“Ötən ilin sonlarından etibarən media cameəsində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat orqanları üçün elan etdiyi ənənəvi müsabiqələrin – maliyyələşmənin şərtlərində ciddi dəyişikliyin olacağı barədə müzakirələr gedirdi. Ona görə də fondun bu günlərdə açıqladığı şərtləri, qəzetlərin maliyyələşmə prosedurunda etdiyi dəyişikliyi problemə çevirməyə dəyməz. Əsas budur ki, fond mətbuatın müsabiqə yolu ilə maliyyələşməsini dayandırmayıb. Sadəcə, şərtlər bir qədər sərtləşdirilib”. Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, burada da yeganə məqsəd dövlət büdcəsindən ayrılan vəsaitin daha səmərəli xərclənməsi, ictimai rəyə daha çox təsir edən, oxunan, tirajı və abunəsi yüksək olan qəzetlərin fəaliyyətinə dəstək verməkdir: “Yəni, sözün əsl mənasında qəzet kimi oxucusunun görüşünə gələn mətbu orqanların ömrünün daha uzun olmasına dəstək verməkdir. Əfsuslar olsun ki, mahiyyəti hər kəsə bəlli olan bu qərara bəziləri ağız büzür, atılan addıma xələl gətirmək istəyirlər.
Təsəvvür edin, bir müddət öncə dövləti və fondu büdcədən ayrılan vəsaitləri səmərəsiz xərcləməkdə ittiham edənlər, bu sahədə islahatların aparılmasını zəruri sayanlar vaxtilə səsləndirdikləri fikirlərin əleyhinə mövqe ortaya qoyur, guya bu addımda başlıca məqsədin hansısa qəzetlərin bağlanmasına hədəfləndiyini vurğulayırlar. Halbuki, dekabr ayından sonra da bütün maliyyələşən qəzetlərin cari ilin mart ayına qədər öz fəaliyyətlərini davam etdirəcəyini KİVDF dəfələrlə bəyan edib. Bir sözlə, mart ayının sonuna qədər bütün mövcud qəzetlər fəaliyyətlərini davam etdirəcəklər. Bunun üçün nəzərdə tutulan maliyyələşmə də qüvvədədir. Ancaq yanvar ayının 31-də fondun Müşahidə Şurasının iclası keçirilib, yeni dövrün tələbinə uyğun olaraq yeni qaydalar təsdiqlənib. Hansı qəzetlər qəbul edilən qaydalara, yeni şərtlərə uyğun fəaliyyət ortaya qoyursa, çox güman ki, onun maliyyələşməsi bundan sonra da davam etdiriləcək. Bunu fond tərəfindən hansısa qəzetin bağlanması istiqamətində atılan addım kimi qəbul etmək qərəzdən başqa bir şey deyil. Hər bir mətbuat orqanı özəl təşkilatdır. Həmin təşkilatın qəzet çıxarmağa gücü, imkanı, maliyyəsi çatırsa, bundan sonra da eyni qayda ilə nəşrini davam etdirəcək. Nə baş verməsindən asılı olmayaraq, fondun maliyyə ayırmadığı bir çox qəzetlər bundan sonra da fəaliyyət göstərəcəklər.
Bununla belə, reallığı da qəbul etmək, zamanla, dövrün tələbi ilə hesablaşmaq gərəkdir. Reallıq budur ki, indiki bazar şərtləri ilə qəzet çap etmək çox çətin işdir. Fonddan maliyyələşən qəzetlərin əksəriyyəti aldıqları vəsaitin demək olar ki, hamısını mətbəə xərclərinin qarşılanmasına yönəldirlər. Elə bir durum yaranıb ki, ölkədə qəzet çapı üçün mütləq dövlətin dəstəyi lazımdır. Onu da nəzərə alaq ki, dünyanın heç bir ölkəsi hələlik print mediadan imtina etməyib. Azərbaycanda da az sayda da olsa qəzetlərin çap olunması yaxşı olardı. Dövlət – onun təmsilçisi kimi KİV DF məhz bu reallıqları nəzərə alaraq, az sayda olsa bəzi qəzetlərə maliyyə yardımı etməlidir və edir də. Lakin vurğuladığımız kimi, bəzi ağzıgöyçəklər bunu ayrı yerlərə yozur, absurd fərziyyələr irəli sürürlər. Heç bir şübhə yoxdur ki, əgər fond çap mediasına yardımı tamam dayandırsaydı, o zaman bu ağzıgöyçəklər Azərbaycan dövlətinin mətbuata heç bir dəstək verməməsindən şikayətlənəcəkdilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB