YAP Masallı rayon təşkilatı "Gənclər Günü"nü qeyd edib

YAP Masallı rayon təşkilatı "Gənclər Günü"nü qeyd edib

Respublikamızın bütün bölgələrində olduğu kimi, YAP Masallı rayon təşkilatında da "Gənclər Günü" qeyd olunub. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: "Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar".

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədr müavini Tofiq Əsgərov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq, gənclər siyasətinin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini bildirib. T.Əsgərov, onu da vurğulayıb ki, Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkənin daha da qüdrətlənməsi istiqamətində fəaliyyət göstərmələri dövlətin onlara olan etibarının əyani göstəricisidir.
Tədbirdə gənclərdən Bəxtim Qarayev, Leyla Baxışova, Orxan Dadaşov, Təskin Şahbazov və başqaları çıxış edərək, gəncliyə göstərilən dövlət qayğısından və bu qayğının Azərbaycan gəncliyinin sabaha daha böyük inamla baxmağa əsas verdiyini vurğulayıblar.
Görüşün sonunda YAP sıralarına yeni daxil olmuş gənclərə üzvlük vəsiqələri və partiya həyatında fəal iştirakına görə bir qrup gəncə qiymətli hədiyyələr, fəxri fərmanlar verilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə