Ermənistan torpaqları qaytarmaq məcburiyyətindədir TƏHLİL

Ermənistan torpaqları qaytarmaq məcburiyyətindədir TƏHLİL

Erməni xarici işlər naziri Zöhrab Mnatsakanyanın Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşə tələsməməyə çağırması xarici işlər nazirinin bu görüşdən ehtiyatlandığını təsdiq edir. Mnatsakanyan Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda konstruktiv mühitin saxlanıldığını qeyd etməsi isə yuxusunun ərşə çəkildiyindən xəbər verir.

Bundan başqa, Ermənistan mətbuatının məlumatına görə, Zöhrab Mnatsakanyan Almaniya Baş naziri Angela Merkelin Baş nazir Nikol Paşinyanın cəsarətli addımları barədə bəyanatına münasibət bildirib. Ermənistanın xarici işlər nazirinin sözlərinə görə, guya ki, Merkel sülh haqqında danışıqları belə hünər hesab edir. Əslində isə Almaniyanın Baş naziri də çox yaxşı başa düşür ki, işğalçı ölkənin sülh haqqında danışıqlara razılaşmasından başqa qurtuluşu yoxdur və bu hünər deyil, sadəcə çıxış yoludur.

Dağlıq Qarabağ ərazisində hansısa bir dövrdə ermənilərin məskunlaşması torpaqların onlara məxsus olması anlamına gələ bilməz

Maraqlıdır, sülh haqqında danışıqlar nədənsə rəsmi İrəvan üçün "qırmızı xətt" hesab olunur. Məhz buna görə də Qarabağ münaqişəsinin həllində Ermənistanın mövqeyini təyin etməkdə təkcə azərbaycanlı deyil, bir çox Qərb və Rusiya ekspertləri çətinlik çəkirlər. Yəni bu işğalçı ölkənin mövqeyini təyin etmək elə də asan deyil və bəlkə də işğalçıların mövqesizliyi səbəbindən bu belədir. Bu mövqesizlik Ermənistan ictimaiyyətini də təəccübləndirir və onlar üçün də öz ölkə başçılarının prinspləri anlaşılan deyil. Sputnik Armeniya etiraf edir ki, Ermənistanın hakimiyyət orqanları Madrid prinsiplərinin qiymətləndirilməsindən uzaqlaşır, hətta qorxurlar.

Heç də başa düşmək çətin deyil ki, erməni tərəfi torpaqları Azərbaycana qaytarmaqdan boyun qaçırmağa çalışır. O torpaqlardan söhbət gedir ki, onlar tarix boyu ermənilərə deyil, azərbaycanlılara, Azərbaycana məxsus olub. Həmin torpaqlara heç Sovetlər dövründə belə ermənilərin bizimdir deməyə cürəti çatmırdı. Çoxsaylı ekspertlər belə etiraf edirlər ki, Dağlıq Qarabağ ərazisində hansısa bir dövrdə ermənilərin məskunlaşması torpaqların onlara məxsus olması anlamına gələ bilməz. Dağlıq Qarabağa Sovet hakimiyyəti dövründə müxtariyyət verilməsi nə bu ərazilərin Azərbaycandan alınaraq Ermənistana verilməsi deməkdir, nə də bu ərazilərdə erməni əsillilərə verilən yaşamaq imkanları torpaqların ermənilərə məxsusluğu demək deyil.

Ermənilər şərt qoymaq halında deyillər, yaxud bazarlıq etmək tamailə yersizdir və Azərbaycan torpaqları bazarlıq predmeti ola bilməz

Ekspertlər xüsusilə etiraf edirlər ki, Ermənistanda Azərbaycanla müharibədən çox qorxurlar. Bunu erməni əsillilər də gizlətmirlər və təşvişin kökündə məhz bunun dayanması gün kimi aydındır. Ermənistan tərəfinin kompromisə hər zaman getməli olması məcburiyyətində olduğu barədə erməni əsilli ekspertlərin rəyi də məhz bu səbəbdəndir. Gah yeddi rayonun qaytarılması, gah hansısa ərazilərin boşaldılması barədə fikirlər də əbəs yerə deyil və ermənilər hamıdan yaxşı başa düşürlər ki, Azərbaycanla artıq müharibə aparmaq iqtidarında deyillər. Tərəflərin güclərini müqaisə belə etmək mümkün deyil və Azərbaycan tərəfi istər hərbi, istər iqtisadi, istərsə də hərhansı sahədə rəqibindən dəfələrlə güclüdür.

Ermənilər şərtləri dəyişmək, şərt qoymaq halında deyillər, yaxud bazarlıq etmək tamailə yersizdir. Əks halda, müharibənin qaçılmaz olduğunu erməni tərəfi yaxşı bilir və qorxu da məhz bu səbəbə görədirsə, deməli, heç bir şərtdən, bazarlıqdan söhbət gedə bilməz. Azərbaycana məxsus, özü də ermənilərin işğal etdikləri torpaqları qaytamaq əvəzinə hansı şərtin qoyulması nəzərdə tutula bilər ki? Bu ümumiyyətlə absurd səslənir. Qarabağa, Azərbaycana məxsus olan torpaqlar azərbaycanlılarla ermənilər arasında bazarlıq predmeti necə ola bilər?

Borclu olan tərəf Ermənistan tərəfidir və məhz bu səbəbdən də bütün suallar da, tələblər də hədəfə, işğalçı ölkəyə yönəlib

Nikol Paşinyan özü, nə üçün bütün suallar Azərbaycana deyil, Ermənistana ünvanlanır deyə mütəmadi olaraq təəccüblənir və bu təəccübünü gizlətmir də. Əslində, baş nazirin bu təəccübü elə məsələnin açılışı hesab oluna bilər. Sual oluna bilər: Azərbaycana hansı sual ünvanlana bilər? Öz torpaqlarını niyə geri qaytarmaq istəyir sualı verilməlidirmi Azərbaycan tərəfinə? Yaxud, Azərbaycan Ermənistana nə qaytarmalıdır ki, ona suallar da ünvandırılsın?

Qaytarmalı olan Ermənistan tərəfidir və məhz bu səbəbdən də bütün suallar hədəfə yönəlib. Əbəs yerə deyil ki, tələblər də işğalçı ölkəyə ünvanlanır. Çünki, ermənilərin borclu olduğu zərrə qədər şübhə doğurmur. Bəli, Ermənistan Azərbaycana borcludur. Ən azından torpaqlarını qaytarmağı borcludur. Borclu olduğunu da çox yaxşı başa düşür. Doğrudur, işğalçı tərəf zəbt etdiyi, ələ keçirdiyi torpaqları mümkün qədər əlində saxlamağa çalışır və bütün oyunlarının da başında məhz bu prinsp dayanır. Amma bir məsələ də var ki, tərəflər özləri də, beynəlxalq ictimaiyyət də bilir ki, torpaqlar, yəni Azərbaycana məxsus zəbt olunmuş Dağlıq Qarabağ əraziləri qaytarılmalıdır.

Ermənistan tərəfi məsləhətləri dinləmək və eşitmək istəmir. Daha doğrusu tutarlı arqumentlərə əsaslanan və münaqişənin həllinə istiqamətlənən tövsiyyələr sərf etmədiyi səbəbdən hər yolla böyun qaçırmağa cəhd edir. Amma işğalçı tərəf onu da çox yaxşı başa düşür ki, bundan sonra nə vaxt qazanmaq kimi oyunlara, nə müxtəlif bəhanələrə əl ata bilməyəcək, nə də şərtlərlə çıxış edə bilməyəcək. Çünki, artıqlaması ilə vaxt da qazanıblar, bəhanələrdən də izafi dərəcədə istifadə ediblər və şərt qoymağa, bazarlıq etməyə də heç bir əsasları, haqları yoxdur. Deməli, yalnız bir yol qalır ki, o da bəllidir: Ermənistan torpaqları qaytarmaq məcburiyyətindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə