Azərbaycanda dini tolerantlıq yüksək səviyyədə qorunur

Azərbaycanda dini tolerantlıq yüksək səviyyədə qorunur

İlham Əliyevin mükəmməl "multikulturalizm və tolerantlıq modeli"

Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həm regionda, həm də beynəlxalq miqyasda əldə etdiyimiz uğurlar, hər sahəyə olduğu kimi, ictimai-siyasi və sosial həyatla birbaşa əlaqəsi olan din sahəsinə də müsbət təsirini göstərməkdədir.
Hər bir Azərbaycan vətəndaşı konstitusiyanın, "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan istifadə edərək, etiqad azadlığını tam yaşaya bilir. Ölkədə fəaliyyət göstərən konfessiyalar arasında, nəinki hər hansı qarşıdurma müşahidə olunmur, əksinə, onlar arasındakı münasibətlər artıq birgə əməkdaşlıq mərhələsindən yeni dövrə - qarşılıqlı yardımlaşma, empatiya mərhələsinə keçməkdədir.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşü zamanı Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu bildirib: "Dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işində Sizin rolunuz bütün dünyada, o cümlədən, bizim ölkəmizdə çox yüksək qiymətləndirilir. Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırsınız... Sizin budəfəki səfəriniz də münasibətlərimizin - həm dinlərarası əməkdaşlıq sahəsində, həm də, bütövlükdə çox uğurla və dinamik inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək".
Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill görüş zamanı bildirib ki, Azərbaycan zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşuğunda yerləşən ölkədir: "Mən Azərbaycana səfər edərkən, həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadə insanların həyatına birbaşa aiddir... Azərbaycanda baş verən bütün dəyişiklikləri görəndə, sevinirəm. Biz Sizinlə bir neçə il bundan əvvəl, burada görüşmüşdük və deməliyəm ki, Bakıya, hətta ötəri nəzər salanda, burada çox böyük dəyişikliklər baş verdiyi görünür. Bakı əla infrastruktura malik olan gözəl, çox gözəl şəhərə çevrilir. Burada çoxlu gözəl binalar ucaldılıb. Paytaxtdakı böyük dəyişikliklər münasibətilə Sizi təbrik etmək istərdim, lakin burada yaşayan xeyirxah dostlarımdan da eşitmişəm ki, müsbət dəyişikliklər təkcə paytaxtı yox, bütün ölkəni əhatə edir. Buna görə də, Sizə Ulu Tanrıdan kömək, ruhani və cismani qüvvə, Azərbaycan xalqına firavanlıq diləmək istərdim".

Dini dözümlülük və tolerantlıq Azərbaycanın ayrılmaz hissəsidir

Regionda tarixən dözümlülük mühitinin formalaşmasında islamın Azərbaycanda yayılmasının böyük rolu olubdur. Çünki mərhəmət, sevgi və əxlaq dini olan islamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları da regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşamışlar.
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq, bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu gün Azərbaycan, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə müsəlman ölkəsidir, Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır.
Təsadüfi deyildir ki, 2009-cu il oktyabrın 13-dən 15-dək Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam Ölkələri Mədəniyyət Nazirlərinin Konfransı çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda keçirilən "dəyirmi masa"da "Bakı Prosesi -sivilizasiyalar arasında dialoqa yeni çağırış" adlı rəsmi sənəd qəbul edilibdir. Eyni zamanda, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri forumu mədəniyyətlərarası dialoqun, sülhün, əməkdaşlığın təşviqində, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılmasında, digər məsələlərin müzakirəsində qlobal brend statusu qazanmaqdadır. Azərbaycanın belə bir möhtəşəm tədbirə uğurla ev sahibliyi etməsi və forumun müvəffəqiyyətlə başa çatmasının məntiqi davamı olaraq Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə" 2011-ci il 27 may tarixli Fərman imzalanması ilə ölkəmizdə yeni bir ənənənin əsası qoyuldu.
Ümumiyyətlə, sözügedən tədbirlər dini etiqad azadlığının təminatına təkcə sözdə deyil, həm də təcrübədə geniş şərait yaratmaqla yanaşı, fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi də təsadüfi deyildir. Çünki Azərbaycan bütün dinlərə hörmətlə yanaşır, hətta ölkəmizə təcavüz edənləri belə din və məzhəbə görə fərqləndirilmir.

Özünəinamın təcəssümü

Ölkə Prezidenti İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində dediyi kimi: "Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir".
Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki öz dərin məzmunlu çıxışı ilə göstərdi ki, bu kimi tədbirlər həm də ölkəmizlə bağlı həqiqətlərin, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, məhz Ermənistanın nizamlama prosesinə aqressiv, destruktiv yanaşması ucbatından 25 ildir həll edilmədiyini beynəlxalq ictimaiyyətə bir daha bəyan etmək üçün çox yaxşı vasitədir.
Şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, geridə qalan VI Bakı Beynəlxalq Humanitar Forumunda da müzakirəyə çıxarılan məsələlər bəşəriyyətin üzləşdiyi çağırışlara cavab verməsi baxımından mühüm töhfələri ilə yadda qalacaqdır. Çünki müxtəlif peşə və ixtisas sahiblərinin, xüsusilə də, mədəniyyət sahəsini təmsil edən insanların Bakıda bir araya gələrək, mühüm məsələləri müzakirə etməsi böyük nəticədir.
Bir sözlə, bu gün Azərbaycan dövləti təkcə ölkədaxili problemlərlə məşğul deyil, o, həm də xarici ölkələrdə mədəni quruculuq işi ilə məşğul olur, yol göstərir. Və bütün bunlara əsasən, bir daha əminliklə demək olar ki, Azərbaycandakı tolerantlıq mühiti bundan sonra daha da möhkəmlənəcək və ölkəmizin yüksəlişinə özünün layiqli töhfəsini verəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə