Mirmahmud Mirəlioğlu Əli Kərimli barədə nə deyib?

Mirmahmud Mirəlioğlu Əli Kərimli barədə nə deyib?

KXCP sədrindən keçmiş cəbhədaşına ağır ittihamları bir də xatırlayaq

AXCP sədri Əli Kərimli barədə vaxtilə onunla bir cərgədə olmuş, lakin sonradan ağır xəyanətlərini anlayaraq ondan uzaqlaşmış kifayət qədər müxalifətyönlü siyasətçilər var ki, onlardan biri də KXCP sədri Mirmahmud Mirəlioğludur. Belə ki, bu gün özünü xalqa “müxalifətin lideri” kimi zorla sırımağa çalışan Ə.Kərimlinin əsl sifəti və xisləti elə AXC şinelindən çıxanlar tərəfindən açıq-aşkar ifşa olunmaqdadır.

"Mən meydanda tək qaldım"

Misal üçün, hələ 2000-ci ilin parlament seçkilərindən kökü qoyulmuş qarşıdurmalardan biri də məhz Əli Kərimli ilə Mirmahmud Mirəlioğlu arasında yaşanmışdı. Həmin vaxtları xatırlayan KXCP sədri deyir ki, 2000-ci il seçkilərindən sonra mandatdan imtina haqda sənəd imzalansa da, sonradan AXCP sədri Əli Kərimli öz imzasını geri götürərək, Elçibəy xəyanətinin ardınca, müxalifətə növbəti ağır zərbəsini vurdu. Bu isə düşərgənin parçalanmasına səbəb oldu. “Mən meydanda tək qaldım”, deyən Mirəlioğlu bilavasitə Əli Kərimliyə eyham vuraraq bildirib ki, bir qrup “komsomolçu” ciddi-cəhdlə düşərgədəki rıçaqları əllərinə keçirməyə cəhd göstərərək, digər siyasi qüvvələrlə gizli iş birliklərinə gediblər: “Onların çox böyük dəstəyi var idi. Bu məsələyə qeyd etdiyiniz kimi, ötəri qiymət vermək doğru deyil. Əgər söhbət "Yurd"dan gedirsə, yəqin ki, bilməmiş deyilsiniz ki, həmin qrupa ciddi dəstək var idi. Bunu bilirdik. Amma eyni zamanda bu məsələ ilə bağlı Elçibəyin də xüsusi tapşırıqları olurdu. Biz təkid edəndə bəy deyirdi ki, bunu buraxsam başqaları götürəcək. Mən istəmirəm yetirdiyim adamlar əlimdən çıxıb getsinlər. "Komsomolçu" dediyiniz insanlara sahib çıxanlar onlardan siyasi və digər maraqlarını yerinə yetirmək üçün istifadə edirdilər. Bizim onlarla bacarmağımız məsələsində Elçibəyin başlanğıc üçün xeyir-duası olmadığına görə sonrakı dövrlərdə çox şeylər baş verdi. Bu məsələ Elçibəyin iştirakı ilə keçirilən qurultayda pik nöqtəsinə çatdı. Qurultaydan bir neçə gün sonra ciddi məsələlər çıxdı ortaya”.

“Fondun pulları Elçibəyə qarşı təbliğata xərclənib...”

Söz yox ki, Əli Kərimlinin əsas xəyanət zərbəsi birbaşa “liderim” dediyi Elçibəyə vurulurdu. Bu baxımdan, daha bir fakt budur ki, AXCP-yə mənsub maliyyələrin mənimsənilməsi, yaxud, “Yurd” qruplaşmasının pulları Elçibəyə qarşı xərcləmələri ilə nəticəsini tapıb. KXCP sədri deyib: “Məlumatınız olsun deyə xatırladım ki, Azərbaycanda Demokratiyanın İnkişafı Fondu var idi. Müddəti keçib bunları açıqlamaq olar. Bu çox təhlükəli bir məsələdir. Həmin Fondun Qərbdə, ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, Fondun pulları təyinatı üzrə xərclənməyib. Yəni, həmin pulların böyük əksəriyyəti Elçibəyin əlehinə xərclənib. Sonrakı dövrlərdə konkret olaraq bu etiraf olundu. Bu barədə sənədlər var. Neçə yüz min dollar birbaşa Elçibəyin əlehinə təbliğat aparılmasına xərclənib. Bu ciddi məsələdir. Əgər bundan kimsə çox narahat olacaqsa, biz ortaya konkret fakt qoyub və məlumatlı adam çıxarda bilərik. O zaman xaricdəki nümayəndənin etiraflarını ortyaya qoyacağıq və bəlli olacaq ki, həmin pullar hara xərclənib? 1994-cü ilin yanvarı ayında həmin "komsomolçu" dediyiniz şəxslər "Əbülfəz Elçibəy siyasi meyitdir" deyirdilərsə, kimə etimad edilməldir, hətta rus dilində "stavkanı filankəsə edin" bəyanatı verirdilərsə, "İsa Qəmbər də bitib" fikirləri də səslənirdisə, demək, sıradan bir məsələ deyildi. Bu adamların arxasında çox ciddi maliyyə dayanırdı”.

“Bir də onda ayılırdılar ki, insanlara “Yurd”a qəbul üçün ərizə yazdırılır”

Mirmahmud Mirəlioğlu “Yurd” qruplaşmasının AXC-yə nə qədər ağır zərbələr vurulduğunu təkrar edərək, onu da bildirib ki, bütün bunlar danılmaz fakktlara əsaslanır. “Biz təşkilatın qorunub saxlanması üçün mübarizə aparmışıq. Başqaları isə təşkilat daxilində öz qruplarını qoruyub saxlamaq üçün çalışıblar. Etiraf edim ki, daxildə AXC-Yurd mübarizəsi gedib. Bu olub”, deyən Mirəlioğlu əlavə edib ki, onlar, yəni Ə.Kərimili və qruplaşması təşkilatın nizamnaməsinə yox, öz qrup mənafelərinə xidməti və təşkilat liderinə - Elçibəyə xəyanəti ortaya qoyublar: “Bu da faktdır. Bunun ikinci bir adı yoxdur. Hətta bu məsələdən istədikləri qədər yararlanıblar. Həmin dövrdə bizim fıkirlərimizi, baş verənləri insanlara çatdırmaq çətinliyimiz var idi. Çətinliyin birincisi ondan ibarət idi ki, "sən də müavinsən, o da müavindir, səni də Elçibəy təyin edib, onu da" fikirləri hökmran idi. Bu məsələlər də çətinlik yaradırdı. İnsanları inandırmaq olmurdu. Bir də onda ayılırdılar ki, insanlara “Yurd”a qəbul üçün ərizə yazdırılır. Hətta bayaq qeyd etdiyim qurultaydan sonra bu prosesi gücləndirdilər. Yanvarda qurultay oldu, fevralda üzvlərdən ərizələr alınmağa başladı. Yalnız bundan sonra cəbhəçilər anlayırdılar ki, təşkilatın daxilində qruplaşma var. Açıq şəkildə addım atmırdılar. Yalnız onu deyirdilər ki, təşkilatın daxilində bir neçə kollektiv üzv var. Misal üçün, Qadın Hüquqları Cəmiyyəti, "Yurd" İctimai Birliyi və digərləri var. Siyasi partiyaya çevriləndən sonra onların imkanları genişləndi və bu istiqamətdə kurs dəyişildi. Çünki bizim cəbhəçilərin böyük əksəriyyəti AXC-nin AXCP-yə çevrilməsinin əlehinə idilər. Bu siyasi tarixdir və siyasi qərar qəbul olundu. Bundan istifadə edib onlar bizi qabaqladılar”.

"Əli Kərimlinin kiçicik bir etirafı lazımdır"

“Azərbaycan siyasətinin son 15 ilində hansı siyasi problemə, qarşıdurmaya, kompromata, qərəzə baxırsan, araşdırırsan onun arxasından Əli Kərimli çıxır”, deyən Mirmahmud Mirəlioğlu əlavə olaraq bildirib ki, AXCP tarixində Əli Kərimli qədər pozuçuluq fəaliyyəti, Ə.Kərimli qədər Elçibəy əlehinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb: “Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır.”

Beləliklə, fakt budur ki, Əli Kərimli siyasi arenada siyasi meyit kimi qaldıqca, daha çox üfunət qoxusu verməyə başlayır. Bu reallıq isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, o hətta etifaf etməsə belə, vaxtilə onunla bir yerdə olmuş şəxslər hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyurlar. Necə ki, bunu edənlərdən biri də KXCP sədri Mirmahmud Mirəlioğludur…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə