“Rossiya” kanalı ilə “Azərbaycana aparan yol”

“Rossiya” kanalı ilə “Azərbaycana aparan yol”

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu "Azərbaycana aparan yol" teleproqramının ikinci verilişini efirə buraxıb. SİA-nın xəbərinə görə, teleproqram "Rossiya" (kanalının "Vesti-24") verilişində hər həftə saat 20-30-da yayımlanacaqdır. Ölkəmiz barədə birinci proqram "Rossiya" kanalının Yekaterinburqa qoşulan efir vaxtında yanvarın 9-da nümayiş etdirilib.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov bildirib ki, bu layihə ölkəmizin Yekaterinburqdakı konsulluğunun tam təşkilati dəstəyi ilə ilk dəfə həyata keçirilir. "Azərbaycana aparan yol" teleqroqramının birinci verilişi "OTV" Yekaterinburq vilayət televiziyasının efirində 2010-cu il avqustun 7-də rus dilində yayımlanıb. O vaxtdan etibarən hər həftə Ural, Uzaq Şərq, Sibir, habelə Şərqi Avropa və Mərkəzi Asiya en dairələrində yayımlanır.

S.Qasımov xüsusi vurğulayıb ki, proqramın hazırlanması və miqyasının genişləndirilməsi Rusiya və Azərbaycan arasında dostluğu möhkəmləndirmək, iqtisadi və mədəni əlaqələri, habelə humanitar, elm və texnika sahələrində münasibətləri inkişaf etdirmək məqsədi daşıyır.

Teleproqramda Azərbaycanın bugünkü uğurlarından, onun görməli yerlərindən və bənzərsiz simasından söz açılıb. Silsilə verilişlərdə həmçinin Azərbaycan mətbəxi, ölkəmizin turizm potensialı, Rusiyada yaşayan məşhur azərbaycanlılar, konsert proqramları və ölkəmizin mədəni həyatı barədə süjetlər təqdim ediləcəkdir.

Bundan əlavə, televiziya proqramında Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə və onun hüdudlarından kənarda irimiqyaslı fəaliyyətindən, habelə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və iri humanitar tədbirlərdən bəhs edən rəsmi xronika bloku nümayiş etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə