Seysmoloji Xidmət Mərkəzinin Elmi-texniki Şurasının iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-texniki Şurasının iclası keçirilib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, iclasda AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin 2010-cu ildə aparılmış elmi-istehsalat işlərinin hesabatları müzakirə edilib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişlinin sədrliyi ilə keçirilən müzakirələrdə 2010-cu ildə elmi tədqiqatların nəticəsinə dair seysmoloji, geokimyəvi və geofiziki bölmələr elmi tədqiqatların nəticəsinə dair hesabatlar dinlənilib.
AMEA RSXM-ın "Seysmoloji və geodinamik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli "Zəif seysmiklik əsasında Azərbaycanda ocaq zonalarının müəyyənləşdirilməsi" mövzusunda 2008-2010-cu illərdə aparılmış elmi-tədqiqat işlərinin nəticəsinə dair hesabatı təqdim edib.
Qeyd edək ki, bu hesabat son illər Azərbaycan ərazisindəki seysmogen vəziyyətlə bağlı əldə edilmiş materiallar əsasında hazırlanıb.
AMEA RSXM "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi Səidə İsmayılova isə "2010-cu ildə Azərbaycan və ətraf bölgələrin seysmikliyi" mövzusunda hesabatı təqdim edib.
Məruzəçi çıxışı zamanı bildirib ki, Respublika ərazisində peyk rabitəli telemetrik seysmik stansiyaların sayının artması Azərbaycan ərazisində və ona bitişik yerlərdə baş verən zəlzələlərin qeydiyyatında da müsbət nəticə verir. Belə ki, telemetrik seysmik stansiyaların sayının artması əvvəllər qeydə alınması mümkün olmayan zəif təkanların qeydə alınmasına da imkan yaradır.
Hesabatların təqdimatından sonra AMEA RSXM-ın Elmi-Texniki Şurasının üzvü, gelogiya-mineralogiya elmlər doktoru Pərviz Məmmədov çıxış edib. AMEA RSXM-də son illər aparılan işləri və əldə edilmiş elmi nəticələri yüksək qiymətləndirən P.Məmmədov çıxışı zamanı bir sıra təkliflər irəli sürüb.
O, AMEA RSXM-də son illər əldə olunan məlumatların kifayət qədər maraqlı olduğunu və bu məlumatların gənc alimlər üçün yeni elmi araşdırma mövzusu ola bilməsinin mümkünlüyünü də istisna etməyib.
Müzakirələrdən sonra AMEA RSXM-ın Elmi-texniki Şurası təqdim olunan hesabatların qəbul edilməsi barədə qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB