"Xalq radikalları qətiyyətlə rədd edir" ÖZƏL-MÜNASİBƏT

"Xalq radikalları qətiyyətlə rədd edir" ÖZƏL-MÜNASİBƏT

“Bu gün Azərbaycan dövlətinin inkişafından narahat olan bəzi qüvvələr var”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, həmin qüvvələr çalışırlar ki, sapı özümüzdən olan baltaların hesabına suyu bulandırsınlar və bulanıq suda balıq tutsunlar: “Amma bu başı boş müxalifətin başbilənləri başa düşə bilmirlər ki, onların ölkəmizlə bağlı məkrli planları heç vaxt həyata keçən deyil. Çünki xalqın gözü tərəzidir və xalqımız müxalifətin kim olduğunu, onların özündən də çox gözəl bilir. Əminliklə deyə bilərəm ki, Əli Kərimli və Cəmil Həsənli məhvə məhkumdurlar. Bir sözlə, bu gün müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda müxalifətin keçirdiyi aksiyalar uğursuzluğa düçar olmağa məhkumdur. Çünki sosial bazaları yoxdur, xalq onları qətiyyətlə rədd edir.

Yanvarın 19 müxalifətə mitinq keçirməyə imkan verildi, ancaq uğursuz aksiyadan sonra qarşıdurma yaradılmasına cəhd göstərildi. Bu baxımdan onların nəzərinə çatdırıldı ki, mitinqdən sonra qaydanı pozmusunuz və sizə növbəti mitinqin keçirilməsinə razılıq verilməyəcək. Müxalifət bu cür qanunsuz tədbirlərlə diqqəti özlərinə cəlb etmək istəyirlər. Əlbəttə ki, müxalifətin arxasında qüvvələr dayanır. Yəni xarici qüvvələr ölkəmizlə bağlı xoşagəlməz məkrli planlarının həyata keçməsi üçün müxalifət təmsilçilərindən maşa kimi istifadə edirlər. Amma onların nə istəməsindən və etməsindən asılı olmayaraq onların planları heç vaxt baş tutmayıb və tutmayacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə