Xəzər və Orta Şərq enerji mənbələrinin Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutan "Nabucco" təbii qaz boru xətti yenidən gündəmdədir. Rusiyanın "gələcəyi yoxdur" dediyi "Nabucco"nun doldurulması üçün Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso və Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycan və Türkmənistana 13-15 yanvar tarixlərində səfər edəcək. Səfər dünya ölkələrinin çoxunda medianın gündəmindəki başlıca məsələlərdəndir. SİA-nın məlumatına görə, Türkiyənin "Cihan" xəbər agentliyi səfərin əhəmiyyəti ilə bağlı şərh verib. Agentlik səfər çərçivəsində AB və Azərbaycan arasında enerji əməkdaşlıq mövzusunda ortaq bir deklarasiyonun imzalanmasının gözlənildiyini yazıb.
"Nabucco" ilə bağlı nikbin və bədbin fikirlər
Səfərdən əvvəl mətbuat konfransı keçirən X.M.Barroso həm Azərbaycanın, həm də Türkmənistanın AB-nin ortağı olduğunu və əlaqələrin daha da yaxşılaşacağını söyləyib. O, uzunmüddətli enerji təhlükəsizliyi baxımından tələb və təklif tarazlığında müxtəlifliyin təmin edilməsinin vacib olduğunu qeyb edib. "Nabucco" təbii qaz boru xəttinin inşasını müsbət qarşılamayan Rusiya baş nazirinin müavini İgor Seçin bir müddət əvvəl verdiyi açıqlamasında kəmərin gələcəyinin olmadığını söyləmişdi. "Nabucco Gas Pipeline International GmbH." şirkətinin prezidenti Reynhard Mitçek isə başqa cür düşünür. O, hesab edir ki, 2012-ci ildə təməli atılacaq xətlə 2015-ci ildə təbii qazın ilk nəqli həyata keçiriləcək. AB-nin enerji məsələləri üzrə komissarı G.Ottinger də "Nabucco" ilə bağlı nikbin düşünür. AB enerji komissarı hesab edir ki, "Nabucco" Rusiyanın "Cənub axını" təbii qaz boru xətti layihəsi ilə rəqabət aparmaq gücünə malikdir. Qarşıdakı illərdə Avropanın təbii qaz istehlakının artacağına diqqət çəkən Ottinger enerji xətlərinin şaxəliliyinin təmin edilməsinin prioritet olduğunu söyləmişdi. Avropanın təbii qaza olan ehtiyacın 25 faizini ödəyən Rusiya da "Cənub axını" təbii qaz boru xətti layihəsini 2015-ci ildə tamamlamağı hədəfləyir. Bu iki boru xəttinin bir-biri ilə rəqabət aparacağını desələr də, bəzi ekspertlər Avropa enerji nəqlini nəzərdə tutan "Nabucco" və "Cənub axını" xəttlərinin birləşməsinin mümkün hesab edir. Türkiyənin "iki layihə rəqib deyil, Rusiya da "Nabucco"ya daxil ola bilər" yanaşmasına İtalyanın enerji şirkəti "ENİ" də dəstək vermişdi. Şirkət iki xəttin birləşdirilməsini təklif etmişdi. ABŞ-ın İtaliyadakı səfiri David Torne də "İtalyan La Stampa" qəzetinə açıqlamasında Rusiya və AB-nin ortaq bir təbii qaz boru xətti inşasının mümkünsüz olmadığını söyləmişdi.
Qeyd edək ki, "Nabucco" Xəzər bölgəsi və Orta Şərqin təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməridir. Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanın Türkmənistan və Azərbaycan qazı ilə təmin olunmasını nəzərdə tutan təbii qaz boru xətti layihəsində indi ciddi irəliləyiş müşahidə edilmir. Planlaşdırılan bu xəttin ümumi uzunluğu 3300 km-dir. "Nabukko" təbii qaz boru xəttinin minimum 25, maksimum 31 milyard barrel illik daşıma həcminə sahib olması və 2012-ci ildə istismara verilməsi nəzərdə tutulur. Xəttin ümumi xərclərinin təxminən 8 milyard dollar olacağı ehtimal edilir. 3300 kilometrlik bu boru xətti layihəsində "OMV" (Avstriya), "Bulgargaz" (Bolqarıstan), "MOL" (Macarıstan), "Transgaz" (Rumıniya) və "BOTAŞ" (Türkiyə) iştirak edir. Alman "RWE" Qaz Şirkəti 5 fevral 2008-də Vyanada təşkil olunan iclasda "Nabukko"nun altıncı ortağı olub. Həmçinin Fransa şirkəti olan "Gas da France" də bu layihəyə qoşulmaq istəyini bildirib.
"Nabucco" Avropanın Rusiyadan asılılığını azaldacaq
"Nabucco" tək başına AB-ni Rusiya təbii qazına asılılıqdan qurtaracaq bir layihə deyil. Ancaq boru xətti başda İngiltərə və Hollandiya olmaqla Avropadakı təbii qaz istehsalının sürətlə azalması və istehlakın artmasıyla hər keçən il idxal qazından daha çox asılı hala gələn AB-nin Rusiyaya olan asılılığını bir müddət aradan qaldıracaq bir layihədir. AB-də təbii qaz istehlakının 2030-cu ilə qədər illik orta hesabla 1,8 artması və təbii qazın enerji mənbələrində payının 23 faizdən 32-yə yüksəlməsi gözlənilir. Birliyin qaz istehsalı isə 2010-cu ildə 225 milyard kubmetr, 2030-cu ildə isə 147 milyard kubmetr təşkil edəcək. Bu rəqəmləri nəzə alaraq AB-nin təbii qazda 50 faiz olan xarici asılılığın 2030-cu ildə 80 faizə çıxacağını demək olar. Hal-hazırda təbii qaz idxalatını əsasən Rusiya, Norveç və Əlcəzairdən reallaşdıran AB-nin artan tələbatının yenə də Rusiya, Afrika, Orta Şərq və Xəzər hövzəsindən ödənilməsi nəzərdə tutulur.
"Nabucco"nu ilk dəfə "BOTAŞ" gündəmə gətirib
2002-ci il fevral ayına "BOTAŞ" tərəfindən gündəmə gətirilən layihə çərçivəsində xəttin ilk mərhələsinin inşasının 2009, ikinci mərhələnin isə 2017-ci ildə başladılması, ilk mərhələnin 2012-ci ildə istifadəyə verilməsi hədəflənirdi. Ortaq Cəhd Razılaşmasının 28 İyun 2005-ci il tarixində layihə iştirakçısı olan şirkətlər tərəfindən imzalanmasından sonra 2005-ci ilin sonunda "Nabucco" beynəlxalq şirkəti quruldu. Ortaqlar şirkətdə bərabər paya sahibdir. 26 iyun 2006-cı il tarixində Vyanada imzalanan Nazirlər Bəyanatı ilə "Nabucco" təbii qaz boru xətti layihəsinə dəstək ilk dəfə güclü bir şəkildə dilə gətirildi. 5 fevral 2008-ci il tarixində isə RWE firması "Nabucco"nun 6-cı ortağı oldu. Ancaq layihə ilə bağlı qeyri-müəyyənlik ortadan qalxmayıb. Xəttin inşasının başlanğıcını 2011-ci ilə, ilk mərhələnin fəaliyyətə keçməsi isə 2014-cü ilə ötürülüb. Qaz tədarükçüsü olan ölkələrlə bağlı sualların cavabsız qalması bu tarixin daha da irəliyə aparılması ehtimalını çoxaldır.
Kəmərə Rusiya və İranın qoşulmasına ABŞ əngəli
"Nabucco" layihəsi ilə bağlı ən əhəmiyyətli problem xətti doldurmağa kifayət edəcək qədər qazın hələ tapılmamasıdır. Kəmərə təbii qaz verəcək ilk ölkə Azərbaycandır. Ancaq Azərbaycandakı enerji mənbələrinin də kifayət etməyəcəyi bildirilir. Dünyanın ən böyük təbii qaz ehtiyatlarına sahib iki ölkəsi Rusiya və İran da coğrafi mövqeləri baxımdan layihədə iştirak edə bilər. Ancaq Rusiyaya olan asılılığın aradan qaldırılması əsas məqsəd olduğundan və İranın nüvə məsələsi həll olunmadığından bu iki ölkənin iştirakına ABŞ və AB müsbət baxmır. ABŞ-ın Azərbaycana təyin etdiyi səfir Metyu Brayzanın ABŞ Xarici İşlər Nazirliyinin məsləhətçisi işlədiyi vaxtda verdiyi açıqlama Vaşinqtonun mövqeyini açıqca göstərirdi: "Biz ABŞ olaraq AB-nin Xəzərin təbii qazı ilə təmin olunması üçün "Nabucco"nu dəstəkləyirik, İran qazının şaxələnməsi üçün deyil".
Ancaq layihə ilə bağlı problemin aradan qaldırılmasında Türkiyə Rusiyadan sonra dünyanın ikinci böyük təbii qaz ehtiyatlarına sahib İranı açar ölkə kimi görür. Ancaq bu məsələdəki son qərarın ABŞ-İran əlaqələri ilə bağlı olacağı dəqiqdir. Türkmənistan təbii qazının Xəzər dənizinin altından keçirilməsi üçün nəzərdə tutulan Trans-Xəzər xətti də "Nabucco" üçün vacibdir. Orta Asiyanın ən əhəmiyyətli təbii qaz istehsalçısı Türkmənistan "Nabucco"ya qaz vermək üçün istəkli görünür. Ancaq Rusiya və İran belə bir layihənin Xəzər dənizində ekoloji tarazlığını poza biləcək bir risk daşıdığını və xəttin çəkilməsi üçün dənizin sahilində yerləşən bütün ölkələrin razılığının vacib olmasını iddia edir. Bir sözlə, Rusiya və İran layihənin həyata keçirilməsində maraqlı deyil. Trans-Xəzər və "Nabucco" bir-birini tamamlayan iki lahiyə olduğu üçün onların birindən imtina edilməsi digərinin də həyata keçirilib-keçirilməməsinə təsir göstərəcək.
Rusiyaya görə, "Nabucco" virtual bir layihədir
Rusiyanın "virtual" adlandırdığı və iqtisadi baxımdan uyğun olmadığı iddia etdiyi "Nabucco"nun həyata keçirilməməsi üçün fəaliyyətini gücləndirib. Rusiya 2007 və 2008-ci ildə Qazaxıstan və Türkmənistan, 2009 və 2010-cu illərdə Azərbaycanla təbii qaz alışı üçün razılaşmalar imzaladı. Bundan əlavə 2007-ci ildə "Cənub axını" layihəsi üçün Rusiyanın İtaliya ilə razılaşması "Nabucco"nun işini daha da çətinə salıb. İtaliyanın "ENİ" şirkəti Rusiyanın "Qazprom" şirkəti ilə birlikdə "Cənub axını" reallaşdıracaq. "Nabucco" layihəsindən sonra ortaya atılsa da, bu gün "Cənub axını" daha yaxşı bir mövqedədir. "Cənub axını" ilə əlaqədar bir çox razılaşma əldə olunub, ancaq "Nabucco" barəsində bunları demək olmaz. Hansı ölkənin "Nabucco"ya hansı miqdarda qaz verəcəyi, layihənin necə maliyyələşdiriləcəyi və hansı ölkənin boru xəttindən hansı miqdarda təbii qaz götürəcəyi məsələsi hələ dəqiqləşməyib. AB ölkələri Almaniya, Fransa, İtaliya, Bolqarıstan və Macarıstanın ilə yanaşı Serbiya da "Cənub axını"ndan qaz almaq üçün "Qazprom"la razılıq əldə edib. Bir çox razılaşmalar isə Rusiya dövlət başçılarının səfərlərindən sonra imzalanıb. "Nabucco"nu dolduracaq təbii qazın tapılmasının mümkün olmadığını iddia edən Rusiyanın baş naziri "əgər bəziləri torpağı qazıb boru xətti tikmək istəyirsə, davam etsinlər, bizim üçün problem deyil" sözləri ilə layihənin gələcəyi olmadığına eyham vurmuşdu. Rusiya uğurlu bir strategiya nəticəsində ayrı-ayrı AB ölkələri ilə enerji sahəsində anlaşma əldə edərək üzv ölkələrin ortaq bir siyasət aparmasına əngəl törədir. Bir-birinə rəqib iki böyük boru xətti layihəsindən "Cənub axını" "Nabucco" qarşısında üstünlük qazanıb. Avropa Komissiyası prezidentinin Azərbaycan və Türkmənistana səfərləri isə layihə ilə bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB