Viktor İvanov: “İmzalanan saziş Dağlıq Qarabağdakı narkotiklərin trafiki problemi üzərində işləməyə kömək edəcək”
Azərbaycanla Rusiya arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq barədə saziş imzalanıb. Bu sözləri Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətinin (NDNFX) direktoru Viktor İvanov bu gün keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın narkotiklərə qarşı mübarizə sahəsində əməkdaşlığı effektli və məhsuldardır və əməkdaşlıq iki il əvvəl Rusiya və Azərbaycanın müvafiq qurumları arasında imzalanmış plan əsasında həyata keçirilir: "Səfərin gedişində Rusiya Narkotiklərə Nəzarət Federal Xidməti ilə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi arasında narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq barədə saziş imzalanıb. Biz Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovla ölkələrimiz üçün vəziyyətin kriminallaşdırılması, narkoasılılığın artırılması, narkokartellərin yaradılması və terrorçu qrupların maliyyələşdirilmə mənbələri kimi risk trafiklərinin qiymətləndirilməsi üzrə razılığa gəldik. Azərbaycandan yeni sintetik narkotiklərin trafiki keçir və imzaladığımız saziş narkotiklərin yeni versiyasına reaksiya mexanizminin işlənib hazırlanmasını nəzərdə tutur".
Onun sözlərinə görə, bu saziş Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan narkotiklərin trafiki problemi üzərində işləməyə də kömək edəcək.
Viktor İvanov bildirib ki, iki ölkənin əməkdaşlığı nəticəsində İrandan Azərbaycanı keçməklə Rusiyaya iri həşiş partiyasının keçirilməsinin qarşısı alınıb. Əməliyyat zamanı narkotik qaçaqmalçılarında bir tondan çox həşiş aşkarlanaraq müsadirə olunub: "Ölkələrimizin problemi ondan ibarətdir ki, Əfqanıstan fenomenal miqdarda narkotiklər istehsal edir. Azərbaycan üçün İrandan keçirilməklə ölkəyə gətirilən həşiş böyük problem yaradır. Biz bu problemin həllində İranla daha fəal əməkdaşlıq etmək fikrindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB