Erməni vəkillər etiraz aksiyasına hazırlaşır Vergi problemi

Erməni vəkillər etiraz aksiyasına hazırlaşır Vergi problemi

“Artıq bir neçə gündür ki, Ermənistan respublikasının vergi kodeksinə əlavə dəyişikliklər tətbiq olunmaqdadır”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “panorama.am” saytı yazır.

Qeyd olunur ki, yeni kodekslə bağlı Ermənistanın vəkillər palatasının sədri Ara Zoqrabyan məlumat verib və onun dediyinə görə, artıq icra edilən layihədə vəkillərə, məsləhətçilərə və mühasiblərə bir sıra məhdudiyyətlər qoyulub.

Məsələ ilə bağlı Ermənistanın vəkillər palatasının üzvü Qrant Ananyan bildirib ki, ƏDV-nin də daxil olduğu xidmət haqqı nə vəkillərə, nə də əhaliyə sərf etmir. “Bizim iqtisadiyyat elə bir mərhələdə deyil ki, təklif olunan qanunvericilik dəyişiklikləri mövcud dövlət quruculuğu proseslərində tətbiq olunsun”, deyən erməni vəkili əlavə edib ki, bütün bunlar vəkillərin xidmət haqlarına da təsirsiz ötüşməyəcək: “Başqa sözlə desək, vəkillər deyəcəklər: bax bu, xidmət haqqıdır, bu isə ƏDV, Ermənistan vətəndaşları, bunlara görə ödəniş etməlisiniz. Xidmət haqları bahalaşacaq bir çox vəkillər işləyə bilməyəcək...Vətəndaşlar ödəniş edə bilməyəcəklər və ictimai müdafiəçilərə müraciət edəcəklər. Nəticədə vergi və onun dövriyyəsində defisitlər yaşanacaq, hansı ki, onu çox az insan ödəyəcək”.

Ananyan hesab edir ki, vəkillərə qədər iqtisadiyyatda digər tənzimləmələr edilə bilərdi. “İqtisadiyyatın sağlamlaşdırılması üçün maneəsiz hüquqi prosesləri həyata keçirmək vacibdir, bununla yanaşı, vəkil xidməti həm də hüquqların müdafiəsi deməkdir”, deyən erməni vəkil dövlətin bu məsələdə iki probleminin yarandığını da bildirib: “Hüquqların müdafiəsi tərəfindən baxanda, vergi yeniliyi insanların hüquqlarının müdafiəsinə ciddi mane olur, o cümlədən, vergi ödəyiciləri olan vəkillərin işlərini axsadır. Biz də istəyirik ki, iqtisadiyyat inkişaf etsin, lakin bu inkişaf üçün şərait də yaradılmalıdır”

O, həmçinin qeyd edib ki, əlavə dəyişikliklər barədə hər hansı ictimai müzakirələr də olmayıb. Belə ki, onlar bunu mətbuatdan öyrəniblər. “Yanvarın 29-da vəkillər palatasının iclası çağırılacaq, məsələ ilə bağlı müzakirələr aparılacaq, eləcə də gələcək taktikalar – etiraz aksiyalarına qədər məsələlər barədə danışılacaq”.

Digər erməni vəkili Tiqran Atanesyan isə öz növbəsində məsələ ilə bağlı bildirib ki, bu addım əsassız və məntiqdən kənardır: “Bu, bir sıra vəkillərin bazardan çıxması ilə nəticələnəcək. Mənim fikrimcə, əlavə və dəyişikliklərin təşəbbüskarları arasında nəhəng vəkil kontorlarının təmsilçiləri var ki, həmin qanun qüvvəyə minməmiş də ƏDV ilə işləyiblər”.

Onun sözlərinə görə, vəkillərin xərcləri artacaq və onlar əlavə olaraq, mühasib tutmalı olacaqlar, nəticədə mühasiblərə də əlavə xərclər ödəniləcək ki, hər vəkil bunu etmək gücündə deyil. “Xüsusilə, yeni işə başlayan vəkillər üçün ciddi çətinliklər yaşanacaq”, Atanesyan deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə