Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır ŞƏRHLƏR

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır ŞƏRHLƏR

Millət vəkilləri, ictimai-siyasi xadimlər Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı Fərman və Sərəncamları şərh edirlər

Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən, birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsinin daha da genişləndirilməsi, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında verdiyi Sərəncamı ölkəmizin ictimai-siyasi xadimləri və millət vəkilləri tərəfindən də böyük sevinc və fərəh hissi ilə qarşılanıb. Bununla bağlı SİA-ya verilən açıqlamalarda bildirilir ki, ölkə başçısı cənab İlham Əliyevin qəbul etdiyi qərarlar bütövlükdə, uğurlu sosial siyasətin məntiqi nəticəsidir və bu siyasət gələcəkdə də davam etdiriləcək.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı: “Cənab Prezidentin şəxsən özü şəhid valideynlərinə, həmçinin varislərinə yaxınlaşaraq, onlara öz dərin ehtiramını bildirdi, fərdi söhbətlərini apardı, eləcə də digər qayğıları ilə maraqlandı”

“Cənab İlham Əliyevin Fərmanına əsasən, bütün şəhid ailələrinə, ümumiyyətlə, Azərbaycanımızın bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın hər birinin ailələrinə, onların vərəsələrinə veriləcək birdəfəlik yardım həqiqətən də bizlərin hər birimizə böyük qürur, fərəh və iftixar hissləri bəxş etdi. Artıq birdəfəlik müavinətlər şəhid ailələrinin bütün kateqoriyalarına aid edilir, yəni torpaqlarımız uğrunda şəhid olan polislərimizin də ailələri bu müavinətlərdən yararlanacaqlar”. Bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı qeyd edilən məsələyə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin və ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyevanın şəhid ailələri ilə keçirdikləri həmin görüşdə şəhid ana və atalarına, onların övladlarına göstərdikləri doğmalıq və qayğı faktoru növbəti dəfə sübut etdi ki, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir və O, illər öncə verdiyi vədini öz əməli işləri ilə sübuta yetirir: “Xüsusilə qeyd etmək istərdim ki, bu görüşdə bir çox diqqətçəkici məqamlar oldu. Cənab Prezidentin şəxsən özü şəhid valideynlərinə, həmçinin varislərinə yaxınlaşaraq, onlara öz dərin ehtiramını bildirdi, fərdi söhbətlərini apardı, eləcə də digər qayğıları ilə maraqlandı. Bu addım həm də onu isbat edir ki, İlham Əliyev cənabları öz əsrarəngiz sadəliyi ilə seçilən dövlət başçısıdır. Deyərdim ki, heç bir baqşa ölkələrdə bu kimi addımlar atılmır və İlham Əliyev cənablarının belə bir münasibəti əslində digər ölkə rəhbərlərinə bir nümunə etalonu sayıla bilər”.

“Biz, hədsiz iftixar hissi ilə qeyd edirik ki, Azərbaycan xalqının belə Prezidenti var”, deyə vurğulayan millət vəkili onu da qeyd edib ki, görüş əsnasında şəhid ailələri üzvlərinin istər Prezident İlham Əliyevlə, istərsə də ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva ilə fotoşəkillər çəkdirmələri, həmin görüşdən ayrılmaq istəməmələri, onlara olan tükənməz minnətdarlıq və səmimi sevgi hisslərindən qaynaqlanır: “Bəli, bu həm də Azərbaycan xalqının istər Cənab Prezidentə, istərsə də Onun xanımına olan sevgisinin bariz göstəricisidir. Çünki görünən budur ki, şəhid ata-analarının bu qayğıya ehtiyacları var və onlar bu qayğını məhz Cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan gördülər. Bu həssas məqamlar əlbəttə ki, mənim də, digər insanlarımızın da qəlbimizi qürurlandırdı”.

“Düşünürəm ki, bu fərman həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm, ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə yönələn ən humanist addımlardan biri kimi qiymətləndirilməlidir”, deyə vurğulayan Aqiyə Naxçıvanlı Fərmanla yanaşı, Prezident İlham Əliyevin şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında verdiyi Sərəncamı, eləcə də həmin Sərəncama əsasən, əlavə 35 milyon manatın ayrılmasına da münasibətini bildirərək deyib ki, ölkə başçımızın öz çıxışlarında sosial siyasəti prioritet istiqamət olaraq vurğulaması, Fərman və Sərəncamlar imzalaması bu siyasətin davamı olaraq dəyərləndirir və hər bir azərbaycanlı tərəfindən birmənalı olaraq dəstəklənir. “Qoy, Azərbaycanı istəməyənlər, şəxsi mənfəətlərini güdərək, dövlətçilik maraqlarımıza qarşı çıxanlar anlasınlar ki, onların dövlətimizin mövqeyinə kölgə salmaq cəhdləri hər zaman olduğu kimi, bu dəfə də puça uğradı. Çünki Azərbaycanda xalq-dövlət vəhdəti mövcuddur və bu vəhdət məhz Prezident İlham Əliyev cənablarının yürütdüyü məqsədyönlü, uğurlu sosial, siyasi, iqtisadi siyasətinin bariz isbatıdır”.

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva: “Şəhid ailələri ilə görüş və imzalanmış Fərman böyük diqqət və qayğının növbəti təcəssümüdür”

“Azərbaycan Prezidentinin şəhid ailələri görüşməsi, onları dinləməsi, eləcə də daha 3 minə qədər şəhid ailəsinin birdəfəlik müavinətlə təmin olunması haqqında Fərman imzalaması cənab İlham Əliyevin və dövlətin bu məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirir”. Bu fikirləri isə, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni Fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır: “Cənab Prezidentin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan Fərman və görüş ictimaiyyətimiz tərəfindən də çox yüksək dəyərləndirilir”.

Deputat diqqətə çatdırıb ki, Prezident Sarayında şəhid ailələri ilə keçirilən görüş anti-Azərbaycan dairələrinə də böyük siyasi mesaj oldu: “Ötən ilin aprel ayından cənab Prezident İlham Əliyevin imzaladığı Fərmanın əhəmiyyətinə kölgə salmağa çalışan anti-Azərbaycan qüvvələri şəhid ailələrinin məlumatsızlığından və həssaslığından istifadə edərək siyasi dividentlər qazanmağa, ölkəmizin imicinə ləkə gətirməyə çalışırdılar. Bu prosesdə erməni lobbisi ilə yanaşı radikal müxalifət və Avropadakı “sapı özümüzdən olan baltalar” xüsusi canfəşanlıq edirdilər. Lakin hər zaman olduğu kimi bu dəfə də xalqımız, xüsusilə də şəhid ailələri təxribatlara uymadı, dövlətinin və cənab Prezident İlham Əliyevin yanında olduğunu nümayiş etdirdi. Elə Prezident Sarayında çıxış edən şəhid ailələri birmənalı şəkildə dağıdıcı ünsürlərin çağırışlarına “yox” dedilər və daim Prezident İlham Əliyevlə birgə olduqlarını isbatladılar”.

Millət vəkili Rauf Əliyev: “Şəhid ailələri daim Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub”

“Şəhid ailələri daim Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub və bu davamlı xarakter alıb” Sözügedən fikirləri Milli Məclisinin deputatı Rauf Əliyev bildirib. Onun sözlərinə görə, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir: "1 yanvar 2019-cu il tarixinə 12 779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhidi ailəsi, 11 994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49 692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur".

Millət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox - 626 mənzil təqdim olunub: "İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, eləcə də Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Bununla da bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb".

O bildirib ki, 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman da buna bariz nümunədir: "Şəhid hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərman həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm, ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə yönələn ən humanist addımlardan biri kimi qəbul edilməlidir. Bu fərmanla 9531 şəhid hərbi qulluqçunun vərəsəsinə nəzərdə tutulan birdəfəlik ödəmələr veriləcək. Artıq 3,1 min nəfərin 4,2 min vərəsəsi birdəfəlik ödəməni alıb və bu proses 2019-cu ildə yekunlaşacaq. Dövlətimizin başçısı yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşü zamanı aprel döyüşlərinin bütün dünyaya Azərbaycanın güclü ordusu olduğunu və xalqımızın heç vaxt işğalla barışmayacağını göstərdiyini bildirdi. Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi".

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: “Cənab İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı yüksək səviyyədə icra ediləcəkdir”

“Prezident cənab İlham Əliyevin yeni Fərmanı birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsini daha da genişləndirdi və Onun şəhid ailələri ilə görüşdə irəli sürdüyü fikirləri, bu ailələrin qayğıları ilə ayrı-ayrılıqda maraqlanması bütövlükdə Azərbaycan xalqına göstərilən diqqətin məntiqi göstəricisidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib. Onun sözlərinə görə, ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir: “Bu baxımdan, həmçinin qeydə edə bilərik ki, Cənab Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib Onun mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı yüksək səviyyədə icra ediləcəkdir”.

Hikmət Şikarova görə, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır: “Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirilir və bu tədbirlər qarşıdakı dövrdə də ildən-ilə güclənəcəkdir”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə