"Dünyanın hazırkı gərgin vəziyyətinə görə müqəssir axtarılırdı" ÖZƏL-RƏY

“Ümumiyyətlə, 55-ci Münhen təhlükəsizlik konfransı bir sıra səciyyəvi tərəfləri ilə yadda qaldı. Belə ki, hər şeydən öncə iştirakçılar qlobal təhlükəsizlik məsələlərini çox da aktual müzakirə etmədilər. Konfransın işindən yadda qalan əsasən qarşılıqlı ittihamlar oldu. Hiss olunurdu ki, əsasən dünyanın hazırkı gərgin vəziyyətinə görə müqəssir axtarılırdı. Bu baxımdan, hesab edirəm ki, həm sonuncu, həm də bundan əvvəlki konfranda beynəlxalq təhlükəsizlik məsələlərin müzakirəsi və təhlükəsizlik məsələlərinin həlli ciddi diqqət mərkəzində olmayıb”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, Münhen Təhlükəsizlik konfransı təhlükəsizlik məsələlərinin müzakirə olunduğu effektiv platforma statusunu itirməkdədir: “Bunun göstəricilərindən biri də gözlənilənlərin əksinə olaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutmamasıdır. Halbuki Münhen Təhlükəsizlik konfransı kimi önəmli bir platformada bu görüşün keçirilməsi əhəmiyyətli ola bilərdi. Xüsusilə Ermənistanın ziddiyyətli mövqeyi, münaqişənin dinc tənzimlənməsi prosesinə kölgə salan bəyanatlardan sonra bu görüş vacib idi. Çünki, ən azından Ermənistanın son mövqeyinin müəyyənləşdirilməsi imkanı yaranardı.

Hesab edirəm ki, bu görüşün keçirilməməsinin başlıca səbəbi ondan ibarət idi ki, birincisi, dünya dövlətləri arasında konfrantasiya getdikcə dərinləşir və qarşılıqlı ittihamlar digər problemləri diqqətdən kənarda qalır. İkincisi, Ermənistan hakimiyyəti danışıqlara hazır olmadığını nümayiş etdirir. Buna görə də ziddiyyətli mövqe nümayiş etdirir. Bu məqamda nəzərə almaq lazımdır ki, Normand dördlüyünün görüşü də keçirilmədi. Deməli, heç Ukrayna problemi də Qərb üçün əvvəlki aktuallığı kəsb etmir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...