Davos səfəri ölkəmizin siyasi-iqtisadi inkişafına təkan verəcəkdir
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-24-də Davos İqtisadi Forumunda iştirakı ölkəmiz üçün mühüm iqtisadi və siyasi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldı. Azərbaycanın dövlət başçısının keçirdiyi rəsmi və işgüzar səfərlər respublikamızın son illərdə əldə etdiyi uğurların beynəlxalq ictimaiyyətə təqdim edilməsi ilə yanaşı, dünya birlyinə sıx interasiya proseslərində fəal rol oynadığını təsdiqləmiş oldu.
Davos Forumunda bir daha sübut olundu ki, Prezidenti İlham Əliyevin yeni dünya iqtisadi-siyasi sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu, Azərbaycanı regionun lider dövlətinə çevirir, dünyada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməkdədir. Davos İqtisadi Forumu dünyada baş verən iqtisadi proseslərin, iqtisadi gündəliyinin müzakirə edildiyi ən böyük platformadır. Forum təkcə aktual iqtisadi məsələlərin deyil, həm siyasi, həm də ictimai məsələlərin müzakirə olunduğu ən böyük beynəlxalq tribunadır. Forumda dünyanın iqtisadi prioritetləri müəyyənləşdirilir, dünya siyasətinin əsas istiqamətləri müzakirə olunur. Dünya iqtisadiyyatına təsir göstərən bir çox qərarlar, yeni ideyalar, innovativ yanaşma tərzləri məhz Davos İqtisadi Forumunda müzakirə edilir, mühüm qərarlar qəbul olunur. Bu təşəbbüslərin nəticəsi olaraq qlobal iqtisadi mühitin sağlamlaşmasına, dünya ölkələri arasında çoxtərəfli və ikitərəfli iqtisadi konsensusların əldə olunmasına və mühüm layihələrin gerçəkləçməsini təmin edən sazişlərin imzalanmasına səbəb olur.
Davos Forumu həmçinin, qlobal iqtisadiyyata geniş baxış məkanıdır. Bir sıra şirkətlər öz partnyorlarını məhz bu tədbirdə tapır, razılıq əldə edir. Bu ilki i Forumun əsas mövzusunu qloballaşma və dördüncü sənaye inqilabı dönəmində hökumətlər və bu inqilabi proseslərin iştirakçıları arasında qarşılıqlı əlaqənin və təsirin optimallaşdırılması problemlərinin araşdırılması təşkil edib. Eyni zamanda, qlobal geosiyasət, maliyyə sistemində texnoloji və potensial struktur dəyişiklikləri imkanları, kapital bazarlarının inkişafı, elektron ticarət, rəqəmsal iqtisadiyyat, qloballaşmanın strateji nəticələri və digər mühüm məsələlər Forumun əsas mövzusu olubdur. Forumda Azərbaycana və Prezident İlham Əliyevə böyük diqqət və maraq özünü növbəti dəfə aydın şəkildə göstərdi.
Yanvarın 21-də Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşünü xüsusilə qeyd etmək lazımdır. Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və respublikamızın güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rol oynadığını yüksək qiymətləndirib. Bu görüşdə Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu isə yeni çağırışlar əsasında dinamik inkişaf edən və yeni qlobal texnologiyaların tətbiqini genişləndirən Azərbaycanın qarşıdakı illərdə sənaye sektorunun şaxələndirilməsinə töhfəverici faktor kimi dəyərləndirilə bilər. Azərbaycan Dünya İqtisadi Forumu ilə əməkdaşlıq etməklə ən müasir qabaqcıl dünya texnologiyalarının ölkəmizə gətirilməsi, sənaye yönümlü innovativ məhsulların ixracı və rəqəmsal iqtisadiyyat quruculuğu sahəsində yüksək perspektiv nailiyyətlərə naıl olacaqdır. Eyni zamanda, blokçeyn texnologiyaların ölkəmizdə tətbiqi sahəsində öz mühüm töhfəsini verəcəkdir.
Prezident İlham Əliyevin Borge Brende ilə apardığı faydalı müzakirələrdə ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə də məlumat verildi. Böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, habelə enerji layihələrinin reallaşdırılmasının həm respublikamız, həm də region üçün əhəmiyyəti vurğulandı. Bu, dünyanın ən nüfuzlu təşkilatının Azərbaycanın müasir iqtisadi vəziyyəti ilə yaxından tanış olması və respublikamızda davam etdirilən islahatlara gələcəkdə real və dəqiq qiymət verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin Forumda digər dövlət və hökumət başçıları, şirkət və korporasiya rəhbərləri ilə ənənəyə çevrilmiş görüşlərində də böyük maraq doğuran məsələlər müzakirə edildi. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, əksər biznes təşkilatlarının rəhbərləri İlham Əliyevlə görüşmək üçün məhz Davos Forumun özləri üçün yaxşı fürsət hesab edirlər. Onlar ölkəmizin investisiya imkanlarını bir daha araşdıraraq əməkdaşlığı daha üst səviyyəyə keçirmək istəklərini ifadə etməklə Azərbaycana hansı səviyyədə önəm verdiklərini göstərdilər. Məsələn, dünyanın 165-dən çox ölkəsində fəaliyyət göstərən “CİSCO” şirkətinin Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da artırmaq marağı etiraf olundu. Ölkəmizin dövlət və özəl sektorunda təmsil olunan bu şirkətin rəhbərinin Azərbaycan Prezidentinin apardığı iqtisadi islahatlar, həyata keçirdiyi iqtisadi yönümlü tədbirlərin bilavasitə “CİSCO” şirkəti tərəfindən dəstəklənəcəyini və aparılan bu islahatlarda “CİSCO” şirkətinin iştirak etmək istəyi bildirildi.
Eyni zamanda, dünyanın lider texnologiya şirkəti olan “Microsoft” un rəhbəri də görüşdə dövlətimizin başçısının liderliyi ilə Azərbaycanda əldə edilən iqtisadi uğurların, aparılan iqtisadi proseslərin iştirakçısı olduqlarını, həmçinin bu iştirakçılığı daha da genişləndirmək istəklərini, Azərbaycanın gələcəyinə inamı ifadə etdi. Eyni zamanda, bildirdi ki, bütün təhlillər Azərbaycanın regiondakı mövcud liderliyini daha da genişləndirəcəyini, ölkənin daha da irəli gedəcəyini göstərir. Eləcə də, Prezident İlham Əliyevin “Royal Philips”, “SUEZ GROUP”, “Lazard Freres”, “Royal Philips”, dünyanın nəhəng neft şirkətləri, o cümlədən “Lukoil” və digər neft şirkətləri ilə görüşləri Azərbaycanın siyasi liderinə, dövlətimizə olan siyasi, iqtisadi marağın yüksək təsdiqi oldu.
Digər şirkət rəhbərləri ilə keçirilən görüşlərdə də onların Azərbaycana investisiya yatırımları imkanlarını araşdırmaq üçün ölkəmizə səfər etməkdə maraqlı olduğu nəzərə çarpdı. Dövlətimizin başçısı Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın “Bir kəmər-bir yol” layihəsində iştirakına, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxundu.
Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq biznes ictimaiyyətinin diqqətini bir daha ölkəmizin mürəkkəb qlobal proseslərə baxmayaraq inamlı iqtisadi uğurlarını davam etdirdiyinə yönəldərək onların hazırda başlanmış yeni iqtisadi imkanlardan faydalanmağa dəvət etdi. Dövlətimizin başçısının ölkəmiz haqqında real iqtisadi mənzərəni onların gözü qarçısında canlandırması olduqca mühüm əhəmiyyət kəsb etdi. Ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi öz müsbət səmərəsini göstərməkdədir. Davos Forumunda bir məqam xüsusilə diqqətçəkici oldu. Azərbaycan Prezidenti hazırda ölkəmizdə islahatların hədəflərinə toxunarkən innovativ texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli qeyri-neft ixracı və rəqəmsal iqtisadiyyat, dördüncü sənaye inqilabının tələblərinə əsaslanan sənaye cəmiyyətinin quruculuğu yolunda qətiyyətli addımların atılmasına toxundu. Dünya ölkələrinin biznes icması tətəfindən xüsusi maraqla qarşılanan bu bəyanat qlobal transkontinental şirkətlərinin maraqları ilə üst-üstə düşdüyü üçün onlar bu siyasətin yürüdülməsində ölkəmizlə daha sıx əlaqələr qurmaq niyyətlərini gizlətmədilər.
Davos İqtisadi Forumunda dünyanın ən nüfuzlu şirkət və korporasiyalarının, holdinqlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müzakirələrdə beynəlxalq enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev Azərbaycanın bütün ölkələr üçün qlobal layihələrdə iştiraka açıq olduğunu və respublikamızın bu istiqamətdə atdığı addımların beynəlxalq əməkdaşlığa geniş imkanlar açdığını bəyan etdi.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan qlobal əhəmiyyət daşıyan layihələrə imza atmaqdadır, xüsusilə də bütün Avropa ölkələrini əhatə edən “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihəyə start verib və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələri üçün hərtərəfli imkanlar yaradılıb. Bu, onu göstərir ki, Azərbaycan dünya dövlətləri üçün vacib və əhəmiyyətli ölkədir. Qlobal enerji məsələləri ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın mövqeyi başlıca xüsusi əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycan region üçün strateji əhəmiyyətə malik Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) layihələrini reallaşdırır. Avropa layihəsi adlanan TAP birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcək. Layihə Avropanın birgə uğuru və İttifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir. Bu qərar Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid olacaq və zamanla genişlənəcək Cənub Qaz Dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcək. Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq enerji və nəqliyyat qovşaqlarının yaradılmasında fəal iştirakı, birgə geniş əməkdaşlıq platformasının yaradılması sahəsində oynadığı mühüm rola diqqət çəkməklə yanaşı, digər regiona dövlətlərinin də açıq əməkdaşlıq mühitindən faydalanmasının vacibliyinə də toxundu. Bu məsələdə geosiyasi amillərin daha çox rol oyanadığını xatırlatdı: “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada bəyan etdiyi kimi ölkələri birləşdirən istənilən nəqliyyat layihəsinin geosiyasi əsası var. “Bu layihələr geosiyasi vəziyyətə, sabitliyə, proqnozlaşdırmaya müsbət təsir göstərir. Çünki bu layihələr qarşılıqlı asılılıq yaradır. Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq”.
Cənab Prezident qonşu dövlətlərlə milli maraqlarımıza uyğun münasibətlərin qurulması, regionda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi sayəsində ölkəmizin sülhpərvər siyasət yürütməsinə diqqət çəkdi: “Biz o qədər də sabit olmayan bir regionda yaşayırıq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münaqişə mənbələrini, yeni risk mənbələrini görürük. Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”.
Dövlət başçısının Dünya İqtisadi Forumu çərçivəsində sessiya və panellərdə keçirdiyi digər görüşlərdə, müzakirələrdə fəal iştirakı zamanı ölkəmizin regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınması xüsusi vurğulandı. Respublikamızın vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməsi diqqətə çatdırıldı. Bildirildi ki, son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olub, respublikamızın regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli yüksəlib, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri güclənib, əhalinin sosial rifahı nəzərəçarpacaq səviyyədə yaxşılaşıb. Dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir, iqtisadiyyatın şaxələındirilməsi ilə bağlı düşünülmüş siyasət nəticəsində artıq ölkəmiz neftdən asılı olmadığını təsdiq etməkdədir. Hazırda ölkə iqtisadiyyatının inkişafını təmin edən əsas mənbələr qeyri-neft sektorunda cəmləşib. Həmçinin, bir neçə il əvvəl uzaqgörən siyasətin nəticəsi kimi neft gəlirlərinin insan kapitalına çevrilməsi siyasəti öz uğurlarını göstərməkdədir. Respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsinin əsaslı şəkildə inkişafı üçün müvafiq işlər həyata keçirilir. Azərbaycanın dövlət başçısının Forumda qlobal problemlərin həllində dünya birliyini fəal olmağa dəvət etməsi, xüsusilə də, müxtəlif regionlarda iqtisadi çətinliklərin aradan qaldırılmasında təşəbbüskarlığın artırılmasına çağırışı mühüm əhəmiyyət kəsb etdi. Hazırda qloballaşmanın dərinləşməsi bir sıra dövlətlərin iqtisadi təhlükəsizliyinin təmin olunması və dayanıqlı inkişafın təminatına mane olur, dünyanın aparıcı inkişaf etmiş ölkələri və nüfuzlu maliyə təşkilatları bu məsələdə sakit və seyriçi mövqedə qalmamalıdır.
Azərbaycan Prezidentinin vurğuladığı kimi qloballaşma inkişaf etməkdə olan ölkələrə müyyən edilmiş hədəflərə çatmağın bəzən qarşısını alır, daha çox inkişaf etmiş ölkələrin mənafeyinə xidmət edir, bu isə yolverilməzdir: “Maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olur. Maliyyə ehtiyatları olmayanların daha çox təxirəsalınmaz problemləri var. Məsələn, işsizlik, gəlir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq və bu ölkələr üçün infrastruktur layihələri prioritet deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdırlar. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində iş yerlərinin açılmasına imkanlar yaradacaq ölkələrə infrastruktur sahəsinə investisiya yatırmağa kömək etməlidirlər”.
Azərbaycan Prezidentinin bu fikirləri müasir dünyanın iqtisadi problemlərinin həllində konseptual əhəmiyyət daşıyan çağırış kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev Davosda keçirilən görüşlər zamanı etdiyi çıxışlarda, verdiyi müsahibələrdə təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni zamanda, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı da iştirakçıları ətraflı şəkildə məlumatlandırıldı. Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, Forumda iştirak edən beynəlxalq ictimaiyyət, mötəbər maliyyə qurumları, dünyanın məşhur şirkət rəhbərləri və KİV təmsilçiləri tərəfindən Azərbaycanda uğurla həyata keçirilən islahatlar çox yüksək səviyyədə qiymətləndirildi. Bu, bir daha Azərbaycanın güclü siyasi və iqtisadi nüfuzunu təsdiqlədi.
Davos Forumu, Azərbaycan üçün digər mühüm xüsusi əhəmiyyəti, bu təşkilatın hər il açıqlanan hesabatıdır. Bu təşkilatın rəhbərliyi ilə hazırlanan hesabat iqtisadi və siaysi islahatlara verilən qiymət baxımından mühüm əhəmiyyət kəsb edir. Davos Dünya İqtisadi Forumunun elan etdiyi “Qlobal rəqabətlilik hesabatı”nı qeyd etmək olar. Bu hesabata görə,Azərbaycan, rəqabətqabiliyyətlilik üzrə dünyada 35-ci yerdədir. Azərbaycan MDB ölkələri üzrə birincidir, bir çox Avropa ölkələrindən isə öndədir. Rəqabətlilik hər şey deməkdir. “Qlobal rəqabətlilik hesabatı”nda 35-ci yer ölkədə aparılan həm siyasi, iqtisadi, sosial siyasətin vəhdətini, həm də ölkədə siyasi sabitliyin mövcudluğunu göstərən əsas amillərdən biridir. Ölkəmiz ötən il “Qlobal rəqabətlilik hesabatı”nda böhran illəri sayılan, neftin qiymətinin aşağı olduğu bu illərdə belə 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşıbdır. Respublikamız Davos Dünya İqtisadi Forumunun daha bir hesabatında – “İnklüziv inkişaf indeksi”ndə 2018-ci ildə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında 1-ci yerdədir. “İnklüziv inkişaf indeksi” çox önəmli bir indeksdir. İnklüzivlik, yəni bərabərlik hesabatı Azərbaycan üçün bir neçə istiqamətdən inkişafın təmin edilməsinin mühüm göstəricisi sayıla bilər. Hesabatın bir neçə indikatoruna əsasən, ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri adambaşına düşən ÜDM üzrə, habelə əhalinin məşğulluğu, əmək məhsuldarlığı və tibbi nöqteyi cəhətdən sağlam insanların gözləntiləri üzrə Azərbaycan yüksək qiymətləndirilib. Dünya İqtisadi Forumu iqtisadi inkişafın ənənəvi modellərinə xüsusi diqqət yetirərək səhiyyə sahəsində bərabərliyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə və ərzaq təhlükəsizliyini qiymətləndirir. Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar kursu həmin meyarlara tam uyğundur.
Azərbaycanın hesabatda mühüm irəliləyici yer tutması Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, inklüziv iqtisadi islahatlara verilən beynəlxalq qiymət hesab oluna bilər.
Qəzənfər ABBASOV,
İqtisad elmləri doktoru, professor Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Maliyyə və uçot jurnalı”nın baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB