İlham Əliyev: "Bu səfər Avropa təsisatları ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır"
"Azərbaycan tərəfi Avropa Komissiyasının sədrinin səfərini gözləyirdi. Çox şadam ki, bu ili belə bir mühüm səfərlə başlayırıq və bu, bizim münasibətlərimizin səviyyəsinin və keçmişdə apardığımız əməkdaşlığın göstəricisidir. Əminəm ki, bu səfər Avropa təsisatları ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə geniş tərkibdə görüşü zamanı səsləndirib.
"Münasibətlərimizin artıq yaxşı tarixi və səmərəli gələcək perspektivləri vardır. İkitərəfli gündəliyimiz çox genişdir və bu gün ətraflı şəkildə müzakirə etdiyimiz bir çox sahələri əhatə edir. Səmimi müzakirələrə və açıq söhbətə görə çox minnətdaram. Bu, çox faydalı və səmərəli oldu. Əminəm ki, bu ilin yaxşı başlanğıcı bütün məqsədlərimizin həyata keçirilməsinə zəmin yaradacaqdır. Bu baxımdan enerji təhlükəsizliyi, siyasi və iqtisadi islahatlar kimi məsələlər nəzərdə tutulubdur.
Bildiyiniz kimi, Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri vardır. Ona görə hesab edirik ki, bu səfər münasibətlərimizi irəliyə doğru aparacaq və gələcəkdə biz bir çox müsbət nəticələrin şahidi olacağıq. Bir daha Azərbaycana xoş gəlmisiniz!" - Azərbaycan Prezidenti deyib.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Bakıda olmağından çox məmnun qaldığını bildirib. "Sizin xeyirxah dəvətinizi məmnunluqla qəbul etdim. Fikrimcə, bu səfər Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyədə olan münasibətlərin daha da genişləndirilməsi üçün fürsətdir.
Azərbaycan bizim bu regiondakı etibarlı tərəfdaşımızdır. Biz bunu əvvəllər də bəyan etmişdik, indi isə bir daha bunu əyani şəkildə görürük. 2008-ci ildə ölkənizdə nümayəndəliyimizi, indi isə səfirliyimizi açmışıq. Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, artım tempiniz çox yüksəkdir. Deyərdim ki, bu, dünyada ən yüksək tempdir. Bilirəm ki, cəmiyyətiniz də çox dinamik cəmiyyətdir. Mən bunu alqışlayıram. Eyni zamanda, Azərbaycanın beynəlxalq məsələlərdə, xüsusən də terrorçuluğa qarşı mübarizədə oynadığı mühüm rolu yüksək dəyərləndirirəm. Azərbaycan müəyyən ölkələrdə davam edən münaqişələrin qarşısının alınmasına da öz töhfəsini verir. Sizin bu məsələlərdə tutduğunuz mövqe xüsusi əhəmiyyət kəsb edir" - o bildirib.
Xose Manuel Barrozunun sözlərinə görə, enerji ikitərəfli münasibətlərin təməl daşıdır. "Biz bu məsələləri də müzakirə edəcəyik. Lakin aydın şəkildə onu da bəyan etmək istəyirik ki, münasibətlərimiz təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır. Biz ümumi maraq doğuran məsələlərə əsaslanan daha geniş münasibətlər qurmaq əzmindəyik" - o deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB