Bəhruz Quliyev: "Milli Şura" artıq tükənib" AÇIQLAMA-ÖZƏL

Bəhruz Quliyev: "Milli Şura" artıq tükənib" AÇIQLAMA-ÖZƏL

“Milli Şura”nın sosial şəbəkələr və digər vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı keçirəcəyi “mitinqi”n bu gün iflasa uğraması onların yalnız söz “qəhrəmanları” olduğunu bir daha sübut etdi”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, müxalifətin radikal qrupu sosial şəbəkələrdə özlərini “lider” kimi apararaq sosial bazalarının olması və bunun vasitəsilə istədiklərinə nail ola biləcəkləri ilə bağlı mif formalaşdırır: “Amma nəticəyə gəldikdə ortada nimdaşlaşmış köhnə müxalifəti görürük. 90-cı illərin mitinq hissləri ilə yaşayan müxalifət inkişaf etməyə cəhd belə göstərmir”.

19 yanvarda “məhsul mitinqi”nə “on minlərlə” insan çıxardığını iddia edən müxalifətin nəticədə heç 3 min tərəfdarını çıxara bilmədiyini deyən ekspert söyləyib ki, bu fakt “Milli Şura”nın ucuz təbliğatını ortaya qoymuş oldu: “Əgər onlar həqiqətən də mitinqə söylədikləri qədər insan çıxarmışdılarsa, o zaman Məhəmməd Əmin Rəsulzadənin büstü önünə niyə adam toplaya bilmədilər? Neçə gündür sosial şəbəkələrdə müxtəlif vasitələrdən istifadə edərək “mitinq” keçirəcəyini elan edən “Milli Şura” nəticə etibarı ilə 200 adamı bir araya toplaya bilmədi. Böyük iddialarla çıxış edən müxalifət “lidercikləri” belə ora bir və ya iki tərəfdarı ilə gəlmişdi”.

B.Quliyev vurğulayıb ki, Azərbaycanın ümumxalq hüzn günündə Əli Kərimli sosial şəbəkələrdə Şəhidlər Xiyabanına minlərlə adam topladığını bildirsə də, fakt ortada idi: “Ora gələn 5-10 nəfərin məqsədi də yalnız asayişi pozmaq istəyi idi ki, bunun da qarşısı Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən alındı”.

Ekspert əlavə edib ki, radikal müxalifət hələ də köhnə davranışından əl çəkməyib: “Bu köhnəlik onları 90-cı illərin əvvəllərində saxlayıb. Artıq müasir dünyada yaşayırıq, Azərbaycan inkişaf edir, vətəndaşlarımızın siyasi şüuru kifayət qədər yetkinləşib, insanların qəlbində qurmaq, yaratmaq, dünyanın yeni çağırışlarına qoşulmaq istəyi var. Amma təəssüf ki, müxalifət nə dəyişib, nə də inkişaf edib, hələ də mitinq keçirmək arzusu ilə yaşayır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə