“Qloballaşan dünya və müasir Azərbaycan gəncliyi” TƏDBİR-YENİLƏNİB-FOTOLAR
Bu gün “Səs” qəzetinin redaksiyasında “Qloballaşan dünya və müasir Azərbaycan gəncliyi” mövuzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəal gəncləri və KİV nümayəndələri iştirak edib.
“Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub: "Azərbaycanda həyata keçirilən dövlət proqramları, layihələr təkcə paytaxt gənclərini deyil, eləcə də region gənclərinin inkişafını stimullaşdırır. Region gənclərinin sağlam ruhda inkişaf etməsi məqsədilə bölgələrimizdə idman mərkəzləri, olimpiya kompleksləri, gənclər evləri və müxtəlif dərnəklər açılır, onların asudə vaxtlarının səmərəli şəkildə keçməsi üçün lazımi infrastruktur yaradılır.
Bir sözlə, Azərbaycan gənclərinin xaricdə təhsilindən tutmuş fərdi inkişaflarına qədər bir sıra dövlət qurumları və fondlar tərəfindən dəstək göstərilir. Bu uğurlar həm dövlətin apardığı siyasət, həm də Prezidentin şəxsi iradəsi nəticəsində qazanılıb. Ən əsası odur ki, gənclik bunu yüksək qiymətləndirir və biz bunun Aprel döyüşlərində də bir daha şahidi olduq. Belə ki, həmin vaxt Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı azad etməyə hazır olduğunu əməli ilə sübut etdi. Bu isə liderə ehtiramın və inamın əlamətidir".
Daha sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək bildirib ki, ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır: “Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Bu gün artıq Azərbaycan gəncliyi yerli, mərkəzi icra hakimiyyəti, təhlükəsizlik institutlarında, diplomatik korpuslarda, xaricdə fəaliyyət göstərən transmilli şirkətlərdə fəaliyyət göstərirlər. Artıq gənclərdə könüllülük institutu formalaşmağa başlayıb. Bu da mühüm əlamətdir”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direkrtoru Mehman İsmayılov çıxışında qeyd edib ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir və mədəniyyətimiz də ən qədim və zəngin mədəniyyətlərdən hesab olunur. Təbii ki, mədəniyyətimiz bu zənginliyi xalqımızın ortaya qoyduğu dəyərlərə borcludur: “Mədəniyyətimizin əsas elementlərindən olan mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirmək çox vacibdir. Biz gələcəkdə bu sahədəki fəaliyyətlərimizi daha da gücləndirmək niyyətindəyik. Regionlarda gənclərin bu işə cəlb olunması xüsusi diqqətimizdədir. Gələcək layihələrimiz əsasən dini maarifləndirmənin davam etdirilməsi, ailə dəyərlərinin qorunması, azərbaycançılıq ideologiyasının təbliği, gənclər və məktəblilər arasında milli şüurun gücləndirilməsi və s. kimi məsələləri əhatə edəcəkdir”.
Fondun icraçı direktoru həmçinin əlavə edib ki, bu ilin Prezident İlham Əliyev tərəfindən “Nəsimi İli” elan olunması sadəcə ölməz şair və mütəfəkkirimizin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmət edir: “Ulu öndər Heydər Əliyevin xalqımızın milli, mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə şairin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun mənzil qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib”.
Gənclər və idman nazirliyinin sektor müdiri Fuad Babayev nitqində bildirib ki, Azərbaycan gündən-günə inkişaf edir və özünün sürətli inkişaf dövrünü yaşayır: “Ölkənin bütün sahələrində əldə olunan uğurlu nəticələr və müvəffəqiyyətlər gənclər sahəsində də öz əksini tapır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və dəstəyi ilə öz uğurlu nəticələrini verməkdədir. Bu gün, qürurla demək olar ki, Azərbaycan Gənclər Siyasəti dünyada uğurlu bir təcrübə kimi tanınır. Bu da ölkədə gənclər sahəsində görülən işlərin strateji və planlı şəkildə aparılmasının nəticəsidir”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov vurğulayıb ki, gənclərin təhsili üçün ölkədə atılan addımlar göz önündədir: “Biz Cocuq Mərcanlıya getdiyimiz zaman məktəblilər üçün yaradılan yüksək şəraiti gördük və bu o deməkdir ki, nəinki paytaxtda, ucqar bölgələrimizdən tutmuş cəbhə bölgəsinə yaxın ərazilərə qədər bu günün məktəblisi üçün yaradılan şərait, gələcəkdə onların sağlam, savadlı gənc kimi yetişməsi ölkə rəhbərinin diqqətindədir.
Gənclər üçün əlverişli mühitin, şəraitin yaradılması üçün atılan addımlar sırasında 2005-2009-cu və 2011-2015-ci, 2017-2021-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarını qeyd edə bilərik. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilib, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanıb. Dövlət Proqramının məqsədi isə Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir”.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov isə qeyd edib ki, Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər dövlətimizin, uyğun olaraq fəaliyyət göstərən nazirliklərimizin əməyi ilə yanaşı, könüllülük qrupunun dəstəyi ilə də ərsəyə gəlir: “İdarəetmə prinsipindən könüllülük prinsipinə gəlib çıxıb. Bu da ondan xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası özünü doğruldur. Bizim arxamızda güclü Azərbaycan dövləti dayanır. Belə olduqda, təbii ki, biz gənclərin də üzərinə böyük məsuliyyət düşür”.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Lalə Mehdiyeva deyib ki, ölkə başçısının siyasəti nəticəsində həyata keçirilən sərəncamlar, dövlət proqramları sırf dövlətçiliyimizə sadiq, vətənpərvər, yüksək intellek sahibi, dünyagörüşlü gənclərin yetişməsinə gətirib çıxarır: “Dövlət başçısı İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət, onların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalaması nəinki gənclərə eyni zamanda xalqımızın bütün təbəqələrinə qarşı qayğının bariz nümunəsidir. Bu gün Azərbaycanda bir gəncinin uğurlu gələcəyi üçün hər bir şərait vardır”.
Azərbaycan gənclərinin kifayət qədər aktiv, yenilikçi olduğunu deyən Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədr müavini Ramin Həbibzadə qeyd edib ki, ölkə gəncləri dövlətimizi beynəlxalq arenalarda kifayət qədər təmsil etməyi bacarırlar: “Azərbaycan gənci anlayışı bu gün ən yaxşı nöqtəsindədir. Bu anlayışa baxdıqda, gənclərimizin kifayət qədər ağıllı, savadlı, müasir dünyanın çağırışlarına cavab verəcək şəkildə ölkəmizi təmsil edirlər. Təbii ki, bu da birbaşa ölkədə həyata keçirilən gənclər siyasətinin uğurudur .Ölkəmizin bu sahədə digər uğuru gənclər siyasətinin dünyada model kimi qəbul olunmasıdır. Gənclər siyasətimiz digər ölkələr tərəfindən öyrənilir, qazanılan uğurlarımız başqa dövlətlər tərəfindən tətbiq edilir”.
Tədbirdə digər çıxış edənlər də mövzu ətrafında fikirlərini bildiriblər. Onlar Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən danışaraq qeyd ediblər ki, ölkəmizdə gənclərin inkişafı üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Bu gün Azərbaycan gəncləri beynəlxalq arenada ölkəmizi uğurla təmsil edilir. Gənclərimiz ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar.
Dəyirmi masa müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB