ABŞ Cənubi Qafqaza biganə deyil TƏHLİL

ABŞ Cənubi Qafqaza biganə deyil TƏHLİL

Rəsmi Vaşinqton Cənubi Qafqazda mövqelərini əldən verməmək üçün, Azərbaycan həqiqətlərini etiraf etmək, haqlı olduğu ilə barışmaq məcburiyyətindədir

Yanvarın 29-da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng etməsi heç də təsadüfi deyil. Trampın müşavirinin bir neçə gün əvvəl Ermənistanın baş nazirinə zəng vurduğunu nəzərə aldıqda aydın olur ki, bu zəng sıradan bir telefon əlaqəsi təşəbbüsü sayıla bilməz. Görünür, Birləşmiş Ştatlar Cənubi Qafqazla bağlı hansısa tədbirlər haqqında düşünür və yeni strategiya artıq işlənib hazırlanıb.

Con Boltonun bir neçə gün əvvəl Ermənistanın baş nazirinə zəngi dərhal yada düşür və bir sıra suallar ortaya çıxır. Görəsən, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Azərbaycan Prezidentinə zəngindən bir neçə gün öncə niyə Ermənistan hakimiyyəti ilə əlaqə saxlayıb və Nikol Paşinyanla hansı mövzuda söhbət aparıb? Bu zənglərin ardıcıllığı təsadüfi ola bilərmi və məqsəd nə ola bilər? Qarabağ məsələsi müzakirə mövzusu olubmu?

Nikol Paşinyan Qarabağ Klanından ehtiyat etdiyi səbəbdən Boltonun zəng edərkən münaqişə ilə bağlı müzakirə aparmadığını bildirir

Doğrudur, Paşinyan açıqlama verib ki, Bolton onu yalnız baş nazir seçilməsi münasibətilə təbrik edib və güya başqa bir müzakirə olmayıb. Baş nazirin Dağlıq Qarabağla bağlı heç bir müzakirənin aparılmadığını bildirməsi sözsüz ki, şübhə doğurur. Heç şübhəsiz ki, Paşinyanın belə bir açıqlama verməsi yenə də adəti üzrə, daxili auditoriyaya hesablanıb və məqsəd rəqiblərini sakitləşdirməkdir. Bir sözlə, Nikol Paşinyan Qarabağ Klanından ehtiyat etdiyi səbəbdən belə bir açıqlama vermək məcburiyyətində qaldığı diqqəti cəlb edir. Əgər Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda Con Boltonun Cənab İlham Əliyevlə bir sıra mövzularla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə etdiyi də qeyd olunursa, deməli bu mövzu bir neçə gün öncə Paşinyanın özü ilə də müzakirə edilib. İndi Ermənistanın baş naziri bunu etiraf etmirsə bu onun ehtiyatlandığını təsdiq edir, müzakirənin aparılmadığını yox.
Ermənistanın baş naziri ilə Dağlıq Qarabağ məsələsi barədə müzakirələrin aparılıb, aparılmadığı müzakirə mövzusu deyil, lakin Paşinyanın bu müzakirəni gizlətməsinin müzakirə mövzusuna bilavasitə aidiyyəti var və sonda bu öz təsdiqini tapacaq. Əslində müzakirə mövzusu Con Boltonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmağa niyə maraqlı olmasıdır. Bəlkə, həqiqətən də ABŞ bu münaqişənin həlli ilə bağlı hərəkətə keçib? Əgər belə isə Birləşmiş Ştatların hərəkətə keçməsi, özü də uzun müddətdən sonra hərəkətə keçməsi hansı maraqdan irəli gəlir?

Birləşmiş Ştatlar Rusiyanın maraqları ilə mübarizədə israrlıdır və bu mübarizə məkanına sözsüz ki, Cənubi Qafqaz da daxildir

Amerika kimi fövqəl dövlətin münaqişə ilə bağlı hərəkətə keçdiyi haqda düşünəndə dərhal ABŞ milli kəşfiyyatnın rəhbəri Deniel Koutsun fikirlərini, Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyinə dair açıqlamasını xatırlasaq, ABŞ-ın hərəkətə keçdiyini birmənalı şəkildə söyləmək olar. Hətta bu fövqəl dövlətin nə səbəbə, nəyə görə hərəkətə keçdiyi qənaətinə də gəlmək mümkündür. Unutmaq lazım deyil ki, Birləşmiş Ştatların Rusiyanın maraqları ilə mübarizəsi yenilik deyil və ştatlar bu mübarizəni dünyanın hər yerində aparır. Məsələn, Moskva Venesuellanın hazırki prezidentini müdafiə etdiyi halda, ABŞ tam əksinə olaraq prezident Maduronu devirmək istəyən qüvvələri dəstəkləyir.
Suriyadakı durum da daha bir sübutdur və heç də sirr deyil ki, Amerika Suriyadan çıxmaq istəsə də, Rusiyanın bu ölkəyə tam hakim olmasını istəmir. Məhz Rusiyanın bu ölkədə hakimiyyətini əngəlləmək üçün müxtəlif yollara əl atır. Bu sıraya Ukraynanı da əlavə etmək olar və sadalananlar təsdiq edir ki, Birləşmiş Ştatlar Rusiyanın maraqları ilə mübarizədə israrlıdır. Bu mübarizə məkanına sözsüz ki, Cənubi Qafqaz da daxildir və görünür indi də növbə bu bölgənindir və çox güman ki, Cənubi Qafqazla bağlı ABŞ-ın strategiyası artıq hazırdır. Görünür, Rusiyanın bölgədəki mövqeyinin zəiflədilməsi və təsirinin azaldılması strategiyanın qayəsini təşkil edir. Vaşinqtondan Bakıya və İrəvana zənglərin sayının artması məhz təsdiq edir ki, ABŞ-ın Cənubi Qafqazla bağlı strategiyası artıq hazırdır və ştatlar aktiv fəaliyyətə başlayıb.

Cənubi Qafqazla bağlı Vaşinqtonun hərəkətə keçməsi başadüşüləndir və amerikalılar bu bölgəni qətiyyən ruslara hədiyyə etmək fikrində deyillər

ABŞ-ın 2000-ci ildən bu vaxta qədər Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi fəallıq nümayiş etdirmədiyi sirr deyil. Azərbaycan və Ermənistan prezidentlərinin Amerikada sonuncu görüşü 19 il əvvəl olub və bu qədər uzun müddət heç bir maraq dairəsində olmayıbsa, indi bu münaqişə marağa səbəb olursa, deməli, rəsmi Vaşinqton bu mövzuya qyıtmaq qərarındadır.

Donald Trampın güclü komandası, Bolton kimi təcrübəli diplomatı var və hərhansı bölgənin Rusiyaya bəxş edilməsinə razılaşılacağına inanmaq belə olmur. Bunun arzuolunmaz nəticələri ştatlar üçün qəbul edilməzdir. Gürcüstanın və Ukraynanın misalında ABŞ bunun acı nəticələrini təcrübi olaraq gördü. Məhz bu baxımdan Cənubi Qafqazla bağlı Vaşinqtonun hərəkətə keçməsi başadüşüləndir və amerikalılar bu bölgəni qətiyyən ruslara hədiyyə etmək fikrində deyillər.

Çox güman ki, rəsmi Vaşinqton Moskva və Paris görüşlərindən sonra Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü Amerika ərazisində təşkil etmək niyyətindədir. Təbii ki, bu görüşü də reallaşdırmaq üçün əvvəlcədən müəyyən fəaliyyətə ehtiyac duyulur və münaqişə tərəfləri ilə bu istiqamətdə iş aparmaq lazım gəlir. Heç şübhə yoxdur ki, Con Bolton artıq bu istiqamətdə fəaliyyətə start verib və görünür bir-birinin ardınca əvvəl Ermənistanın baş naziri, sonra isə Azərbaycan prezidenti ilə telefon əlaqəsi saxlayaraq münaqişə ilə müzakirə aparması start verilən fəaliyyət strategiyanın tərkib hissəsidir.

ABŞ münaqişə tərəflərinə, Bakı və İrəvana ehtiyatlı olmaq barədə xəbərdarlıq etməklə diqqəti özünə cəlb etmək məqsədi güdür

ABŞ milli kəşfiyyatnın rəhbəri Deniel Koutsun fikirləri, daha dəqiq desək, Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyinə dair açıqlaması əslində münaqişə tərəflərinə olan xəbərdarlıqdır. Bu xəbərdarlıq isə özündə Rusiyanın istənilən anda münaqişəyə müdaxilə etmək və idarəetməni öz əlinə almaq kimi proqnozları ehtiva edir. Qısası, bir növ ABŞ münaqişə tərəflərinə, Bakı və İrəvana ehtiyatlı olmaq barədə xəbərdarlıq edir. Xəbərdarlıq edir ki, münaqişə tərəfləri Rusiyanın səmimiyyətinə etibar etməsinlər. Bu xəbərdarlıq isə əslində diqqəti özünə cəlb etmək məqsədi daşıyır.

Doğrudur, bu yanaşma məntiqi suallar doğurmaya bilməz və hələ ABŞ-ın özünə, səmimiyyətinə etibar etmək olar, ya olmaz, bu bir başqa müzakirə mövzusudur. Amma məsələyə uyğun olaraq bir sual daha çox düşündürür, görəsən niyə ABŞ bu xəbərdarlığı edir? Yaxud ABŞ-a nə düşüb ki, Azərbaycan, ya da Ermənistan haqqında düşünür? Bəlkə, münaqişənin alovlanması, Ermənistanda və ya Azərbaycanda müharibə acısı narahat etməyə başlayıb amerikalıları? Əgər elə isə niyə bir vaxt, yəni ötən əsrin sonlarında qırğınlar həyata keçirilən zaman, Xocalı faciəsi törədilən zaman, məcburi köçkünlər yurd-yuvalarından didərgin salınan zaman, yaxud heç olmasa törədildikdən sonra səsini çıxarmırdı birləşmiş ştatlar? Niyə Con Bolton bu vaxta qədər məsələ ilə bağlı ortaya konkret mövqe qoymurdu? Indi nə dəyişdi və nə səbəbə tərəfləri narahat edəcək məqamlarla Boltonun timsalında Vaşinqton ilgilənəsi oldu?

Təbii ki, ABŞ hökumətinin, münaqişə alovlanarsa Azərbaycan, yaxud Ermənistan nə kimi itgilər verəcək deyə bir qorxusu, əndişəsi yoxdur. Heç bölgədə sülhün pozulması, müharibələrin, terrorun, separatçılıq meyillərinin, ölüm hadisələrinin sayının artması və sair qlobal məsələlər də amerikalıları narahat etmir. Belə olan halda, ABŞ-ın sadəcə bölgədə öz mövqelərini möhkəmləndirmək, Cənubi Qafqaz kimi bir məkanı Ruslara güzəştə getməmək niyyətinin olduğu öz yeganə məntiqi təsdiqini tapır. Bəlli olur ki, ABŞ Cənubi Qafqaza biganə deyil və bu mövqeyini gizlətmir də. Amma hər bir halda söhbət əgər münaqişənin həllindən gedirsə, deməli artıq Dağlıq Qarabağ münaqişəsi Azərbaycan torpaqlarının geri qaytarılması, hüquqlarımızın bərpası, ölkəmizin bütün maraqlarının, mənafelərinin təmin olunması şərti ilə öz həllini ən yaxın zamanda tapacaq. Görünür fövqəl dövlət olan ABŞ ən azından Cənubi Qafqazda mövqelərini əldən verməmək, Rusiyanın maraqları ilə mübarizəsi xatirinə də olsa Azərbaycan həqiqətlərini etiraf etmək, haqlı olduğu ilə barışmaq məcburiyyətindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə