addım atmadı" açıqlamasını dəyərləndirən prezident Abdullah Gül "Avropanın ən güclü ölkəsinin bu tip problemlərə daha diqqətli yanaşmasını, daha konstruktiv olmasını gözləyərdim" deyib. Gül rum kəsiminin Avropa Birliyinin təməl prinsipləri pozularaq ittifaqa üzv qəbul edildiyini söyləyib: "Kıbrıs problemi həll olmadan rum kəsimi Avropa Birliyinə üzv olmamalıydı. 2004-cü ildə referenduma çıxarılan Annan planı eyni zamanda Avropa Birliyinin də planıydı. O zaman Avropa Birliyinin genişləməyə məsul komissarı olan Günter Verhegen "rumlar bizi aldatdı" demişdi. Hörmətli Merkel bunları bilərək danışmalıydı. Açıqlamalarına üzüldüm".

Baş nazir Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Merkelin açıqlamaları onun Kıbrıs məsələsindən nə qədər uzaq olduğunu göstərir: "Merkelin açıqlamaları türk tərəfini incitdiyi qədər tarix bilgisindən məhrum ifadələrdir və hörmətli baş nazirin öncəki ifadələri ilə ziddiyyət təşkil edir. Almaniyanın baş naziri Kıbrıs məsələsindən nə qədər bixəbər olduğunu bu son açıqlamaları ilə göstərib".

Ərdoğan Merkelin bu açıqlamalara görə üzr istəməsini tələb edib: "Bu davranış və açıqlamalar uzaqgörən bir lider görüntüsü yaratmır. Hörmətli Merkelin tarix bilgisini nəzərdən keçirməsini və adada uzlaşma üçün hər cür fədakarlığı göstərən türk tərəfindən üzr istəməsini gözlədiyimizi də burada ifadə etmək istəyirəm".

Ərdoğan Merkelin rum kəsiminə şirin görünmə səylərinin də son dərəcə diqqət çəkici olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə