"ABŞ-Rusiya münasibətlərində ən gərgin mövzulardan biri Venesueladır" ÖZƏL-MÜNASİBƏT
“Rusiya-ABŞ münasibətləri müasir geosiyasətin dinamik-gərgin münasibətləri olmaqda qalmaqdadır. Mətbuat bu və digər formada ABŞ-da həbs olunan Rusiya vətəndaşları ilə Rusiyada həbs olunan ABŞ vətəndaşlarının mübadiləsi məsələsini aktuallaşdırır”. Bunu SİA-ya politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Suriyada gedən proseslərdə ABŞ və Rusiya münasibətlərində yeni dinamizmin xarakteristikası ABŞ qoşunlarının Suriyadan çıxması ilə bağlıdır: “ABŞ hərbi ekspertlərinin fikrincə, qoşunlarını çıxarmaq məsələsində ABŞ Suriyada Rusiyanı aldatdı. ABŞ qoşunları Suriyadan çıxdıqdan sonra regionda balans dəyişəcək və Rusiya öz müttəfiqləri ilə dalaşacaqdır. Suriya prezidenti B.Əsəd ruhən indiki Rusiyanı SSRİ-dən daha güclü hesab edir. Amma bu hələ B.Əsədə İran qarşısında Rusiyanı tam dəstəkləməyə əsas yaratmır. İranın Suriyada qalmasının ən əsas formulu Dəməşqin İranın Suriyada qalmaq xahişidir. Rəsmi Tehranın fikrincə, Suriya bu xahişini geri çəkən kimi İran da öz qoşunlarını çıxaracaq”.
M. Əhmədoğlu əlavə edib ki, ABŞ-Rusiya münasibətlərində ən gərgin mövzulardan biri Venesueladır: “ABŞ Venesuela parlamentinin spikeri, müxalifətin lideri Quaydonu prezident elan etdi. RF prezidenti V.Putin Venesuela prezidenti Nikolos Maduroya telefonla zəng edib. Yayılan məlumata görə, Maduro hələ Putindən hərbi kömək istəməyib. ABŞ rəsmi şəkildə Rusiyanı Orta və Yaxın mənzilli raketlərin məhdudlaşdırılması müqaviləsindən çıxması barədə məlumatlandırıb. Brüsseldə Rusiya-NATO şurasının uzunmüddətli fasilədən sonra iclası keçirildi. Şuranın iclasından sonra Stoltenberq ABŞ-a səfər edəcəyini bildirdi. Səfər ərəfəsində Orta və Yaxın mənzilli raket müqaviləsinin ləğvindən sonra yaranmış hərbi vəziyyətə NATO-nun müdaxilə edə biləcəyi bəyanatını verib. ABŞ Rusiyanı “ulduz müharibələrini” başlamaqdan çəkindirməyə çağırdı. Bu, ABŞ-la RF arasında gərginliyin gələcəkdə yeni mərhələyə keçəcəyinin əlamətidir. Moskvada “Pridnestrovye” fondu qeydiyyatdan keçdi. Fondun rəsmi məqsədi Dnestryanı bölgə ilə sosial, iqtisadi, mədəni əlaqələrin qurulmasına və kontaktların dəstəklənməsinə köməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB