“Milli Şura” bu dəfə daha ağır iflasa uğradı
İctimaiyyət radikal müxalifətin “gücünü” bu dəfə də ADR-in qurucusu Məhəmmədəmin Rəsulzadənin doğum günü ilə bağlı Novxanıdakı abidəsi önündə gördü. Yalnız məsələ ondadır ki, hələ yanvarın 19-da “Məhsul” stadionunda “birləşmiş müxalifətin mitinqi” adı altındakı saxta aksiyalarında uzağı 2800 nəfər insanı toplaya bilən qara-qışqırıqçı “liderlər” bu dəfə nə “birləşə” bildilər, nə də ki, ayrı-ayrılıqda öz ətraflarına normal insan sayı yığmağı bacardılar. Daha dəqiq desək, bacardıqları 200-300 adam oldu ki, bunu da özlərinin iddiası kimi “on minlər” adlandırmaq ümumiyyətlə, qeyri-mümkündür. Ümumiyyətlə, uzun illərdir ki, arxı hoppanmamış "hop" deyən qaragüruhçular toplumunun iddiaları yenə də özünü doğrultmadı. Buna isə siyasi məğlubiyyətin zirvəsi adını versək, daha doğru olar.
Lakin bu məsələnin digər tərəfi də var ki, bu da iki minlik baryeri aşaraq, adam sayını vur-tut, 800 nəfər artırmaqla sünilik üzərində “xalq bizimlədir” şüarını səsləndirmək iddialarıdır. Əslində, bu rüsvayçılıq vəziyyəti sonrakı günlərə də təsadüf etdi və...
İnsanlar “llderlərin” və dəstələrinin çağırışlarını qulaqardına vurdular!
...Və həmin gün də gəlib-çatdı. Belə ki, 10 gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Məmmədəmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiyaya” çevirəcəklərini bəyan edən “Milli Şura” adlı ölü qurum, o cümlədən, Müsavat, AXCP və digər partiyalarının “aqitatorları” möhtəşəm, hətta əsrarəngiz biabırçılıqla qarşı-qarşıya qaldılar. Bayaq da qeyd elədiyimiz kimi, abidəsinin yanına cəmi 200-300 adam yığıldı ki, o da pərakəndə bir şəkildə, insanlar “llderlərin” və dəstələrinin çağırışlarını qulaqardına vurdular!
Bu arada, “möhtəşəm aksiyanı” elə media nümayəndələri də müşahidə ediblər. Nətcədə məlum olub ki, 19 yanvarda özünü “müxalifətin dəyişilməz lideri” elan edib, 2800 nəfərlik aksiyanı təkbaşına təşkil etdiyini bağıran AXCP sədri Əli Kərimli və partiyasının yedək qurumu olan “Milli Şura” rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Təxminən, bir o qədər də Müsavat partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gəlib ki, bu gülünc reallıq da jurnalistlərin nəzərlərindən yayınmayıb. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. Bu zaman belə bir sual yaranır: əcəba, sözügedən fakt radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirmirmi? Bəs hanı “ümumxalq dəstəyi?”, hansı “növbəti aksiyalara on minlərlə adam çıxaracağıq” iddialarının nəticəsi? Yoxdur, olmayıb və olmayacaq da. Çünki kor-kor, gör-gör – xalq belə müxalifətə heç vaxt dəstək göstərməyib, göstərmir və bundan sonra da göstərməyəcək. Təəssüf ki, hələ də bu gerçəkliyi dərk edə bilməyən radikal müxalifət “liderləri” iki ayaqlarını ölçüsü düz gəlməyən başmaqlarına dirəyərək, möcüzə gözləntisindədirlər. Halbuki, möcüzə belə, onlardan üz döndərib.
Yeri gəlmişkən, 19 yanvar mitinqindən sonra eyforiyaya qapılan Əli Kərimli yanvarın 20-də, ümumxalq hüzn günündə Şəhidlər Xiyabanını ziyarət edən zaman süni şəkildə polislərlə qarşıdurma yaradarkən, internet mediaya onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından dəm vurmuşdu. Özünü təmizə çıxarmağa səy göstərən Kərimli utanmadan deyirdi ki, polis qəsdən “milli şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxır ki, az görünsünlər. Bəs hanı “on minlərlə adam”? Niyə onlar Azərbaycanın tarixində özəl yerlərdən birini tutmuş Məhəmmədəmin Rəsulzadənin abidəsi önünə belə, 200-300 adamdan artıq insan toplaya bilmədilər?
Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil
Əli Kərimlinin belə boş iddiaları daha bir hadisəni yada salır. Geçəkliyi yalan kimi xalqa sırımaq şakərində olan məhz AXCP sədridir ki, daha öncəki Şəhidlər Xiyabanına edilən ziyarətlərindən birində oraya axın edən yüz minlərlə insanların şəkillərini öz şəklinin arxasına fotoşop kimi birləşdirib, bunu AXCP və “Milli Şura” tərəfdarları adı altında xalqa sırımağa cəhd göstərmişdi. Bəli, Əli Kərimlinin əlindən gələn digər xəyanətlər, satqınçılıqlarla yanaşı, onun belə “bacarığının” da olması elə mətbuat tərəfindən faş edilmişdi.
Nəticədə daha bir sual yaranır ki, görəsən “Mlli Şura” Rəsulzadənin heykəlinin yanına o 10 minləri niyə aparmayıb və cəmi 120-130 adamla gəlib? Axı polis onlara heç bir maneçilik törətməmişdi! Maraqlıdır, AXCP sədri bu dəfə hansı bəhanələrini ortalığa atıb, özünü xalqa güldürəcək?
Beləliklə, bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.
Dövlətin apardığı islahatlar və uğurlu sosial siyasət Əli Kərimlini və s. radikal “liderləri” əndişələndirib!
Son olaraq isə, qeyd edə bilərik ki, ölkədəki sabitliyi, inkişafı öz çirkin xisləti ilə qaralamağa cəhd edən Əli Kərimli xüsusilə, dövlətin öz xalqına göstərdiyi xidmətindən əndişə keçirməyə başlayıb. Bu gün onun özü də yaxşı anlayır ki, aparılan struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və birinci vitse-prezidentin tapşırıqları artıq icra olunmağa başlayııb, insanlar yeni iş yerləri ilə təmin olunmaqdadırlar və bu proses davamlı xarakter alır.
Dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından qorxuya düşən AXCP sədri bu məsələdə də süni qarışıqlıq yaratmağa çalışsa da, şəhid ailələri üzərindən özünə xallar toplamağa cəhd etsə də, onun bu cəhdləri də boşa çıxdı. Dövlət rəhbərliyi şəhid ailələri ilə görüşdü, onların sosial-məişət həyatlarının daha da yaxşılaşdırılması yönündə Fərman və Sərəncamlar imzalandı, müavinətlər artırıldı, 11 minlik birdəfəlik mavinətlərin verilməsi isə bütün kateqoriyalara aid edildi, əlavə olaraq, dövlət şəhid ailələrinin mənzillərlə təmin edilməsi üçün daha 35 milyon manat ayırdı ki, bu siyasət də ardıcıl xarakterə malikdir.
Bütün bunlar isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, 19 yanvar mitinqi sadəcə, sabun köpüyündən başqa bir şey olmadı. Görünür, Əli Kərimli onun üçün nə qədər də ağır olsa belə, sonda bütün bu reallıqları anlamaq məcburiyyətinə qalacaq. Çünki onun məğlubiyyətini etiraf etməsi üçün başqa yolu da qalmayıb. Yox, əgər bunu etməyəcəksə, yaxud etmək istəməyəcəksə, demək ki, siyasi arenada siyasi meyit kimi qalmaq gerçəkliyi ilə süni həyatını yaşamağa, daha dəqiq desək, düşərgə daxilində sürünməyə davam etdirəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB