Yanvarın 8-dən başlayaraq Talış dağlarına yağan güclü qar Lerik və Yardımlı rayonlarında fəsadlarla müşayiət olunub. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, rayon ərazisinə güclü qar düşüb. Qarın qalınlığı şəhərdə 50-55 santimetr, ucqar yaşayış məntəqələrində isə 70-76 santimetr təşkil edir. Nəticədə 50-dən çox elektrik və 45-dək telefon dirəyi aşıb, naqillər qırılıb.
Bu səbəbdən rayonun 80 kəndində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Həmçinin 30-dan çox yaşayış məntəqəsi ilə telefon rabitəsi kəsilib. Həyata keçirilən tədbirlər sayəsində bu gün günorta saatlarına kimi 50 kənddə elektrik enerjisinin verilişi bərpa olunub. Telefon rabitəsindəki problemlər də qismən aradan qaldırılıb. Lerik-Lənkəran şosse yolu qardan təmizlənib, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Yardımlı rayonunda da güclü qar bir sıra fəsadlara səbəb olub. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, rayon mərkəzinə 15-20, ucqar ərazilərə isə 55-60 santimetr yağıntı düşüb.
Nəticədə 50-dən çox elektrik dirəyinin aşması nəticəsində Yardımlı şəhəri istisna olmaqla, rayonun bütün yaşayış məntəqələri işıqsız qalıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində intensiv tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB