Radikal müxalifət isə bu hava altında oynamaqda davam edir
Azərbaycanda həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verir və reallaşdırılan islahatların dinamikliyi də belə deməyə zəmin yaradır ki, bir sıra xarici təşkilatlar bu gerçəklikdən narahat olurlar, qıcıqlanırlar. Məhz “Freedom House” adlı təşkilat da həmin qərəzli qurumlardan biridir və hər il ölkəmizlə bağlı hesabatında açıq-aşkar “simasını” göstərir. “2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti haqqında” adlı hesabatda da eyni hal müşahidə olunub və Azərbaycanın 11 xal topladığı deyilir. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək “qismən azad” ölkələr siyahısında yer alıblar ki, burada da aşkar qərəzin olması göz önündədir. Digər tərəfdən, “Freedom House”nin işğal altındakı Dağlıq Qarabağ ərazilərimizin ayrıca dövlət kimi göstərilməsi isə, artıq həyasızlığın son həddi kimi qiymətləndirilməlidir. Hətta "Dağlıq Qarabağ Respublikası" "qismən azad" olaraq qeyd olunub.
Bu qurumun anti-Azərbaycan xarakterli fəaliyyət göstərmək missiyasını üzərinə götürməsi artıq fakta çevrilib.
Ümumiyyətlə, Azərbaycanda demokratikləşmə, insan hüquq və azadlıqlarının təsbit edilməsi və mətbuat, sosial media istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin əldə etdiyi ardıcıl nailiyyətləri görməzlikdən gələn bu qurumun anti-Azərbaycan xarakterli fəaliyyət göstərmək missiyasını üzərinə götürməsi artıq fakta çevrilib. Yalnız “Freedom House” deyil, eyni zamanda, “Human Rights Watsh”, “Amnistey İnternational” kimi subyektiv məqsədlərə xidmət göstərən anti-Azərbaycan xarakterli təşkilatlar ölkəmizin demokratik və milli maraqlarına qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər. Halbuki, Azərbaycanın ictimai-siyasi dairələri dəfələrlə bir sıra beynəlxalq təşkilatların hesabatlarının qərəzli olması barədə fikirlər bildirməklə, haqlı etirazlarını bəyan ediblər.
Hətta işğal altında olan Qarabağımızın “qismən azad olan ölkə” olaraq, qurum kimi təqdim edilməsi radikallara heç bir təsir göstərmir
Lakin daha bir hiddət doğuran məqam, “Freedom House”nin bəlli və riyakar hesabatlarına radikal müxalifət düşərgəsi “liderlərinin”, onların sosial şəbəkə dəllallarının sevincli hisslər bildirmələridir. Belələri sanırlar ki, Azərbaycanı hədəfə alan istənilən təşkilat, hətta Ermənistanla ən yaxın olan dairələr bunların hakimiyyətə gəlmək “şanslarını” artırır. Hətta işğal altında olan Qarabağımızın “qismən azad olan ölkə” olaraq, qurum kimi təqdim edilməsi radikallara heç bir təsir göstərmir. Əksinə, onlar “Freedom House”nin işğalçıların, separatçıların maraqlarından çıxış etməsini açıq-aşkar, htta izafi siyasi həyasızlıqları ilə dəstəkləyirlər. Əbəs deyil ki, bu gün AXCP, Müsavat, REAL və s. müxalifət partiyaları, həmçinin “Milli Şura” tipli satqın qurumlar sosial şəbəkələrdə sözügedən böhtan xarakterli “hesabata” dəstək göstərməkdədirlər. Bu isə onların bilavasitə erməni lobbisi ilə aşkar əlaqələrinin bariz sübutudur. Sual oluna bilər ki, nəyə görə sizlər – müxalifətçi siyasi partiya nümayəndələri olaraq, Dağlıq Qarabağın Azərbaycanın işğal altındakı əraziləri olduğuna görə, “Freedom House”nin “hesabatına” mənfi, ittiham edici fikirlər bildirmirsiniz? Məhz bu reallıq bir daha həmin ünsürlərin yalnız satqınçılıq xislətlərinə malik olmalarını kifayət qədər sübuta yetirir.
Bütövlükdə isə, Azərbaycan xalqının böyük əksəriyyəti ölkədə reallığın nə olduğunu yaxşı bilir. Qanuna hörmət edən hər bir şəxs ölkəmizdə yaşayıb, yaradıb, təhsil alıb, işləyə bilir. Ölkəmizdə dini tolerantlıq, multikulturalizm dəyərlərinin qorunub-inkişaf etdirilməsi ən aparıcı Qərb ölkələrinə nümunədir, örnəkdir. O cümlədən, Azərbaycan demokratik, hüquqi dövlət olmaqla, demokratiya uğrunda apardığı işləri davam etdirir. Bu cür ermənipərəst təşkilatların qondarma hesabatları isə, həm onların, həm də onlara dəstək göstərən “sapı özümüzdən olan baltaların” iç üzünü, kirli maraq və siyasi həyasızlıq məramlarını ortaya qoyur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB