Gürcüstan öz başına hansı problemi açıb? ARAŞDIRMA+ANALİTİK

Gürcüstan öz başına hansı problemi açıb? ARAŞDIRMA+ANALİTİK

Yaxud, Georgi Lomsadzenin Mixail Avaqyan etirafları

Gürcüstanın ermənilərin kompakt yaşadığı Buqaşeni kəndində birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı qəddarlıqlar törətmiş terrorçu-cinayətkar Mixail Avaqyana aid büstün ucaldılması bir müddət ən çox müzakirə olunan mövzuya çevrildi və maraqlıdır ki, Gürcüstanın tanınmış ictimai-siyasi xadimlərinin bəziləri bu məsələdə Azərbaycan tərəfinin narazılığını və etirazlarını haqlı saysalar da, digər qismi hələ də susqun qalmaqda davam edirlər.

Daha bir maraqlı məqam, Gürcüstan jurnalistlərinin göstərdikləri mövqedir. SİA xəbər verir ki, mövzu ilə bağlı gürcü jurnalist və bloqeri, “Tamadanın hekayələri” bloqunun sahibi Georgi Lomsadze eurasiya.net-in rusdilli səhifəsində yazısı ilə çıxış edib. Əsasən, tərəfsizlik saxlamağa cəhd edildiyi göstərilsə də bir sıra məqamlar diqqətdən yayınmayıb.

“O, ermənilər üçün müharibə qəhrəmanı, azərbaycanlılar üçün isə hərbi cinayətkar, gürcülər üçün isə baş ağrısıdır...”

“Əhalisinin çox hissəsinin ermənilərdən ibarət olduğu Samtsxe-Cavaxetiyanın Buqaşeni kəndində yaşamış Mixail Avaqyanın büstünün təntənəli açılış mərasimi keçirilərkən, Gürcüstanın digər hissələrində buna diqqət göstərilmədi. Lakin, qonşu Azərbaycanda bu hadisə günün əsas xəbərlər blokunda işıqlandırıldı”, deyə qeyd edilən məqalədə bildirilir: “Gürcüstanda anadan olmuş etnik erməni Avaqayan 1990-cı ilin əvvəllərində Azərbaycanla münaqişə zamanı Dağlıq Qarabağ uğrunda erməni tərəfində döyüşüb. O, ermənilər üçün müharibə qəhrəmanı, azərbaycanlılar üçün isə hərbi cinayətkar, gürcülər üçün isə baş ağrısıdır...”

Bu ifadələrdə bəzi detallara nəzər salarsaq, gürcü jurnalist erməni cəlladının Dağlıq Qarabağ “uğrunda” (?!-R.N.) döyüşdüyünü yazsa da, beynəlxalq aləmin bu ərazilərimizin işğala məruz qalması faktını nədənsə qeyd etməyib, yaxud “təsadüf nəticəsində unudub”.

Lomsadze, bu barədə daha müfəssəl məlumat vermir, əksinə...

Məqaləsinin digər hissəsində DQ münaqişəsinin Cənubi Qafqazın yeni tarixində ən qanlı münaqişə olduğunu qeyd edən gürcü müəllif davamı olaraq yazır ki, bu müharibə hər iki tərəfə sağalmaz yaralar vurub, eləcə də düşmənçilik münasibətinin uzanmasına səbəb olub: “Lakin buna baxmayaraq, Gürcüstanda etnik ermənilərin və azərbaycanlıların müəyyən diasporları yaşayır, ölkə bu müharibədən kənarda qalıb, belə ki, 1990-cı illərdə öz daxilindəki müharibələrlə, separatçılarla məşğul olub”.

Beləliklə, keçək digər məqama. Məqam isə budur ki, bu gün Gürcüstanın özü Cənubi Osetiya və Abxaziya problemləri ilə qarşı-qarşıya qalıb və işğalın, separatçılığın vurduğu yaraları yaxşı anlayır. Maraqlısı da budur ki, uzun illər Azərbaycanın da bənzər işğal faktı, habelə separatçılıqla mübarizəsinin olduğunu bilə-bilə, cənab Lomsadze, bu barədə daha müfəssəl məlumat vermir, əksinə...

...Bu barədə məqalənin daha aşağı hissəsində bir daha qeydlər edəcəyəm.

Gürcüstan, erməni-azərbaycanlı qarşıdurmasında seçimini etməlidir

“Qafqazda heç kim hazırkı sərhədlərin mövcudluğundan razı deyil və tərəflərin hər birində qonşulara qarşı pretenziyalar irəli sürülə, istənilən diplomatik hədəfdən yayınma halı isə partlayışa səbəb ola bilər. Bu dəfə uduzan situasiyada Tbilisi oldu, hansı ki, Azərbaycanın hiddəti onun üzərinə yağmağa başladı”, deyə sözügedən məqalədə bildirilir və xatırlatmalara yer verilir.

“Bakı, Gürcüstanın Azərbaycandakı səfirindən izahat tələb etdi, Azərbaycanın Gürcüstandakı səfiri isə Tbilisiyə etiraz notası göndərdi”, deyə Azərbaycan deputatı Rasim Musabəyovun sözlərindən sitat gətirən gürcü müəllif millət vəkilinin digər fikirlərini də xatırladıb. “O, əlavə edib ki, Tbilisi abidə haqqında öz mövqeyini bildirməlidir”, yazan Lomsadze bununla belə nəticəyə gəlib ki, Gürcüstan, erməni-azərbaycanlı qarşıdurmasında seçimini etməlidir.

Gürcü jurnalist 20 yanvar hadisələri barədə dolğun məlumat verməyib və...

Beləliklə, yuxarıda da qeyd etdiyim kimi, tərəfsizlik nümayiş etdirdiyini nümayiş etdirməyə çalışan gürcü jurnalist sonradan daha bir yanlışlığa yol verib. O, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini – 20 yanvar hadisələrini ermənilərin talan edilərək, qətlə yetirilməsi məsələsi ilə əvəzləyib. Halbuki, bunun SSRİ DTK-nın azərbaycanlıları gülləboran hədəfinə alması üçün təxribatı kimi də qiymətləndirə, əsl gerçəyi yaza bilərdi. Onun həmin fikirlərini də olduğu kimi diqqətə çatdırırıq. SİTAT: “Azərbaycan tərəfini qıcıqlandıran əsas tərəfi Avaqyana qoyulan abidənin Azərbaycan xalqı üçün müqəddəs və əhəmiyyətli gündə - 20 yanvar tarixində açılmasıdır. Həmin gün, 1990-cı ildə ermənilərin Bakıda bir neçə dəfə talan olunmalarından sonra, sovet qoşunları 200 nəfər vətəndaşı amansız şəkildə qətlə yetirdi. Bu gün həmin tarix Azərbaycanda “Qara yanvar” kimi qeyd olunur”.

Müəllif daha sonra yazır: “Azərbaycan tərəfinin narazılığı eyni zamanda Avaqyanın müharibədə ən qanlı epizodlarından birində - Xocalıda bir neçə yüz mülki insanın öldürülməsində hallanır. “Gürcüstanda Xocalı cəlladına abidə ucaldıblar”, Azərbaycan mətbuatında gedən yazıların başlığında verilib”.

Demə, bu Avaqyan üçün Gürcüstanda ucaldılmış ilk büst deyilmiş!

Gürcü jurnalist, Tbilisinin abidə məsələsində məsafəli davranmağa çalışdığını yazıb və qeyd edib ki, gürcü tərəfi həmin abidənin ucaldılmasını yerli sakinlərin təşəbbüsü olduğunu bildirib. “Hər şeyə rəğmən, büst Avaqyanın qohumu, Qagik Avaqyanın şəxsi maliyyəsi hesabına ucaldılıb. Bir sıra yerli KİV-lər xəbər veriblər ki, yerli məktəbdə Avaqyana daha bir büst ucaldılıb”, yazan Lomsadze Gürcüstanın bu cavabının Azərbaycanda bir çoxlarını qane etmədiyini qeyd edib: “Azərbaycanın haqqın.az informasiya agentliyi məqalə ilə çıxış edib və orada vurğulanıb ki, abidənin açılışı mərasimində hakim “Gürcü arzusu” partiyasının iki deputatı da iştirak edib, eləcə də Ermənistanın Gürcüstandakı səfiri də orada olub. “Bəs Gürcüstan hakimiyyəti Borçalıda – azərbaycanlıların sıx yaşadığı bölgədə Qarabağ müharibəsinin qəhrəmanına abidə ucaldılarsa, yenə də tolerant davranacaqmı?”, deyə məqalədə ritorik sual verilir”.

Lomsadzeyinin həqiqətdən yayınma cəhdi: “Gürcüstanın nəhəng investoru və enerji təchizatçısı olan Azərbaycanı razı salmaq üçün, abidənin sökülməsi çətin ki, baş versin, çünki bu digər qonşusu – Ermənistanı və Samtsxe –Cavaxetiyada yaşayanları hiddətləndirəcək”

Lakin qeyd edilənlərlə yanaşı, gürcü jurnalist həmyerli müşahidəçilərinin də fikirlərinə toxunub: “Bəzi gürcü müşahidəçilər mərkəzi hakimiyyəti ittiham etdilər ki, nəyə görə Samtsxe-Cavaxetiyaya lazımi qədər diqqət göstərmirlər ki, nəticədə ölkəni çıxılmaz vəziyyətə salınır və burada itkisiz çıxmaq mümkün deyil”.

Daha bir məsələ isə, Azərbaycanın uzun illərdir ki, Gürcüstana bu və ya digər şəkildə yardımlar göstərməsi, eləcə də enerji və s. məsələlərin təminatında ölkəmizin tutduğu mövqe ilə bağlıdır. “Gürcüstanın nəhəng investoru və enerji təchizatçısı olan Azərbaycanı razı salmaq üçün, abidənin sökülməsi çətin ki, baş versin, çünki bu digər qonşusu – Ermənistanı və Samtsxe –Cavaxetiyada yaşayanları hiddətləndirəcək”.

Çox ilginc bir məsələdir ki, gürcü jurnalist bir tərəfdən Azərbaycanı ölkəsinin nəhəng investoru, enerji təhcizatçısı kimi qeyd edir, digər tərəfdən isə, ölkəsinə heç bir səmərəəsi olmayan Ermənistanın hiddətlənəcəyini yazır. Halbuki, bu gün Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış “DQR” adlı saxta və separatçı “dövlət” bu günün özündə Cənubi Osetiya və Abxaziya ilə “ikitərəfli əməkdaşlıqlar” qurur, tərəflər qarşılıqlı dəstək nümayiş etdirirlər. O cümlədən, abxaz və osetin separatçılar “DQR”ə məhz Ermənistan (!-R.N.) üzərindən keçib-gedirlər. Budurmu, gürcü jurnalisti narahat edən? Halbuki, Azərbaycan dövləti olmasaydı, Gürcüstan dövləti və xalqı indi çox ağır bir vəziyyətdə Rusiyanın güclü zərbələri altında inləyərdilər. Təəssüf ki, Lomsadze dərk elədiyi bu reallığı dərk etmədiyi şəkildə biruzə edir...

Tornike Şarşenidze: “Hakimiyyətdə bardaq, xaos və hörmətsizlik hökm sürür”

Bu arada, “Jamnews” nəşrinə açıqlama verən gürcü politoloqu Tornike Şaraşenidzenin açıqlamasına da yer ayrılıb. “Bizim ölkənin hakimiyyətində bardaq, xaos və hörmətsizlik hökm sürür”, deyə İctimai məsələlər İnstitunun professorunun sözlərini gətirən gürcü müəllif, onun digər fikirlərini də çatdırıb və qeyd edir ki, Şaraşenidze hakimiyyətin sözügedən abidənin hansı nəticələrə gəlib-çıxacağını bilmək istəyində olmayıb.

“Gürcüstanın rəsmi şəxsləri xarici işlər nazirliyində, eləcə də parlamentdə olduğu kimi eyni refreni təkrar edirlər ki, “Azərbaycan strateji partnyordur” və Tbilisi ilə Bakı arasında istənilən sahə üzrə fikir ayrılığı yoxdur”, Tornike Şaraşenidzenin sözləri Lomsadze tərəfindən bildirilir.

Məqalənin sonunda isə qeyd olunur: “Azərbaycan hakimiyyətinin nəzarətində olan KİV-lər tərəfindən Gürcüstana edilən pretenziyalardan nəticə çıxararsaq, Tbilisi müxtəlif mərhələlərdə bir çox bənzər söhbətlərə getməli olacaq”.

Hələ ki, gec deyil...

Beləliklə, fakt budur ki, gürcü müəllif özünü “tərəfsiz” göstərməyə cəhd etsə də, onun erməni cəlladına abidənin ucaldılması məsələsində dolayı yolla ermənilərin cinahından çıxış etdiyini sezmək mümkündür. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan tərəfinin etirazlarını yalnız hakimiyyət yaxın KİV-lər tərəfindən səsləndirildiyini iddia edən Lomsadze bilməlidir ki, bu etiraz əsılində, bütün Azərbaycan xalqının etirazıdır və yaxşı olardı ki, Gürcüstan hakimiyyəti bu məsələni özünə “baş ağrısı” kimi qəbul etməsi yerinə, onun ərazi bütövlüyünə dəstək göstərən, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyindən çıxış etsin. Hər halda erməni cəlladı Aqoyanı və ermənilərin işğalçılıq maraqlarını özlərinə strateji partnyor hesab etdikləri, aclarından ölməyə qoymadıqları Azərbaycana qurban vermələri reallıqda hər şeyi dəyişə bilər. Necə deyərlər, hələ ki, gec deyil...

Rövşən NURƏDDİNOĞLU

P.S. Sonda isə bir kiçik xatırlatmanı da etmək lap yerinə düşərdi. Bu gün erməni terrorçusuna abidə ucaldılan Samtsxe-Cavaxetiya erməniləri özlərinə “cavax erməniləri” deyirlər, bölgənin adını isə Grcüstan ərazisindəki “kiçik Ermənistan” adlandırırlar. Əgər bir neə ildən sonra onlar da separatçılıq meyllərini təkrarlasalar (bu kimi hallara dəfələrlə yol verilib) Lomsadze bu dəfə ölkəsində daha bir işğalçılıq meyllərindən bəhs edən yazı ilə çıxış etməli olacaq. Çünki ermənilərdən hər şeyi gözləmək olar.

P.S.S. Lomsaqdzenin məqaləsini bu linkdən oxuya bilərsiniz:

https://russian.eurasianet.org/%D0%BF%D1%80%D0%BE%D0%B1%D0%BB%D0%B5%D0%BC%D1%8B-%D0%B7%D0%B0%D0%BA%D0%B0%D0%B2%D0%BA%D0%B0%D0%B7%D1%8C%D1%8F-%D0%B7%D0%B0%D0%BF%D0%B5%D1%87%D0%B0%D1%82%D0%BB%D0%B5%D0%BB%D0%B8-%D0%B2-%D0%BA%D0%B0%D0%BC%D0%BD%D0%B5?fbclid=IwAR1gv2oKmWUogE8ZReSUH5V6EtLTORLbEQygg_pztD2d7eGSMstoyHFt2fk

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə