Müasir dünyada müstəqil Azərbaycan dövlətinin rəmzləri onun dövlətçilik əlaməti olmaqla yanaşı, ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir". Azərbaycan Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağı siyasi-ideoloji və mənəvi baxımdan əhəmiyyətlidir. Göy, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan Azərbaycan bayrağı tarixin bu günü - 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Bayrağımızda olan hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını göstərir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni və inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixindən danışır. Bayrağımız qürur mənbəyimizdir və and yerimizdir. Müqəddəs varlıq kimi üçrəngli bayrağımıza and içirik. Bu gün hər bir vətəndaşın üzərində ciddi mənəvi məsuliyyət var. Hər bir vətəndaş bu yükü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. O, şəxsi həyatındakı irəliləyişləri belə öz dövlətinin milli inkişafından ayrılmaz şəkildə dərk edir. Azərbaycan xalqının türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoluna çevrilən, azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib. Ölkəmizdə qürurverici bir haldır ki, Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Hər kəs bu böyük amalla Azərbaycan bayrağının vətən torpağında dalğalanması arzusu ilə yaşamışdı. İllər uzunu müstəqilliyə doğru gələn yolda Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qaldırılıb. Ulu Öndər Heydər Əliyev deyirdi: "Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu və rəmzi kimi təsdiq olunub, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəmzlərinə böyük diqqət göstərir. Belə ki, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilib. Bu qanunla Dövlət Bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilmişdir. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. "Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir" deyən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bu gün Azərbaycanın hər bir yerində dalğalanan Dövlət Bayrağının Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra işğal altında olan torpaqlarda qaldırılacağına əminliyini bildirib: "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".
Bu gün Azərbaycan Ordusunun sahib olduğu güc də Onun bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşulur, vətənin azadlığı uğrunda övladını qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik tapırlar. Budur bayrağın müqədəsliyi və bayrağımıza olan sevgi.
Müasir dövrümüzdə Dövlət Bayrağımız dünyanın müxtəlif ölkələrində dalğalanır. Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mötəbər mərasimlərdə və yarışlarda Azərbaycan Bayrağının dalğalanması hər kəsdə qürur doğurur.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB