Avropa İttifaqının ikiüzlülüyünün ifşası TƏHLİL

Avropa İttifaqının ikiüzlülüyünün ifşası TƏHLİL

Avropa İttifaqı Şurasına sədrliyi təhvil alan Rumıniyanın xanım baş naziri Viorika Dançila “Politico”ya müsahibəsində Avropa İttifaqını (Aİ) insan hüquqları və demokratiya məsələlərində digər ölkələrə, hətta özünün Şərqi Avropadakı üzv dövlətlərinə qarşı ikili standartlar sərgiləməkdə günahlandırıb. Xanım Dançila müsahibəsində konkret fakt və arqumentlərə istinad etməklə haqlı olduğunu təsdiq edə bilib.
Əslində, Avropa İttifaqının ikili standartlar siyasəti yürütdüyü heç də yenilik deyil və bunu artıq bütün dünya ictimaiyyəti çox gözəl bilir. Lakin bu ikili standartların Avropa İttifaqı Şurasının yeni sədri tərəfindən ifşa edilməsi çox vacib məsələdir və bundan sonra bəlkə də bu ədalətsiz yanaşmaların aradan qaldırılcağına ümidləri artırır.

Avropa ölkələrinə müşahidəçi mövqeyin fonunda digər ölkələrin əleyhinə silsilə qərarlar verilməsi ikili standartların isbatıdır

Xanım Dançila Fransada “sarı jiletlilər”in keçirdiyi aksiyalar zamanı polisin etirazçılara qarşı güc və şiddət tətbiq etdiyini və Avropa liderlərinin buna səssiz qaldığını xüsusilə vurğulamaqla ədalətsiz yanaşmanın olduğunu diqqətə çatdıra bilib. Bu səssizliyin, bu müşahidəçi mövqeyin fonunda guya insan haqlarının pozulduğu iddia edilən digər ölkələrin əleyhinə silsilə qərarlar verildiyini yada salmaqla isə ikili standartların tətbiq edildiyini tam şəkildə isbat edib.
Viorika Dançila öz ölkəsini də nümunə gətirib və xatırladıb ki, əslində Avropa Komissiyasının anti-korrupsiya siyasəti çərçivəsində apardığı monitorinq ilə bağlı illik hesabatında yalnız Rumıniya və Bolqarıstanın adının çəkilməsi haqsızlıqdır. Avropa İttifaqı Şurasının yeni sədri Avropa İttifaqının Rumıniya, Bolqarıstan və digər ölkələrə qarşı ədalətli davranmadığını bildirib. Hətta Niderlandda, Fransada və Almaniyada da çox böyük korrupsiya faktlarını müşahidə etdiyini də diqqətə çatdırmaqla həqiqətən də ikili standartlar siyasətinin tətbiq edildiyini, Avropalı liderlərin tamamilə ədalətsiz yanaşmalar sərgilədiyini təsdiqləyib.
Həqiqətən də son zamanlar Rumıniya korrupsiya məsələsi ilə əlaqədar Avropa Komissiyası və Avropa Parlamentinin tənqid hədəfinə çevrilib. Hətta ölkə rəhbərliyi liberal demokratiyadan uzaqlaşmaqda günahlandırılıb da. Amma görəsən tək Rumıniyaya qarşımı belə yanaşma tətbiq edilir? Yoxsa, Avropanın bir çox ölkələri də günahlandırılımı? Görəsən sanksiya xarakterli tədbirlər nəzərdə tutulurmu? Hər halda nə Rumıniyanın xanım baş naziri, nə biz, nə də digərləri bunun şahidi ola bilməmişik.

Avropa Liderlərini avropalılar yox, başqa xalqların nümayəndələrinin hüquq və azadlıqları maraqlandıracağı heç inandırıcı görünmür

Nə Fransada, nə İspaniyada, nə də bir sıra Avropa ölkələrində nümayişçilərə qarşı edilən zorakılıqlara görə həmin ölkələr hədəfə belə alınmayıb. Heç bir sanksiya tətbiq edilməyib. Hətta xəbərdarlıq belə olmayıb. Görəsən nəyə görə nümayişçi fransızları əzən Fransa hökuməti demokratiyadan kənar addımlar atmaqda günahlandırılmır? Niyə Fransa hökumətinin insan haqlarını kobud şəlkildə pozduğu barədə bircə bəyanata belə rast gəlinmir? Nəyə görə ən adı xəbərdarlıq belə edilmir İspaniya hökumətinə? Yoxsa katalonları bir anda susduran, hətta nümayişçilərin bir çoxlarının həbslərini reallaşdıran hökumət insan azadlıqlarını kobud şəkildə pozmuş hesab edilmir? Əzilən fransızların hüquqları yoxdur, yoxsa itlərin hücumuna, atların tapdağına məruz qoyulan katalonların? Yoxsa, avropalıların tapdalanmasına biganədirlər? Bəlkə, Avropa Liderlərini bəzi ölkələrdə, ələlxüsus Avropaya aid olmayan ölkələrdə yaşayan insanların hüquq və azadlıqları özlərininkindən daha çox maraqlandırır?
Avropa Liderlərini fransızlardan, ispanlardan, katalonlardan və Avropada məskunlaşan digər xalqların nümayəndələrindən daha çox məhz başqa xalqların nümayəndələrinin hüquq və azadlıqları maraqlandıracağı heç inandırıcı görünmür. Əvvala ona görə inandırıcı görünmür ki, Avropada məskunlaşan liderlər məhz həmin Avropada yaşayanlara görə daha çox diqqət göstərməli idilər. Əgər həqiqətən də insanların hüquq və azadlıqlarının qayğısına qalmaq istəyirdilərsə ilk öncə məhz avropalılara qarşı bu qayğını görmək olardı, nəinki digər hədəf seçilmiş ölkələrdə yaşayanlar.
Digər tərəfdən, minlərlə Avropalı insanın əzişdirilməsinə, susdurulmasına, həbsinə dinməyən, susqunmuq nümayiş etdirən qurumların cəmi bir nəfərin, özü də məhkəmə, istintaq prosesi nəticəsində qeyri-qanuni hərəkətləri sübuta yetirilən bir azərbaycanlının həbsinə görə guya narahatlıq keçirməsi, onunla maraqlanması, haqq və hüquqlarının guya müdafiəsinə qalxması çox gülünc səslənir. Minlərlə nümayişçi avropalının hüquqlarının tapdalanmasından bir azərbaycanlı qanun pozucusunun hüquqi prosedurlarla, qanuni şəkildə mühakimə olunması daha böyük həyəcan siqnalı hesab oluna bilməz axı. Bu fakt, “öz gözündə tiri görməyib, özgələrin gözündə tük axtaran” liderlər üçün yetərlidir ki, onların əslində heç də demokratiya, insan hüquqları, söz azadlıqları kimi ali prinsplər barədə düşünmədiyini təsdiq etsin.

Özlərini demokratiya carçısı kimi qələmə verənlər əslində ikili standartlar siyasəti yürütməyə, qaralama kompaniyası aparmağa kökləniblər

Avropalı liderlər azərbaycanlı vətəndaşın hüquqlarının müdafiəsinə iddialı olduqlarını bəyan edirlər. Azərbaycanlıların hüquqlarını müdafiə etməyə qalxalan, bir insana görə səs-küy salan beynəlxalq qurumlar, liderlər işğalçıların qətlə yetirdiyi, girov götürdüyü minlərlə insanın, bir milyondan çox qaçqının hüquqlarını bəs niyə müdafiə etmirlər? İşğalçı ermənilər tərəfindən qətlə yetirilən, girov saxlanılaraq işgəncə verilən, yurd-yuvalarından didərgin salınaraq məcburi köçkün həyatı yaşamağa məcbur edilənlər azərbaycanlı deyillərmi? Onların hüquqları yoxdurmu, azadlıqları müzakirə mövzusu deyilmi?
BMT kimi nüfuzlu bir təşkilat tərəfindən qəbul olunmuş qətnamələr, Azərbaycan torpaqlarının geri qaytarılması, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına geri məskunlaşdırılması tələbini özündə ehtiva edən qərarlar qanuni hesab olunmurmu? Bəs bu qədər qərar və qətnamələr qətlə yetirilmiş, girov saxlanılmış, yurd-yuvasından didərgin salınmış insanların hüquqları, azadlıqları barədə qanunvericilik demək deyilmi? Bu hüquqların müdafiəsi, bu azadlıqların bərpası niyə maraq dairəsndə deyil?
Azadlıq, demokratiya, insan hüquqları carçıları hesab olunan liderlər, beynəlxalq təşkilatlar niyə Ermənistanı öz işğalçılıq siyasətinə görə hədəfə almırlar? Əgər işğalçını, insan hüquqlarını pozanları hədəfə almırlarsa, hansı fəaliyyətdən, hansı missiyadan dəm vururlar? Belə bir fəaliyyətə ümumiyyətlə qaralama kompaniyasından, ikili standartlar siyasəti yürütməkdən, ədalətsizlikdən başqa hansısa ad vermək mümkündürmü? Bir sözlə, özlərini demokratiya carçısı kimi qələmə verən qurumlar da, liderlər də əslində ikili standartlar siyasəti yürütməyə, qaralama kompaniyası aparmağa kökləniblər.

Viorika Dançilanın müsahibəsi ikili standartları tətbiq edənlər, ikiüzlülük nümayiş etdirənlər üçün çox ağır zərbədir

“Politico”ya müsahibəsində Avropa İttifaqını (Aİ) insan hüquqları və demokratiya məsələlərində digər ölkələrə, hətta özünün Şərqi Avropadakı üzv dövlətlərinə qarşı ikili standartlar sərgiləməkdə günahlandıran Viorika Dançila tamamilə haqlıdır. O, haqlı olduğunu ölkəsi və bir sıra Avropa ölkələrini nümunə gətirməklə, həmçinin müvafiq arqumentlərlə də təsdiq edib və ittihamlarında israrlıdır. Eyni zamanda, Avropa İttifaqı Şurasına sədrliyi təhvil alan Rumıniyanın xanım baş nazirinin sözügedən müsahibəsi Avropa İttifaqının ikiüzlülüyünün ifşasıdır. Özü də məhz şura sədri tərəfindən.
Bəli, xanım Viorika Dançila ikili standartların tətbiqi dedikdə, yanaşmaları müqaisə etdikdə, ədalətsiz yanaşmanı isbatladıqda məhz ikiüzlülüyü ifşa edir. İnsan hüquqları, söz azadlığı, demokratiya carçılarının ikiüzlülüyünü. Bu ikili standartların tətbiqi əslində dünya ictimaiyyəti üçün sirr deyildi və indi Rumıniyanın xanım baş nazirinin müsahibəsi ola bilsin ki, ictimaiyyətdə qeyri-adi heç bir təssürat yaratmaya da bilər. Amma bu müsahibə, müsahibədə ifşa edilmə faktları həmin ikili standartları tətbiq edənlər, ikiüzlülük nümayiş etdirənlər üçün çox ağır bir zərbədir.
İkili standartların imicə, nüfuza mənfi təsir göstərəcəyi barədə fikirlərə istər ölkə daxili, istərsə də xarici mətbuat səhifələrində dəfələrlə rast gəlinib. Bu ikiüzlülüyün nəticəsinin yaxşı olmayacağı bəlli məsələ idi. Bəlkə də zamanında bunun qarşısı alına bilərdi və bu gün şura sədrliyini təhvil alan xanım tərəfində bu səviyyədə ifşa da olunmazdı. Amma göründüyü kimi, qeyd olunanlar qulaq ardına vurulduğu səbəbindən bu gün çox böyük bir rezonans doğurub. Avropa İttifaqı Şurasına sədrliyi təhvil alan bir xanım baş nazir tərəfindən belə ittihamlar heç də sıradan bir ittiham deyil. Bu ittihamlar nüfuza, imicə xələl gəlməsi üçün yetərlidir və hətta gələcək fəaliyyət mexanizmlərinə, missiyaya əhəmiyyətli dərəcədə təsirlidir. Çox güman ki, bundan sonra təkcə hədəfə alınan, ədalətsizliyə məruz qalan ölkələr deyil, bütün dünya ictimaiyyəti ikili standartları tətbiq edənlərin, ikiüzlülük siyasəti yürüdənlərin ittihamlarına, bəyanatlarına, fikirlərinə məhəl qoymazlar. Bəlkə də ümumilikdə fəaliyyət müxanizmləri və missiyaları artıq şübhə altındadır və ciddiyə alınmır. Bu isə ikili standartların, ikiüzlülük siyasətinin qeyd olunduğu kimi, məntiqi nəticəsi, sonluğudur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə