RİTN rəsmisi: “Hazırda elektron hökumət haqqında qanun layihəsi üzərində iş gedir”- AÇIQLAMA

RİTN rəsmisi: “Hazırda elektron hökumət haqqında qanun layihəsi üzərində iş gedir”- AÇIQLAMA
Ölkəmizdə "Elektron hökumət"in formalaşdırılması dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, vətəndaşlarla əlaqələrin inkişaf etdirilməsi, daha münasib və sadə formalarda həyata keçirilməsinə, onların dövlət orqanları ilə ünsiyyətinin asanlaşdırılmasına, etimadın yüksəlməsinə şərait yaradacaq. Bu sözləri SİA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Rauf Rzayev açıqlamasında deyib. O bildirib ki, dövlət orqanlarının hazırda keçirdiyi fəaliyyətin elektron xidmətlər şəklində reallaşdırılması məhz buna xidmət edəcək.

Hazırda dövlət idarəçiliyində İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) geniş tətbiqi, e-imza və e-sənədin istifadəsini təmin edən infrastrukturun yaradılması üzrə işlər görüldüyünü deyən qurum rəsmisi söyləyib ki, bir sıra dövlət xidmətləri elektron üsullarla həyata keçirilir: "Vergi bəyannamələri və hesab-fakturaların elektron şəkildə təqdim olunması, tələbə qəbulu üzrə ərizələrin internet vasitəsilə doldurulması, milli ödəniş sisteminin, vətəndaşlar üçün e-sağlamlıq kartlarının, gömrük prosedurlarında elektron xidmətlərin tətbiqi və digərləri bunlara əyani misaldır. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək üçün vahid multiservis şəbəkə qurulub, vergilər, səhiyyə, ədliyyə, gömrük, təhsil, sosial müdafiə sahələrində vətəndaşların hökumət orqanları ilə əlaqələrinin sadələşdirilməsinə xidmət edən informasiya sistemləri qurulub, bir çox digər orqanlarda isə qurulmaqdadır".

Ölkədə "e-hökumət"in fəaliyyəti üçün vacib sayılan dövlət reyestrlərinin yaradıldığını dilə gətirən R. Rzayevin sözlərinə görə, əhalinin reyestri, daşınmaz və daşınan əmlakın reyestrləri, normativ aktların reyestri, ünvan reyestri, inzibati-ərazi bölgü reyestri, hüquqi şəxslərin reyestri və digər mühüm reyestrlərin formalaşdırılması dövlət orqanlarında göstərilən e-xidmətlərin sayını daha da artıracaq.

"E-hökumət mühitində mühüm əhəmiyyət kəsb edən informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə əməli tədbirlər görülür, standartlar işlənilir, milli informasiya sistemlərində tətbiq olunacaq təsnifatlar hazırlanır. "E-hökumət"in formalaşdırılması üzrə işlərə təkan vermək məqsədilə "Elektron hökumət" haqqında qanun layihəsi işlənməkdədir. Bu qanun layihəsində dövlət orqanı-vətəndaş-biznes əlaqələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və istifadəsi zamanı yaranan münasibətlərin hüquqi-təşkilati baxımdan tənzimlənməsi, tərəflərin hüquq və vəzifələrinin dəqiqləşdirilməsi və sair məsələlər nəzərdə tutulacaq",- deyə o qeyd edib.

Açıqlaması zamanı son illərdə müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən "elektron hökumət" layihələrinə də toxunan nazirlik əməkdaşı bu sahədə müəyyən nailiyyətlərin əldə olunduğunu dilə gətirib. O vurğulayıb ki, hazırkı mərhələdə isə başlıca vəzifə bu layihələrin inteqrasiyasını, sistemli fəaliyyətini təmin etmək üçün lazımi işlərin görülməsidir: "Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə Elektron hökumətin formalaşdırılması üzrə Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər məhz bu istiqamətdə görülməli işlərin əsasını qoyur. Aydındır ki, "Elektron hökumət" formalaşdırılması təkamül prosesi olduğu üçün növbəti dövrlərdə də bu işlərin davam etdirilməsi, genişləndirilməsi, təkmilləşdirilməsi nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşdırılması üzrə fəaliyyətin əsası ümummilli lider Heydər Əliyevin 2003-cü il fevral ayının 17-də imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" təsdiqi ilə qoyulub. Bu strategiyanın ilkin mərhələsindən irəli gələn vəzifələrin reallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində 2005-2008-ci illərdə İKT-nin inkişaf etdirilməsi ilə informasiya cəmiyyətinə keçidin təmin olunması istiqamətində mühüm tədbirlər nəzərdə tutulub.

Görülən işlərin davam etdirilməsi və genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya cəmiyyətinə keçidin 2010-2012-ci illəri əhatə edən növbəti mərhələsinin tədbirlərini özündə cəmləşdirən yeni "Elektron Azərbaycan" Dövlət Proqramını təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə